• Mövcud hesablama resursları daxilində böyük həcmli verilənlərin (Big Data) klasterləşdirilməsi üçün yüksək hesablama məhsuldarlığına malik metod təklif olunmuşdur. (İcraçılar: akademik Rasim Əliquliyev, tex.e.d. Ramiz Alıquliyev)
  • Mətnlərin avtomatik referatlaşdırılması üçün mətndən semantik yükə malik cümlələrin seçilməsinə imkan verən iki mərhələli və çoxkriteriyalı optimallaşdırma modelləri təklif edilmiş və onların həlli üçün adaptiv mutasiya parametrli diferensial evolyusiya və insan təliminə əsaslanan optimallaşdırma (Human Learning Optimization) alqoritmləri işlənmişdir. (İcraçılar: akademik Rasim Əliquliyev, tex.e.d. Ramiz Alıquliyev)
  • İnsan resurslarının müxtəlif səviyyələrdə intellektual idarə olunması zamanı çoxkriteriyalı qərarların dəstəklənməsi üçün qeyri-səlis çox ssenarili yanaşma təklif edilmiş və hər bir ssenariyə uyğun metodlar işlənilmişdir. (İcraçılar: tex.e.d., prof. Məsumə Məmmədova, tex.f.d., dos. Zərifə Cəbrayılova, Faiq Məmmədzadə)
  • Bulud texnologiyaları əsasında şəbəkə mühitində virtual hesablama və yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması üçün metod və alqoritmlər işlənmişdir. (İcraçılar: f.d., dos. Rəşid Ələkbərov, Məmməd Həşimov)
  • Elmin müxtəlif sahələrinin bibliometrik göstəricilərinin (məqalələrin və istinadların sayı) dinamikasının qiymətləndirilməsi, eyni zamanda elmi tədqiqatların perspektiv istiqamətlərinin müəyyən edilməsi üçün diferensial metrikalar təklif edilmişdir. (İcraçılar: akademik Rasim Əliquliyev, tex.e.d. Ramiz Alıquliyev)
  • E-dövlətin formalaşdırılmasının nəzəri və arxitektur əsasları tədqiq olunmuş və mühüm tədqiqat istiqamətləri müəyyən edilmişdir. E-dövlətin effektli idarə edilməsi, ölçülməsi və monitorinqi, veb-resursların intellektual analizi, informasiya təhlükəsizliyinin təmin olunması, e-demokratiya və e-vətəndaş problemləri araşdırılmış, konseptual modellər və yanaşmalar təklif olunmuşdur. (İcraçılar: akademik Rasim Əliquliyev, tex.f.d., dos. Fərhad Yusifov)
  • Dinamik kollaborativ federasiyalarda intellektual bulud servislərinin reputasiyası üçün qeyrisəlis hibrid model təklif edilmiş və bulud provayderlərinin inam səviyyəsini qiymətləndirməyə imkan verən sübutların aqreqasiyası metodu işlənmişdir. (İcraçılar: akademik Rasim Əliquliyev, tex.f.d., dos. Fərqanə Abdullayeva)
  • Təsvirlər əsasında insanın irqi və etnik mənsubiyyətinin müəyyən olunması üçün alqoritm işlənilmişdir. Burada istifadə olunan həndəsi xarakteristikaların əhəmiyyətlilik dərəcəsini müəyyən etmək üçün metod təklif olunmuşdur. (İcraçılar: f.-r.e.n., dos. Tofiq Kazımov, tex.f.d., dos. Şəfəqət Mahmudova)