Mobil məlumatların ötürülməsindən əldə olunan gəlirlər 200 milyard dollara çatacaq

03 Fevral 2014 - 12:37 | Texnoloji yeniliklər
Mobil məlumatların ötürülməsindən əldə olunan gəlirlər 200 milyard dollara çatacaq

“J’son & Partners Consulting” konsaltinq şirkəti 2012-2017-ci illər üçün dünya simsiz rabitə infrastrukturu bazarının tendensiya və perspektivləri haqqında qısa nəticələri təqdim edib. 

Belə ki, 2013-cü ilin yekunları üzrə dünyada aktiv mobil rabitə SİM kartlarının sayı 6,6 milyard təşkil edib. "Ericsson” şirkətinin proqnozuna görə, bu rəqəm 2017-ci ilədək 8,4 milyardı ötəcək. Bildirilib ki, “3G” və “4G/LTE” şəbəkələri son zamanlar fəal şəkildə inkişaf edir; 2017-ci ilin sonunadək dünyada məlumatların mobil ötürülməsindən əldə olunan gəlirlərin 200 milyard dollara çatacağı gözlənilir. 

Şirkətin məlumatına görə, smartfon və planşet fərdi kompüterlərin populyarlığının və şəbəkələrin buraxılış qabiliyyətinin artması fonunda məlumatların ötürülməsi trafiki də kəskin şəkildə yüksəlir. Bununla əlaqədar olaraq, mobil operatorlar mobil məlumat ötürülməsinə və müvafiq servislərə artan tələbatın öhdəsindən gəlmək üçün simsiz rabitə infrastrukturuna sərmayə yatırmaqda davam etmək məcburiyyətində qalacaq. Bu halda mobil trafik operatorların gəlirlərindən daha sürətli artır, trafikin ötürülmə vahidinin dəyəri isə daim azalır. 

Sənaye nümayəndələrinin sözlərinə görə, “LTE” şəbəkəsinin tətbiqi operatorlar üçün məlumatların ötürülməsi dəyərinin “3G/HSPA” şəbəkəsi ilə müqayisədə yarıdan çox artıb. Bundan başqa, “LTE” kimi yeni texnologiyalardan istifadə edən operatorlar əlavə xidmətlər təqdim etmək və abunəçiləri daha çox məmnun etmək üçün imkanlar əldə edir. Operatorlar mobil trafiki “Wi-Fi” şəbəkələr vasitəsilə daha fəal “boşaldır”, “WiMAX” və “TDD-LTE” texnologiyalarından kiçik şəbəkələr üçün “backhaul” paylayıcı şəbəkələri kimi istifadə etməyə başlayırlar. Bütün bu amillər bazarın sözügedən seqmentində avadanlıq bazarının inkişafı üçün əsas inkişaf rolunu oynayır. 

Digər tərəfdən, yeni nəsil şəbəkələrinə keçid üçün bir sıra problemlər mövcuddur. Onların sırasına əksər regionlarda əlverişli spektrin çatışmazlığı, “LTE” və heterogen şəbəkələrdə səsli xidmətlərin göstərilməsi arxitekturasının qeyri-müəyyənliyi daxildir. 

Bununla belə, “4G” infrastrukturuna qoyulan sərmayə 2017-ci ilədək artmaqda davam edəcək. O vaxta kimi sahə “LTE” şəbəkələrinin kommersiyalaşdırılması, “LTE Advanced” (LTE-A) şəbəkəsinin qurulmasının ilkin mərhələsindən keçəcək və heterogen dövrə qədəm qoyacaq. 

ictnews.az