“Qloballaşma şəraitində Azərbaycan dilinə terminoloji təhlükələr” mövzusu müzakirə olundu

03 İyul 2015 - 11:30 | Konfranslar, İclaslar

İyulun 2-də AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin elmi seminarında sektor müdiri Əfruz Qurbanova “Qloballaşma şəraitində Azərbaycan dilinə terminoloji təhlükələr” mövzusunda məruzəni təqdim edərək dil sisteminin təhlükəsizliyi, dünyada gedən qloballaşma prosesinin dillərə təsiri, Azərbaycan dilinin qorunması istiqamətində dövlət tərəfindən atılan addımlar, Azərbaycanda terminologiya sahəsində mövcud problemlər və onların həlli yolları haqqında ətraflı məlumat verdi.

Məruzəçi müasir dövrdə dilin qorunması, onun leksik tərkibinin yad sözlərlə doldurulmasının qarşısının alınması istiqamətində həlli vacib tədbirlərin görülməsinin önəmini vurğulayaraq tədqiqat işində əsas məqsədin qloballaşma şəraitində Azərbaycan dilinə terminoloji təhlükələrin müəyyənləşdirilməsi və müvafiq təklif və tövsiyələrin işlənilməsi olduğunu bildirdi.

Qeyd etdi ki, bu məqsədlə dilin təhlükəsizliyi müxtəlif aspektlərdə təhlil olunmuş, dil siyasətinin bu təhlükələrin aradan qaldırılmasında rolu müəyyənləşdirilmişdir.

Qloballaşma prosesinin dünyada mövcud olan dillərə təsiri, dillərin qorunması istiqamətində YUNESKO tərəfindən həyata keçirilən bir sıra layihə və proqramlar, qəbul edilən mühüm sənədlərdən söz açan məruzəçi YUNESKO tərəfindən qəbul edilən “Dillərin yaşama qabiliyyəti və yox olması” adlı sənədi və “Yox olmaq təhlükəsi altında olan dillərin Atlası”nın işlənilməsini dillərin qorunması istiqamətində mühüm addım kimi qiymətləndirdi. Dilin virtual məkanda təsbit olunmasını onun qorunması və inkişafı istiqamətində əsas məsələlərdən biri kimi dəyərləndirərək İnternetdə dillərin reytinq cədvəlini təqdim etdi.

Məruzəçi Azərbaycan dilinin qorunması istiqamətində dövlət tərəfindən mühüm tədbirlərin həyata keçirildiyini önə çəkdi. Dilin qorunması və inkişafı istiqamətində qarşıda duran vəzifələrin həyata keçirilməsində terminologiya fəaliyyətinin mühüm missiya daşıdığını, elmi-texniki tərəqqi ilə terminologiyanın daim inkişaf etdiyini vurğulayan məruzəçi dilimizin istifadə olunma arealının və virtual məkanda yayılması imkanlarının kifayət qədər geniş olduğunu bildirdi.

Son zamanlar dünya dillərinin terminologiyasında baş verən proseslər haqqında danışan sektor müdiri terminologiya fəaliyyətinə informasiya texnologiyaları mövqeyindən yanaşmanın zəruriliyini vurğuladı.  

Ə.Qurbanova, həmçinin Azərbaycan dilinin tətbiqi, inkişafı və digər problemlərinin həlli istiqamətində təklif və tövsiyələrini səsləndirdi. Onun sözlərinə görə, virtual məkanda Azərbaycan dilinin təsbit olunması, inkişafı və digər problemləri istiqamətində fundamental, genişmiqyaslı elmi tədqiqatların, təhlillərin və araşdırmaların aparılması, bu sahədə vəziyyətin monitorinqi sisteminin işlənilməsi, dilin əcnəbilər tərəfindən öyrənilməsi üçün tədris vəsaitlərinin və elektron resursların işlənilməsi, dilin inkişafı, tətbiqi işinin genişləndirilməsi və təbliği üçün yeni saytların yaradılması, elm və texnikanın müxtəlif sahələri üzrə terminləri özündə əks etdirən veb-saytın yaradılması və s. həlli vacib məsələlərdəndir.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.