Üzün tanınması funksiyasına malik ilk bankomat təqdim olunub

02 İyun 2015 - 15:00 | Texnoloji yeniliklər
Üzün tanınması funksiyasına malik ilk bankomat təqdim olunub

Çinin Sinxua Universiteti və “Tzekwan” texnologiya şirkətində fəaliyyət göstərən mütəxəssislər tərəfindən üzün tanınması funksiyasına malik ilk bankomat təqdim olunub.

Biometrik bankomat istifadəçinin üz cizgilərinin şəklini çəkərək öz məlumat bazasındakı təsvirlərlə müqayisə edən kamera ilə təchiz edilib. İstehsalçıların sözlərinə görə, şəxsin üzü dəyişikliyə məruz qaldıqda belə sistem onu identifikasiya edə bilir.

“Tzekwan” şirkətinin ekspertlərindən biri Qu Zikun yeni bankomatların tezliklə satışa çıxarılacağını bildirib. Onun fikrincə, yeni bankomatlar maliyyə cinayətləri ilə mübarizədə və bank hesablarına icazəsiz girişin qarşısının alınmasında mühüm rol oynayacaq. Bankomat həmçinin pul yükləyərkən hər bir banknotun seriya nömrəsini yazır ki, bununla da bankomata saxta pul yükləməyə çalışan müştərilər identifikasiya edilir.

hi-news.ru saytının verdiyi məlumata əsasən, yeni bankomatın valyuta nəzarəti sisteminin dəqiqliyi bütün dünyada istifadə olunan orta statistik bankomatlarla müqayisədə 20 faiz daha yüksəkdir.