AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Cənubi Koreyanın “Hallym” Universitetinin dosenti, elm və texnologiya siyasəti üzrə məsləhətçi, professor Tae Canq Hanq ilə görüş keçirildi. İnstituta ezam olunmuş koreyalı alim, texnika üzrə fəlsəfə doktoru Tae Vun Kanqın iştirakı ilə keçirilən görüşün əsas məqsədi müvafiq sahədə birgə layihələrin həyata keçirilməsi və əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.
Öncə qonaq AzScienceNet Monitorinq və Təhlükəsizlik Xidməti, Verilənlərin Emalı Mərkəzi (DATA Center), Tədris-İnnovasiya və Distant Tədris mərkəzləri, o cümlədən müasir texnologiyalarla təchiz olunmuş auditoriyalarla yaxından tanış oldu.
Qonağa institutun əsas fəaliyyət istiqamətləri, müxtəlif xarici universitet və elmi-tədqiqat institutları ilə əməkdaşlıq əlaqələri və həyata keçirilən innovativ layihələr haqqında ətraflı məlumat verildi.
Görüşdə İTİ-nin Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA), Milli Tədqiqat Fondu (NRF) və digər elmi qurumları ilə əlaqələrinin mövcud vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə olundu.
Koreyalı professor Azərbaycanla birgə MDB-yə üzv olan və Avropa Birliyi ölkələri ilə elmi-texniki sahədə layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirdi. Qonaq hər iki ölkənin müvafiq institut və təşkilatlarının davamlı birgə fəaliyyətinin təşkili və Koreya təcrübəsinin öyrənilməsi istiqamətində təmsil etdiyi qurumun instituta hər zaman köməklik göstərməyə hazır olduğunu qeyd etdi.