XƏBƏRLƏR

11653

Rusiya Elmlər Akademiyası ilə birgə layihələr həyata keçirilir

03 Sentyabr 2015 - 17:46 | Görüşlər

AMEA İnformasiya Texnologiyaları İnstitutu (İTİ) tərəfindən xarici ölkələrin elmi-tədqiqat institutları ilə elmi-texniki sahədə əməkdaşlıq əlaqələrinin intensiv inkişafı istiqamətində məqsədyönlü işlər aparılır. 

Bu məqsədlə AMEA İTİ-də Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzinin rəhbəri, Moskva Fizika-Texniki İnstitutunun “Paylanmış hesablamalar” kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Aleksandr Afanasyev ilə görüş keçirildi.

Görüşdə AMEA-nın akademik-katibi, AMEA İTİ-nin direktoru, akademik Rasim Əliquliyev fundamental tədqiqatlar sahəsində əlaqələrin inkişafı və möhkəmləndirilməsi məsələlərinin zəruriliyini qeyd etdi. İnformasiya texnologiyaları və informasiya cəmiyyəti problemlərinin həlli, müxtəlif elmi-nəzəri əsasların dərindən öyrənilməsi, əldə edilən biliklərin, yeni ideya və həllərin cəmiyyətə inteqrasiyası, kreativ, peşəkar və mobil kadrların yetişdirilməsi, yüksək nəticələrin əldə edilməsi məqsədlərinə xidmət edən birgə elmi-tədqiqatların aparılmasının institutun fəaliyyətində başlıca hədəflərdən olduğunu vurğuladı.

Professor A.Afanasyev müxtəlif istiqamətlər üzrə aparılan elmi tədqiqatlar, İT sahəsi üzrə yüksək ixtisaslı kadr hazırlığı, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində institutun fəaliyyətini yüksək qiymətləndirdi. Böyük elmi potensiala malik olan institutda qabaqcıl texnologiyaların geniş tətbiqi ilə müvafiq şəraitin yaradılmasını birgə elmi tədqiqatların aparılması, səmərəli nəticələrin əldə edilməsi baxımından mühüm amil kimi dəyərləndirdi. O, həmçinin AzScienceNet şəbəkəsini beynəlxalq İDGF – İnternational Desktop Grid Federation şəbəkəsinə qoşularaq onun imkanlarından istifadə etməyə və layihələrində iştiraka dəvət etdi. Bildirdi ki, bu federasiya böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həlli məqsədilə təcrübə mübadiləsi aparmaq arzusunda olan institut və təşkilatları bir araya gətirir.

Görüşdə elmi-texniki sahədə birgə tədqiqatlarda iştirak, layihə və konfransların təşkili, bilik və təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olundu. Həmçinin cloud və grid texnologiyaları sahəsində əməkdaşlıq, elmi tədqiqatlar üzrə birgə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, layihələrin hazırlanması və reallaşdırılması məqsədilə elmi-texniki əməkdaşlıq haqqında müqavilələrin imzalanmasının vacibliyi qeyd olundu, universal imkanlara malik AzScienceNet elm-kompüter şəbəkəsi (EKŞ) əsasında müxtəlif riyazi məsələlərin həlli üçün paylanmış hesabalama mühitlərinin sintezi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Eyni zamanda AzScienceNet şəbəkəsinə qoşulmuş fərdi kompüterlərdən istifadə etməklə grid sistemlərin köməyi ilə paylanmış hesablama sistemlərinin hesablama gücünün artırılması istiqamətində birgə elmi-tədqiqat işlərinin aparılması üçün layihələrdə iştirakın zəruriliyi vurğulandı.

Sonda qonaq institutun AzScienceNet EKŞ, Tədris-İnnovasiya və Distant Tədris mərkəzləri, “İnformasiya texnologiyaları” nəşriyyatı, həmçinin Elektron Kitabxana Mərkəzi və Elmi Araşdırmalar Mərkəzində görülən işlər, həyata keçirilən layihələr, o cümlədən müasir texnologiyalarla təchiz olunmuş auditoriyalar ilə yaxından tanış oldu. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.