Təhsil müəssisələrinin istedadlı gəncləri üçün proqramlaşdırma üzrə onlayn olimpiadaların təşkilati-metodik təminatı portalı - informatika.edu.az istifadəyə verilib.
Portal Təhsil Nazirliyinin dəstəyi ilə "Bakı" nəşriyyatı tərəfindən hazırlanıb.
Layihənin rəhbəri Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə, texniki rəhbəri Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Sadıqov, meneceri "Bakı" nəşriyyatının direktoru Zaur İsayev və proqramçısı R.Qədirovdur.
Beynəlxalq informatika olimpiadalarının keçirilmə və qiymətləndirmə qaydalarına cavab verən sayt proqramlaşdırma üzrə olimpiadalar üçün məsələlərdən və özəl yoxlayıcı moduldan (sistemdən) ibarətdir. Burada proqramlaşdırma bacarıqlarını təkmilləşdirmək üçün şagirdlər müxtəlif səviyyəli məsələlər həll edə bilərlər. Onlayn yoxlama qaydaları ilə "Yardım" bölümündə, məsələlərin şərtləri ilə "Məsələlər" bölümündə tanış olmaq mümkündür. Məsələlərin onlayn müzakirələri istifadəçilərin onların həllində qarşılaşdıqları çətinlikləri aradan qaldırmağa yardım edəcək.
Şagird həll etdiyi məsələlərin sayı və onların mürəkkəblik dərəcələrinə görə fərdi reytinq cədvəlində öz yerini görə bilər. Portalda proqramlaşdırma üzrə qapalı və açıq yarışlarda iştirak etmək imkanı var.
Onu da qeyd edək ki, cari tədris ilində Respublika İnformatika Olimpiadasının bu portal əsasında keçirilməsi planlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.