Hələ 10 il bundan qabaq uşaqların sentyabrın 1-nə hazırlığı dedikdə, yeni məktəbli forması, çanta, dəftər, gündəlik, dərsliklər nəzərdə tutulurdu. Müasir dövrdə isə övladını birinci sinfə yola salan hər bir valideyn azyaşlı məktəblini ən azı mobil telefon, planşetlə də təmin etməyə çalışır. Bu baxımdan valideynlər üçün faydalı, uşaqlar üçün isə maraqlı ola biləcək texniki qurğuları nəzərdən keçirək.
“Ağıllı” telefonlar uşaqlar üçün əvəzedilməz vasitədir
Həqiqətən də müasir dövrün uşaqları sensor ekranları böyüklərdən daha yaxşı idarə edirlər. 4-5 yaşında olan balacalar oyunlara daxil olur və qələbə qazanmaq üçün mövcud qaydalardan özləri baş çıxarırlar. Oxumaq bilməyən uşaqlar YouTube portalını açır və sevimli cizgi filmlərini skrinşotlara (monitorun ekranında görünən təsvir) görə axtarırlar. Cizgi filmindən usananda isə onlar media pleyeri işə salır və sevimli musiqini alboma və ya ifaçıların posterlərinə görə seçirlər.
Göründüyü kimi, artıq birinci sinfə qədər uşaq sensor ekranlı qurğularla iş prinsipini mənimsəyir.
Smartfonda məktəb testlərindən keçmək, elektron gündəliyi yoxlamaq olar. “Ağıllı” telefon ev tapşırıqlarını həll etmək üçün lazımi məlumatların axtarışında kömək edir. Daha bir üstünlük smartfonlarda quraşdırılmış GPS-moduldur ki, qurğunun, o cümlədən onun balaca sahibinin harada yerləşdiyini xəritədə müəyyən etməyə imkan verir.
GPS-trekerli qol saatları
GPS-trekerli (coğrafi mövqenin distant izlənilməsi üçün qurğu) qol saatları uşağınızın harada olduğunu nəzarətdə saxlamaq üçün əla vasitədir.
Məsələn, “Fixitime Smart Watch” vaxtı göstərir və öz coğrafi mövqeyi haqda məlumatı ötürür. Bu modellərin daha bir üstünlüyü də onların sim-kartı dəstəkləməsidir ki, bu da ondan telefon kimi istifadə etməyə imkan verir.
Sağlamlığın qayğısına qalaq
Azyaşlıların smartfondan məharətlə istifadə edə bilməsinə baxmayaraq, mobil qurğuya ifrat dərəcədə aludə olmaq valideynlərin haqlı narahatlığına səbəb olur. Bu cür aludəçilik gözlərin həddindən artıq yüklənməsinə və uşağın yetərli qədər hərəkətdə olmamasına gətirib çıxarır. Burada onlara uşağın gün ərzində yetərli qədər fəal olub-olmadığını göstərən fitnes-treker kömək edə bilər. Əgər uşaq idmanla məşğul olmursa, ona “Xiaomi Mi Band” sadə modeli kifayət edər. Bu model yuxu dövrünü və addımların hesablanmasını izləyən lazımi funksiyalara malikdir.
Göründüyü kimi, “ağıllı” smartfon, qol saatları, planşet və s. texniki qurğular müasir dövrdə yaşlı, gənc nəsillə yanaşı həm də azyaşlılar üçün lazımi vasitələrdəndir. Bu qadjetlər istər ev, idarə, istərsə də təhsil ocaqlarında hər kəs üçün əvəzedilməz vasitəyə, başqa sözlə, gündəlik həyatımızın tərkib hissəsinə çevrilib. Xüsusən də balacalar bu qurğulardan böyük maraq və həvəslə istifadə edirlər. Bir sözlə, elmi-texniki tərəqqinin bəşəriyyətə bəxş etdiyi bu innovativ texnologiyalar gənc nəslin inkişafında, onların savadlı, bacarıqlı bir kadr kimi yetişməsində, lazımi biliklər əldə etməsində böyük əhəmiyyət kəsb edir.