Hindistan və ABŞ alimləri tərəfindən brauzer tarixçəsinə və sosial şəbəkələrdə aktivliyə əsaslanan parolları əvəz edəcək yeni autentifikasiya sistemi hazırlanıb. Sistem sayəsində smartfonda bu və ya digər xidmətdən, məsələn, mobil pul kisəsindən istifadə etmək üçün bir neçə sualı cavablandırmaq kifayət edəcək.
ictnews.az saytının məlumatına görə, bütün suallar istifadəçinin əvvəlki aktivliyi ilə əlaqədar olacaq. Məsələn, servis bu gün səhər kimdən SMS-bildirişin alınmasını soruşa bilər. Sistemin soruşduğu informasiya unikal və qeyri-adi olduğundan saxtalaşdırılmanı çətinləşdirir.
“ActivPass” adlanan xidməti artıq 70 nəfər sınaqdan keçirib. Autentifikasiyanın dəqiqliyi 95 faizə çatır. Bunun üçün istifadəçilərin “Facebook” sosial şəbəkəsində aktivliyi haqqında məlumatlar, brauzerdə baxış tarixçəsi, bildirişlər və smartfonlarda həyata keçirilən digər əməliyyatlardan istifadə edilir.
Hakerlərin proqramı sındırma ehtimalı 5 faizdir. Hazırda bu təhlükəsizlik səviyyəsi ciddi autentifikasiya sistemləri üçün yetərli deyil. Lakin təhlükəsizlik sahəsində keçiriləcək tədqiqatlar ənənəvi parolları əvəzləməyə imkan verəcək.