Bu Qanun Azərbaycan Respublikasında telekommunikasiya sahəsində fəaliyyətin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyənləşdirir və telekommunikasiya resurslarının məqsədyönlü planlaşdırılmasını və ədalətli istifadə olunmasını tənzimləyir.

I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:
1.0.1. telekommunikasiya - elektrik və ya elektromaqnit rabitə vasitələri (kabel, optik və radio əlaqəsi və digər vasitələr) ilə hər hansı siqnalın, səsin və təsvirin məsafəyə ötürülməsi və qəbul edilməsi;
1.0.2. telekommunikasiya şəbəkəsi - telekommunikasiyanın təmin edilməsi üçün vahid texniki və texnoloji sistemdə birləşdirilmiş müxtəlif növ vasitə və qurğuların məcmusu;
1.0.3. ümumistifadəli telekommunikasiya şəbəkəsi - müvafiq qaydalar, standartlar, xidmət göstərilməsi və ödəmə şərtləri əsasında abunəçinin istifadə edə biləcəyi telekommunikasiya xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulan və bütün istifadəçilərə qoşulma imkanını verən telekommunikasiya şəbəkəsi, yaxud onun bir hissəsi;
1.0.4. telekommunikasiya xidməti - müvafiq telekommunikasiya şəbəkəsi vasitəsi ilə hüquqi, fiziki şəxslərin və qanuni əsaslarla fəaliyyət göstərən digər subyektlərin telekommunikasiyaya olan tələbatının ödənilməsi məqsədilə həyata keçirilən fəaliyyət;
1.0.5. universal telekommunikasiya xidməti - bütün istifadəçilərə müyəssər olan telekommunikasiya xidmətlərinin məcmusu;
1.0.6. telekommunikasiya vasitələri - müvafiq şəbəkə və sistemlərin yaradılması, telekommunikasiya xidməti göstərilməsi üçün istifadə edilən avadanlıqlar, proqram təminatı;
1.0.7. telekommunikasiya qurğuları - müvafiq şəbəkə və sistemlərin yerləşdirilməsi, telekommunikasiya xidməti göstərilməsi üçün istifadə edilən bina, qüllə və digər mühəndis - texniki obyektlər;
1.0.8. telekommunikasiya operatoru (bundan sonra - operator) - mülkiyyətində olan telekommunikasiya şəbəkəsi vasitəsi ilə qanuni əsaslarla telekommunikasiya xidmətləri göstərən hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs;
1.0.9. telekommunikasiya provayderi (bundan sonra - provayder) - telekommunikasiya operatorunun şəbəkəsindən istifadə edərək telekommunikasiya xidmətləri göstərən hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs;
1.0.10. telekommunikasiya şəbəkəsinin son nöqtəsi (bundan sonra - son nöqtə) - abunəçilərin telekommunikasiya şəbəkəsinə qoşulduğu, yaxud qoşula biləcəyi nöqtə;
1.0.11. son telekommunikasiya avadanlığı (bundan sonra - son avadanlıq) - telekommunikasiya xidmətlərindən istifadə məqsədilə telekommunikasiya şəbəkəsinin qoşulma nöqtələrinə birləşdirilən avadanlıqlar (telefon aparatı, kompüter və s.);
1.0.12. telekommunikasiya xidməti istifadəçisi (bundan sonra - istifadəçi) - hüquqi əsaslarla telekommunikasiya xidmətlərindən istifadə edən şəxs;
1.0.13. telekommunikasiya xidməti abunəçisi (bundan sonra - abunəçi) - operator, provayder ilə bağladığı müqavilə əsasında telekommunikasiya xidmətlərindən istifadə edən şəxs;
1.0.14. nömrə resursu - rəqəmli, hərfi işarələmə və ya həmin işarələrin kombinasiyası, o cümlədən telekommunikasiya şəbəkəsinin və (və ya) onun qovşaq və ya son nöqtələrinin birmənalı şəkildə müəyyənləşdirilməsi üçün nəzərdə tutulan və telekommunikasiya şəbəkəsində istifadəsi mümkün olan kodların (nömrələnmə variantlarının) məcmusu və ya onların bir hissəsi;
1.0.15. məxsusiləşdirmə kodu - operatorun, provayderin və abunəçinin müəyyənləşdirilməsi üçün tətbiq edilən rəqəmlər və (və ya) işarələr;
1.0.16. trafik - telekommunikasiya şəbəkəsində və ya telekommunikasiya şəbəkələri arasında ötürülən siqnallar (məlumatlar) toplusu;
1.0.17. elektromaqnit uyğunluğu - radioelektron vasitələrinin və (və ya) yüksək tezlikli qurğuların qəbul olunmuş keyfiyyətlə ətraf elektromaqnit şəraitində digər radioelektron vasitələrinə və (və ya) yüksək tezlikli qurğuların işinə yolverilməz maneələr yaratmadan işləmək qabiliyyəti;
1.0.18. radiotezlik - açıq fəzada (efirdə) sərbəst yayılan elektromaqnit dalğaları spektrinin ayrı-ayrı tərkib hissələri;
1.0.19. ölkə kodlu yüksək səviyyəli domen - qlobal İnternet şəbəkəsində ölkəyə məxsus milli seqmenti əks etdirən şərti işarə.

Maddə 2. Telekommunikasiyanın təyinatı
Telekommunikasiya ölkənin istehsal və sosial infrastrukturunun tərkib hissəsi olmaqla, dövlət hakimiyyəti orqanlarının, fiziki və hüquqi şəxslərin, həmçinin xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların filial və nümayəndəliklərinin telekommunikasiya xidmətlərinə olan tələbatlarını təmin edir.

Maddə 3. Telekommunikasiya fəaliyyətinin əsas prinsipləri və istiqamətləri
3.1. Telekommunikasiya fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
3.1.1. operatorların, provayderlərin, istifadəçilərin hüquq bərabərliyi və qanuni mənafelərinin qorunması;
3.1.2. xüsusi təyinatlı telekommunikasiya şəbəkələri və vasitələri ilə məlumatların qəbulunun və ötürülməsinin qanunvericilikdə nəzərdə tutulan qaydada məxfiliyinin təmin edilməsi;
3.1.3. şəbəkə əməliyyatlarının təhlükəsizliyinin təmin edilməsi;
3.1.4. tarif siyasətinin tənzimlənməsi;
3.1.5. telekommunikasiya şəbəkəsinin bütövlüyünün qorunması;
3.1.6. telekommunikasiya şəbəkələrinin qarşılıqlı fəaliyyətinin operativliyi;
3.1.7. radiotezliklərin, nömrə resurslarının və qısa kodların səmərəli istifadəsi;
3.1.8. telekommunikasiya xidmətləri bazarında inhisarçılığın yolverilməzliyi və sağlam rəqabət mühitinin təmin edilməsi;
3.1.9. qərarların qəbul edilməsinə şəffaflıq və aşkarlığın təmin edilməsi;
3.1.10. telekommunikasiya sahəsində dövlət tənzimləmə funksiyalarının təsərrüfat funksiyalarından ayrılması;
3.1.11. telekommunikasiya sahəsində beynəlxalq əməkdaşlıq.
3.2. Telekommunikasiya fəaliyyəti aşağıdakı istiqamətlər əsasında həyata keçirilir:
3.2.1. vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi;
3.2.2. dövlət tənzimlənməsinin həyata keçirilməsi;
3.2.3. telekommunikasiya sahəsinin inkişafı və onun beynəlxalq telekommunikasiya şəbəkələri ilə inteqrasiyanın təmin olunması üçün şəraitin yaradılması;
3.2.4. dövlət idarəçiliyi, ölkənin müdafiəsi, milli təhlükəsizliyi və ictimai asayişin qorunmasında telekommunikasiya xidmətlərinə tələbatın ödənilməsinə zəruri şəraitin yaradılması;
3.2.5. fövqəladə hallarda telekommunikasiya şəbəkələrinin dayanıqlı işləməsinin təmin edilməsi;
3.2.6. operatorlar arasında arabağlantı münasibətlərinin tənzimlənməsi;
3.2.7. milli informasiya resurslarının formalaşdırılması;
3.2.8. qanunvericilikdə müəyyən edilmiş tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi.

Maddə 4. Telekommunikasiya fəaliyyətinin obyektləri və subyektləri
4.1. Dövlətin, hüquqi və fiziki şəxslərin, həmçinin xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların filial və nümayəndəliklərinin maraq dairəsinə aid olan mövcud informasiya məkanı, telekommunikasiya vasitələri və qurğuları telekommunikasiya obyekti hesab edilirlər.
4.2. Telekommunikasiya xidmətləri göstərən, onları tənzimləyən və bu xidmətlərdən istifadə edən bütün dövlət hakimiyyəti orqanları, fiziki və hüquqi şəxslər, həmçinin xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatların filial və nümayəndəlikləri telekommunikasiya fəaliyyətinin subyektləridirlər. Telekommunikasiya fəaliyyətinin subyektləri arasında münasibətlər qanunvericilikdə nəzərdə tutulan tələblər və müqavilələr əsasında qurulur.
4.3. Telekommunikasiya fəaliyyətinin obyektləri və subyektləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və onun tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda mövcud ola bilərlər.

Maddə 5. Telekommunikasiya haqqında qanunvericilik
5.1. Telekommunikasiya haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
5.2. Televiziya və radio yayımı ilə bağlı münasibətlər “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Qanun və digər normativ aktlarla tənzimlənir.

II fəsil. Telekommunikasiya fəaliyyətinin tənzimlənməsi

Maddə 6. Telekommunikasiya fəaliyyətinin dövlət tənzimlənməsi
6.1. Azərbaycan Respublikasında telekommunikasiya fəaliyyətinin tənzimlənməsi dövlətin səlahiyyətindədir və aşağıdakı istiqamətlərdə həyata keçirilir:
6.1.1. nömrə resursundan istifadənin təşkili;
6.1.2. telekommunikasiya fəaliyyətinin lisenziyalaşdırılması;
6.1.3. telekommunikasiya sahəsində sertifikatlaşdırma;
6.1.4. telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflərin tətbiqi;
6.1.5. telekommunikasiya sahəsində sağlam rəqabət mühitinin və antiinhisar fəaliyyətin tənzimlənməsi;
6.1.6. radiotezliklərdən istifadənin təşkili;
6.1.7. operatorlar arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi;
6.1.8. qanunvericiliklə müəyyən edilmiş digər tənzimləmə istiqamətləri.

Maddə 7. Nömrə resursundan istifadənin təşkili
 7.1. Ölkənin nömrə resursu, ölkə kodu, həmçinin ölkə kodlu yüksək səviyyəli domen dövlətə məxsusdur. Ölkə ərazisində nömrə resurslarının tənzimlənməsi dövlətin müstəsna hüququdur.
7.2. İstifadəçilərin telekommunikasiya xidmətlərinə olan tələbatını ödəmək üçün nömrə resursu qanunvericiliklə müəyyən olunmuş qaydalarda operatora, provayderə ayrılır.
7.3. Nömrə resursu müvafiq icra hakimiyyəti orqanı ilə operator, provayder arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir.
7.4. Telekommunikasiya operatoruna, provayderinə nömrə resurslarının ayrılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı prinsiplər nəzərə alınmaqla hazırlanan nömrə resurslarının ayrılması qaydalarına uyğun olaraq həyata keçirilir:
7.4.1. operatorun, provayderin mövcud maddi-texniki bazasının genişləndirilməsi;
7.4.2. operatorun, provayderin mövcud texnoloji fəaliyyət rejiminin pozulmaması;
7.4.3. sağlam rəqabətə şərait yaradılması;
7.4.4. istifadəçilərin telekommunikasiya xidmətlərindən istifadə etmək hüquqlarının məhdudlaşdırılmaması.
7.5. Nömrə resursunun verilməsindən yalnız qanunla müəyyən edilən hallarda imtina oluna bilər və bu imtinadan qanuna uyğun olaraq məhkəməyə şikayət verilə bilər.
7.6. Operatora, provayderə nömrə resursunun ayrılması, dəyişdirilməsi və geri alınması haqqında məlumatlar kommersiya sirri təşkil etmir.
7.7. Operator, provayder onun üçün ayrılmış nömrə resursunu və ya onun bir hissəsini yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə digər operatora, provayderə verə bilər.
7.8. Hüquqi şəxsin yenidən təşkili zamanı onun üçün ayrılmış nömrə resursu üzrə sənədlər, o cümlədən hüquqi varisin ərizəsi, bir neçə varis olduqda onların birgə ərizəsi əsasında təkrar ödəniş tələb olunmadan yenidən təsdiq edilir. Hüquqi varislər arasında nömrə resursları üzrə mübahisələr məhkəmə yolu ilə həll olunur.
7.9. Ölkənin qarşılıqlı əlaqədə olan vahid telekommunikasiya şəbəkələrinin nömrə resurslarının, o cümlədən beynəlxalq telekommunikasiya şəbəkəsinin Azərbaycan seqmentinin (ölkə kodu) nömrə resurslarının bölüşdürülməsi və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin orqan təsdiq edilmiş nömrələmə sistemini və planını, həmçinin Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların tövsiyələrini nəzərə alır.
7.10. Ölkə kodlu domen adlarının qeydiyyatı, istifadəsi qaydaları beynəlxalq normalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı və aidiyyəti qurumların birgə iştirakı ilə tənzimlənir.
7.11. Bu Qanun qüvvəyə minənədək operatora, provayderə verilmiş nömrə resursunun ilkin istifadə müddəti bitdikdə, həmin nömrə resursunun istifadəçisi müvafiq nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququna malikdir.

Maddə 8. Telekommunikasiya fəaliyyətinin lisenziyalaşdırılması
Telekommunikasiya fəaliyyəti sahəsində lisenziyalaşdırma Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir.
 
Maddə 9. Telekommunikasiya sahəsində sertifikatlaşdırma
9.1. Ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiya vasitələri və qurğuları qanunvericilikdə müəyyən olunmuş qaydada sertifikatlaşdırılmalıdır.
9.2. Qanunvericiliklə müəyyən edilmiş uyğunluq sertifikatı olmayan telekommunikasiya vasitələrinin və qurğularının ümumistifadəli telekommunikasiya şəbəkələrində istismarına yol verilmir.
9.3. Telekommunikasiya vasitələrinin və qurğularının zəruri texniki sınağının aparılması, texniki və təhlükəsizlik göstəriciləri üzrə rəy verilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
9.4. Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
9.5. Ümumistifadəli telekommunikasiya xidmətlərinin sertifikatlaşdırılması könüllü qaydada aparılır.
9.6. Telekommunikasiya fəaliyyəti sahəsində sertifikatlaşdırmanın qaydaları müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilir.

Maddə 10. Telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflərin tətbiqi
10.1. Telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir.
10.2. Azərbaycan Respublikasında ixtisaslaşdırılmış təcili yardım xidmətlərinin (yanğından mühafizə, polis, təcili tibbi yardım, qaz və elektrik qəza xidməti və qanunvericilikdə nəzərdə tutulan digər bu kimi xidmətlər) çağırılması üçün istənilən telekommunikasiya şəbəkələrindən bütün hüquqi və fiziki şəxslərin pulsuz istifadəsinə təminat verilir. İstifadəçilərin bu hüquqlarını məhdudlaşdıran operatorlar, provayderlər və onların vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 11. Telekommunikasiya sahəsində sağlam rəqabət mühitinin və antiinhisar fəaliyyətin tənzimlənməsi
11.1. Telekommunikasiya sahəsində fəaliyyət göstərən operatorlar, provayderlər, digər hüquqi və fiziki şəxslər, habelə avadanlıqların istehsalçıları və təchizatçıları telekommunikasiya şəbəkələrinin yaradılmasında və inkişaf etdirilməsində, xidmətlərin göstərilməsində bərabər hüquqlu subyektlər hesab edilirlər.
11.2. Müvafiq telekommunikasiya xidməti bazarında antiinhisar qanunvericiliyə əsasən hökmran mövqe tutan operator, provayder fəaliyyətində aşağıdakı şərtlərə riayət etməlidir:
11.2.1. telekommunikasiya xidməti bazarına bərabərhüquqlu daxilolmanı təmin etmək məqsədi ilə hökmran mövqe tutan operator eyni xidməti göstərən digər operatorlar arabağlantı məqsədləri üçün şəbəkələrin qoşulması və trafik mübadiləsi üzrə bərabər şərait yaratmağa borcludur;
11.2.2. qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olunmaqla, hökmran mövqe tutan operator, provayder arabağlantı məqsədləri üçün öz şəbəkəsinə digər operatorun, provayderin müvafiq müqavilə əsasında qoşulmasından imtina edə bilməz;
11.2.3. qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olunmaqla hökmran mövqe tutan operator, provayder öz şəbəkəsi vasitəsi ilə xətləri (kanalları) digər operatorlara, provayderlərə ümumi müqavilə əsasında icarəyə verir;
11.2.4. müvafiq icra hakimiyyəti orqanı hökmran mövqe tutan operatorun, provayderin uyğun fəaliyyəti üzrə xüsusi tələblər müəyyən edir.
11.3. Müvafiq icra hakimiyyəti orqanları telekommunikasiya sahəsində haqsız rəqabətin və inhisarçı fəaliyyətin qarşısının alınması üzrə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görür.
11.4. Haqsız rəqabətə, istifadəçilərin maraq və hüquqlarının pozulmasına, yaxud qanuna zidd olan hər hansı digər əməllərə yol verən şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 12. Operatorlar arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi
12.1. Operatorlar öz şəbəkələri arasında qarşılıqlı arabağlantını müqavilə (bundan sonra - arabağlantı müqaviləsi) əsasında həyata keçirirlər.
12.2. Arabağlantı müqaviləsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şərtlərə zidd olmayan texniki, iqtisadi (şəbəkələrarası qoşulma haqları, qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı pay bölgüsü, ixtisaslaşdırılmış təcili yardım xidmətlərinə edilən zənglərə görə ödənişlər və s. nəzərə alınmaqla) və qanunvericiliyə uyğun olaraq müqaviləni bağlayan tərəflərin müəyyən etdiyi digər məsələlər nəzərə alınmalıdır.
12.3. Operator hər bir ümumistifadəli telekommunikasiya şəbəkəsi operatoru ilə 2 ay müddətindən gec olmayaraq arabağlantı müqaviləsi bağlamalıdır. Göstərilən müddət ərzində hər hansı operator ilə razılıq əldə edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən, mübahisənin predmeti nəzərə alınmaqla, müəyyən olunan şərtlər əsasında tərəflər arasında 7 iş günü müddətində arabağlantı müqaviləsi bağlanmalıdır. Arabağlantı müqaviləsinin bağlanması ilə əlaqədar mübahisələr məhkəmə qaydasında həll edilir.
12.4. Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulma və istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 13. Radiotezliklərdən istifadənin təşkili
13.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyənləşdirilmiş hədlərdə, radioelektron vasitələrinin və ya yüksək tezlikli qurğuların işləməsi üçün istifadə oluna bilən radiotezliklər dövlətə məxsusdur və onların tənzimlənməsi dövlətin müstəsna hüququdur.
13.2. Radiotezliklər istifadə üçün mövcud qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrılır.
13.3. Radiotezliklərdən, radioelektron vasitələrdən və bu sahədə mülki təyinatlı qurğulardan istifadə qaydalarının müəyyənləşdirilməsi, onların icrasına nəzarət və telekommunikasiya vasitələrinin elektromaqnit sahəsinin monitorinqi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
13.4. Radiotezliklər aşağıdakıları nəzərə alınmaqla ayrılır:
13.4.1. tezlik zolaqlarının ayrılma cədvəli və radiotezliklər spektrinin perspektiv istifadə planı;
13.4.2. dövlət hakimiyyəti, o cümlədən müdafiə, təhlükəsizlik və asayişi mühafizə orqanlarının ehtiyaclarını təmin etmək məqsədi ilə ayrı-ayrı subyektlərə ayrılmış radiotezliklərin başqa radiotezliklərə keçirilməsi şərti ilə qanunvericiliklə müəyyən olunmuş qaydada dəyişdirilməsi.
13.5. Ayrılmış tezlik diapazonları üçün verilmiş hüquqları məhdudlaşdırmadan tezlik zolaqlarının ayrılması cədvəlinə 4 ildə bir dəfədən və radiotezliklər spektrindən perspektiv istifadə planına 10 ildə bir dəfədən az olmayaraq yenidən baxılır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
13.6. Radiotezliklərdən istifadə təyinatı, radiotezliklərin sayı, zolağı və radioelektron vasitələr nəzərə alınmaqla birdəfəlik və müddətli ödənişlər müəyyən olunur. Birdəfəlik və müddətli ödənişlərin təyin olunması, bölüşdürülməsi və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən normativ hüquqi aktlar vasitəsilə müəyyənləşdirilir.
13.7. Bütün növ radiovericilərin və digər radiotezlikli qurğuların yaratdığı radiomaneələrin qarşısının alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
13.8. Televiziya və radio yayımının ehtiyacları üçün radiotezliklərin istifadəsi qanunvericiliyə uyğun olaraq müvafiq dövlət orqanı tərəfindən tənzimlənir.

III fəsil. Telekommunikasiya fəaliyyətinin təşkili və fəaliyyətə dövlət nəzarəti

Maddə 14. Telekommunikasiya fəaliyyətinin təşkili
14.0. Azərbaycan Respublikasında telekommunikasiya fəaliyyəti aşağıdakı istiqamətlər üzrə təşkil edilir:
14.0.1. telekommunikasiya sahəsində fəaliyyətə dövlət nəzarətini həyata keçirilməsi;
14.0.2. telekommunikasiya sahəsində vahid dövlət siyasətinin və elmi-texniki proqramlarının hazırlanmasında iştirak edir və onları qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsi;
14.0.3. telekommunikasiya xidmətlərinin standartlarını müəyyən edilməsi;
14.0.4. telekommunikasiya xidmətlərinin növlərini və onların xüsusiyyətlərini müəyyən edilməsi.

Maddə 15. Hərbi və fövqəladə vəziyyət şəraitində telekommunikasiya şəbəkələrinin idarə olunması
15.1. Hərbi və fövqəladə vəziyyət şəraitində ümümistifadəli telekommunikasiya şəbəkələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən mərkəzləşdirilmiş qaydada idarə olunur.
15.2. Hərbi və fövqəladə vəziyyətin elan olunmasına səbəb olmuş hadisələrin və onların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq telekommunikasiya sahəsində müvəqqəti idarəetmə orqanları yaradıla bilər.

Maddə 16. Fövqəladə hallarda, fövqəladə vəziyyət şəraitində telekommunikasiya şəbəkələrindən və vasitələrindən istifadədə üstünlük
16.1. Fövqəladə hallarda, fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq səlahiyyətli dövlət hakimiyyəti orqanları zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malikdirlər və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilərlər.
16.2. Operatorlar, provayderlər qəzalar, epidemiyalar, epizootiyalar və təbii fəlakətlər zamanı dövlət idarəçiliyinin, ölkənin müdafiəsinin, təhlükəsizliyinin təmin olunması ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında məlumatların mübadiləsinə mövcud imkanlar daxilində üstünlük verməlidirlər.

Maddə 17. Telekommunikasiya fəaliyyətinə dövlət nəzarəti
17.1. Telekommunikasiya haqqında qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
17.2. Telekommunikasiya sahəsində fəaliyyətə dövlət nəzarətinin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
17.3. Telekommunikasiya haqqında qanunvericiliyə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı qanunvericiliyin tələblərini pozmuş şəxslər barədə öz səlahiyyətləri çərçivəsində tədbirlər görür.
17.4. Telekommunikasiya haqqında qanunvericiliyə riayət olunmasına dövlət nəzarətini həyata keçirən orqanın səlahiyyətlərindən sui-istifadə hallarından məhkəməyə şikayət edilə bilər.

IV fəsil. Telekommunikasiya şəbəkələri və xidmətləri

Maddə 18. Telekommunikasiya şəbəkəsinin strukturu və təsnifatı
18.1. Azərbaycan Respublikası daxilində mövcud olan telekommunikasiya şəbəkələrinin normal idarə edilməsi və düzgün istismar rejimində saxlanması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların təşkilati-texniki strukturu müəyyənləşdirilir.
18.2. Telekommunikasiya şəbəkələri struktur baxımından aşağıdakı təsnifata malikdir:
18.2.1. ümumistifadəli telekommunikasiya şəbəkəsi;
18.2.2. fiziki və hüquqi şəxslərin telekommunikasiya şəbəkəsi;
18.2.3. xüsusi təyinatlı telekommunikasiya şəbəkəsi;
18.2.4. televiziya və radio yayımı şəbəkəsi.

Maddə 19. Ümumistifadəli telekommunikasiya şəbəkəsi
19.1. Ümumistifadəli telekommunikasiya şəbəkəsi operatorlar arasında bağlanan arabağlantı müqavilələr əsasında istifadəçilərə vahid prinsiplərlə telekommunikasiya xidmətləri göstərmək üçün təşkil edilir.
19.2. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla ümumistifadəli telekommunikasiya şəbəkəsinin xidmətlərindən istifadə edilməsinə məhdudiyyət qoyulmur.
19.3. Ümumistifadəli telekommunikasiya şəbəkələrinin inkişafı, təkmilləşdirilməsi, səmərəli və etibarlı istifadə edilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş siyasət üzrə telekommunikasiya operatorları tərəfindən tədbirlər həyata keçirilir.

Maddə 20. Fiziki və hüquqi şəxslərin telekommunikasiya şəbəkələri
20.1. Fiziki, hüquqi şəxslər öz daxili ehtiyaclarını ödəmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydada telekommunikasiya şəbəkələri yarada bilərlər.
20.2. Fiziki, hüquqi şəxslərin telekommunikasiya şəbəkələri müvafiq müqavilə əsasında ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşula bilərlər. Bu cür qoşulma fərdi telekommunikasiya şəbəkələrinə məxsus telekommunikasiya vasitələrinin və qurğularının ümumistifadəli telekommunikasiya şəbəkəsinin telekommunikasiya vasitələri və qurğuları üçün nəzərdə tutulan mövcud standart və normalara uyğunluğu barədə təqdim edilən sertifikat əsasında həyata keçirilir.
20.3. Telekommunikasiya şəbəkələrinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20.4. Telekommunikasiya şəbəkəsi ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulduqda ümumistifadəli telekommunikasiya şəbəkəsi kateqoriyasına keçmiş hesab edilir.
20.5. Korporativ telekommunikasiya şəbəkələri idarə, istehsalatdaxili və texnoloji telekommunikasiya şəbəkələri kimi yaradıla bilər.
20.6. İstehsaldaxili və texnoloji telekommunikasiya şəbəkələri ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulmadan ayrı-ayrı müəssisələr, idarələr, təşkilatlar və digər subyektlərin istehsaldaxili əlaqələrinin və texnoloji proseslərin idarə və müşahidə edilməsində operativliyi və konfidensiallığı təmin edir. Belə telekommunikasiya şəbəkələri müvafiq telekommunikasiya standartlarına uyğun olaraq, ümumistifadəli telekommunikasiya şəbəkəsinin işinə xələl gətirməmək şərti ilə qurulur və kənar istifadəçilərin ehtiyaclarını ödəmək üçün telekommunikasiya xidmətləri göstərə bilməzlər.

Maddə 21. Xüsusi təyinatlı telekommunikasiya şəbəkəsi
21.1. Dövlət hakimiyyəti orqanlarında xüsusi təyinatlı telekommunikasiya şəbəkələri yaradıla bilər.
21.2. Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 21.3. Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələri ümumistifadəli telekommunikasiya şəbəkələrinə qoşulduqda ümumistifadəli telekommunikasiya şəbəkələri kateqoriyasına keçmiş və onun xidmətlərindən istifadə edilməsindəki məhdudiyyətlər saxlanılır.

Maddə 22. Televiziya və radio yayımı şəbəkəsi
Televiziya və radio yayımı şəbəkəsi və bu şəbəkə ilə televiziya və radio yayımı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
 
Maddə 23. Telekommunikasiya xidmətinin növləri
23.0. Telekommunikasiya xidməti aşağıdakı təsnifatdan ibarətdir:
23.0.1. telefon (məftilli);
23.0.2. sellülar (mobil);
23.0.3. peycinq;
23.0.4. radiotrank və simsiz telefon;
23.0.5. respublikadaxili və beynəlxalq telekommunikasiya xidməti;
23.0.6. internet xidməti;
23.0.7. televiziya və radio yayımı xidmətləri;
23.0.8. universal telekommunikasiya xidmətləri;
23.0.9. qanunvericilikdə nəzərdə tutulan digər telekommunikasiya xidmətləri.

Maddə 24. Telefon (məftilli)
Telefon (məftilli) xidməti - hərəkətsiz (stasionar) son avadanlıqdan istifadə etməklə göstərilən telekommunikasiya xidmətidir.

Maddə 25. Sellülar (mobil) xidmət
Sellülar (mobil) xidmət - istifadəçinin son avadanlığı telekommunikasiya şəbəkəsinin bütün son nöqtələri çərçivəsində sərbəst hərəkət edərək mobil stansiyanın məxsusiləşdirmə kodunu saxlamaqla radiotexnologiyaları tətbiq etməklə göstərilən telekommunikasiya xidmətidir.

Maddə 26. Peycinq xidməti
Peycinq xidməti - istifadəçiyə məlumatların birtərəfli ötürülməsini təmin edən fərdi radioçağırış sistemi vasitəsi ilə göstərilən telekommunikasiya xidmətidir.

Maddə 27. Radiotrank və simsiz telefon xidməti
Radiotrank və simsiz telefon xidməti - istifadəçinin son avadanlığının telekommunikasiya şəbəkəsinin bir kommutasiya mərkəzinə qoşulmuş son nöqtələri hüdudlarında sərbəst hərəkət etməklə və məxsusiləşdirmə kodunu saxlamaqla radiotexnologiyalardan istifadə etməklə göstərilən telekommunikasiya xidmətidir.

Maddə 28. Ölkədaxili və beynəlxalq telekommunikasiya xidməti
Ölkədaxili telekommunikasiya xidməti - ölkə daxilində, o cümlədən respublikanın ayrı-ayrı şəhərləri və rayonları arasında, beynəlxalq telekommunikasiya xidməti isə ölkədən xaricə və xaricdən ölkəyə müxtəlif vasitələrlə (kabel, radiorele, peyk və sair) telekommunikasiyanın yaradılması məqsədi ilə göstərilən xidmətdir.

Maddə 29. İnternet telekommunikasiya xidməti
İnternet telekommunikasiya xidməti - beynəlxalq standartlarla müəyyən olunan İnternet protokol əsasında qlobal informasiya şəbəkəsində göstərilən telekommunikasiya xidmətidir.

Maddə 30. Televiziya və radio yayımı xidmətləri
Televiziya və radio yayımı xidmətləri “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
 
Maddə 31. Universal telekommunikasiya xidməti
31.1. Universal telekommunikasiya xidməti - Azərbaycan Respublikasının bütün ərazisində müəyyən müddət ərzində və keyfiyyətlə, əlverişli qiymətlə hər hansı telekommunikasiya xidməti istifadəçisinə göstərilməsi operatorlar, provayderlər üçün icbari olan telekommunikasiya xidmətidir.
31.2. Dövlət universal telekommunikasiya xidmətinin göstərilməsinə təminat verir.
31.3. Universal xidmətin təsnifatı, təşkili, keyfiyyəti, müddəti və digər tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı prinsiplər nəzərə alınmaqla müəyyən edilir:
31.3.1. hər yaşayış məntəqəsində yanğınsöndürmə, polis, təcili tibbi yardım, qaz, elektrik qəza və qanunvericilikdə nəzərdə tutulan digər ixtisaslaşdırılmış təcili yardım xidmətləri ilə ödənişsiz əlaqə yaratmaq məqsədilə, ən azı bir taksofon (və ya kollektiv istifadəli telefon) quraşdırılmalıdır;
31.3.2. bütün hallarda nəqliyyat vasitəsindən istifadə etmədən universal telekommunikasiya xidməti vasitəsinə çatması üçün sərf edilən vaxt müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan müddətdən artıq olmamalıdır.
31.4. Universal telekommunikasiya xidmətinin göstərilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən müsabiqə nəticəsində seçilmiş operator, provayder tərəfindən, müsabiqə baş tutmadığı halda isə üzərinə universal xidmətlərin göstərilməsi vəzifəsi qoyulmuş telekommunikasiya operatoru tərəfindən müqavilə əsasında həyata keçirilir.
31.5. Universal telekommunikasiya xidmətlərinin göstərilməsi üçün operatora, provayderə lazım olan vəsaitin ayrılması və bu məqsədlə sərf olunan vəsaitin geri qaytarılması (kompensasiya) qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
31.6. Bu maddənin tələbləri, müvafiq yaşayış məntəqəsində eyni xidmətlərin digər şəxslər tərəfindən göstərilməsindən asılı olmayaraq, tətbiq edilir.
31.7. Operatorlar, provayderlər tərəfindən təmin edilən universal telekommunikasiya xidmətləri üzrə tariflər və hesablaşma qaydaları müvafiq icra hakimiyyəti orqanı ilə operator arasında bağlanan müqavilə əsasında tənzimlənir.

V fəsil. Telekommunikasiya subyektlərinin hüquqları, vəzifələri və məsuliyyəti

Maddə 32. Operatorların və provayderlərin hüquqları
32.1. Operatorlar aşağıdakı hüquqlara malikdirlər:
32.1.1. öz telekommunikasiya şəbəkələrini planlaşdırmaq və inkişaf etdirmək (genişləndirmək);
32.1.2. qanunvericiliklə müəyyən olunmuş qaydada nömrə resurslarını və radiotezlikləri almaq və onlardan istifadə etmək;
32.1.3. qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa, göstərdikləri telekommunikasiya xidmətlərinin tariflərini və ödəmə qaydasını, müstəqil müəyyən etmək;
32.1.4. ayrılmış nömrə resursundan abunəçilərinə məxsusiləşdirmə kodlarını vermək;
32.1.5. operator və abunəçi arasında bağlanmış müvafiq müqavilədə müəyyən edilən istifadə qaydalarına riayət etməyən abunəçilərə telekommunikasiya xidmətlərinin göstərilməsini dayandırmaq;
32.1.6. qanunvericiliyə uyğun qaydada telekommunikasiya sahəsində fəaliyyətini dayandırmaq (yaxud fəaliyyətinə xitam vermək);
32.1.7. qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
32.2. Provayderlər aşağıdakı hüquqlara malikdirlər:
32.2.1. müvafiq operatorla bağladığı müqavilə əsasında ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulmaq və xidmətlər göstərmək;
32.2.2. qanunvericiliklə müəyyən olunmuş qaydada nömrə resurslarından və radiotezliklərdən istifadə etmək;
32.2.3. göstərdikləri telekommunikasiya xidmətlərinin tariflərinin və ödəmə qaydasını, qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa, müstəqil müəyyən etmək;
32.2.4. qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

Maddə 33. Operatorların və provayderlərin vəzifələri
33.1. Operatorlar aşağıdakı vəzifələri daşıyırlar:
33.1.1. telekommunikasiya sahəsində müəyyən olunmuş normativ hüquqi aktlara uyğun fəaliyyət göstərmək;
33.1.2. abunəçi ilə bağlanan müqaviləyə əsasən üzərinə düşən vəzifələri yerinə yetirmək;
33.1.3. istehlakçıların hüquqlarını pozmamaq;
33.1.4.qarşılıqlı arabağlantı müqavilələrini bağlamaq;
33.1.5. telekommunikasiya xidmətlərini müəyyən edilmiş standart, norma və qaydalara uyğun keyfiyyətlə göstərmək;
33.1.6. trafikin normativ hüquqi aktlara uyğun istiqamətləndirilməsinə əməl etmək;
33.1.7. abunəçilər və istifadəçilər tərəfindən ixtisaslaşdırılmış təcili yardım xidmətlərinin çağırılması üçün telekommunikasiya şəbəkələrindən ödənişsiz istifadəni təmin etmək;
33.1.8. telekommunikasiya xidmətinin göstərilməsi məhdudlaşdırıldığı halda da, ixtisaslaşdırılmış təcili yardım xidmətləri ilə əlaqəni mümkün həddədək təmin etmək;
33.1.9. müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsinə telekommunikasiya vasitələri və qurğularının istifadə olunduğu yerdə yoxlanmasına qanunvericiliklə müəyyən edilmiş qaydada şərait yaratmaq;
33.1.10. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələr.
33.2. Bu Qanunun 31.1.-ci maddəsində göstərilmiş vəzifələr, bu Qanunun 32.1.4.-cü maddəsi istisna olmaqla, provayderlərə də şamil edilir.

Maddə 34. Abunəçilərin hüquq və vəzifələri
34.1. Abunəçilər aşağıdakı hüquqlara malikdirlər:
34.1.1. operatoru, provayderi sərbəst seçmək;
34.1.2. keyfiyyətli telekommunikasiya xidmətlərini tələb etmək;
34.1.3. operatorun, provayderin fəaliyyətindən qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət vermək;
34.1.4. qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
34.2. Abunəçilər aşağıdakı vəzifələri daşıyırlar:
34.2.1. qanunvericiliyə uyğun müəyyən edilmiş telekommunikasiya xidmətlərindən istifadə qaydalarına riayət etmək;
34.2.2. telekommunikasiya şəbəkəsinə operator, provayder ilə bağlanmış müqavilələrə, qanunvericiliklə müəyyən edilmiş standartlara və digər tələblərə uyğun son avadanlıq qoşmaq;
34.2.3. telekommunikasiya şəbəkələrinin istismarını, bütövlüyünü, qarşılıqlı bağlantısını, informasiya mühafizəsini, radioelektron vasitələrinin elektromaqnit uyğunluğunu təhlükə altına qoyan, habelə digər subyektlər üçün telekommunikasiya xidmətlərinin göstərilməsini çətinləşdirən, yaxud qeyri-mümkün edən əməllərə yol verməmək;
34.2.4. operator, provayder ilə bağlanmış müqavilələrin şərtlərinə əməl etmək, o cümlədən istifadə etdikləri telekommunikasiya xidmətləri haqlarını vaxtı-vaxtında ödəmək;
34.2.5. son avadanlığın istifadə olunduğu yerdə yoxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada şərait yaratmaq;
34.2.6. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələr.

Maddə 35. Telekommunikasiya şəbəkələrinin, vasitələrinin və qurğularının mühafizəsi
35.1. Azərbaycan Respublikasında telekommunikasiya şəbəkələri, vasitələri və qurğularının mühafizəsinə dövlət tərəfindən hüquqi təminat verilir. Telekommunikasiya şəbəkələrinə, vasitələri və qurğularına qanunvericiliklə müəyyən olunmuş mühafizə zonası və zolaqları ayrılır.
35.2. Layihə və tikinti ilə məşğul olan hüquqi və fiziki şəxslər binaların, tikililərin, şəbəkələrin, qurğuların tikintisi, təmiri, yenidənqurulması və bərpası zamanı tikinti sahələrində mövcud olan telekommunikasiya şəbəkələrini, vasitələrini və qurğularını mühafizə etməlidirlər.
35.3. Telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir.
35.4. Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Operatorlar, provayderlər bu qaydalara zidd olmayan əlavə mühafizə tədbirləri görə bilərlər.

Maddə 36. Telekommunikasiya vasitə və qurğularının digər infrastruktur obyektlərində yerləşdirilməsi
36.1. Mövcud yaşayış məntəqələrini inkişaf etdirmək, yeni yaşayış məntəqələri salmaq məqsədilə baş planlar hazırlayarkən və ayrı-ayrı yaşayış məntəqələrini və komplekslərini, inzibati-ictimai binaları və tikililəri layihələndirərkən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları qüvvədə olan normativlərə uyğun olaraq, telekommunikasiya vasitə və qurğularının yerləşdirilməsi üçün binaların tikintisi məqsədi ilə onların mülkiyyətində olan sahələr ayırmalıdırlar. Eyni zamanda tikilməkdə olan yaşayış və ya inzibati binalarda telekommunikasiya xidmətlərinin göstərilməsi üçün texniki normalara uyğun gələn xüsusi otaqları və sahələri müvafiq qaydada operatorlara, provayderlərə istifadəyə verməlidirlər.
36.2. Binaların, körpülərin, kollektorların, tunellərin (o cümlədən metropoliten tunellərinin), avtomobil və dəmir yollarının, digər mühəndis obyektlərinin və texnoloji meydançaların mülkiyyətçiləri ilə magistral şəbəkə operatoru arasında bağlanmış müqaviləyə əsasən bu obyektlərdə mövcud normativlərə uyğun olaraq telekommunikasiya şəbəkələrinin və qurğularının quraşdırılması, tikintisi və istismarı təmin edilir.
36.3. Dövlət və yerli özünüidarəetmə orqanları zədələnmiş telekommunikasiya şəbəkələrinin və qurğularının bərpası üzrə təxirəsalınmaz qəza-texniki işlər aparılması üçün operatorlara, provayderlərə lazım olan nəqliyyat vasitələri və xüsusi texnikanın müvafiq qaydada ayrılmasını təmin edirlər.

Maddə 37. Telekommunikasiya şəbəkəsinin elektrik enerjisi ilə təchizatı
37.1. Azərbaycan Respublikasında telekommunikasiya şəbəkələri, vasitələri və qurğuları elektrik enerjisinin birinci dərəcəli istehlakçısı hesab edilməklə, ölkənin vahid enerji sistemi vasitəsi ilə fasiləsiz təchiz olunmalıdırlar.
37.2. Operatorlar, provayderlər dayanıqlı fəaliyyət göstərmək üçün ehtiyat enerji mənbələri yaradırlar.

Maddə 38. Telekommunikasiyada məxfiliyin təmin olunması
38.1. Azərbaycan Respublikasında telekommunikasiya şəbəkələri vasitəsilə ötürülən məlumatların məxfiliyi Azərbaycan Respublikasının Konstitusiyası və digər müvafiq normativ hüquqi aktlarla qorunur.
38.2. Telekommunikasiya şəbəkələri vasitəsilə ötürülən məlumatlarının məxfiliyinin məhdudlaşdırılmasına yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda yol verilir.
38.3. Operatorlar, provayderlər şəbəkələri vasitəsilə ötürülən məlumatların məxfiliyini təmin etməlidirlər.
38.4. Telekommunikasiya şəbəkələrindən istifadə haqqında məlumatlar yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda verilə bilər.
38.5. Telefon danışıqlarının və digər telekommunikasiya vasitələri ilə ötürülən məlumatların açıqlanmasına yalnız qanunvericilikdə müəyyən edilmiş hallarda yol verilir.
38.6. Tərkibində dövlət sirri olan məlumatların telekommunikasiya şəbəkələri vasitəsilə ötürülməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

Maddə 39. Operatorların, provayderlərin əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla qarşılıqlı əlaqəsi
39.1. Operatorlar, provayderlər qanunla müəyyən edilmiş qaydada əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün şərait yaratmağa, bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şərtlərə uyğun telekommunikasiya şəbəkələrini əlavə texniki vasitələrlə təchiz etməyə, təşkilati məsələləri həll etməyə və bu tədbirlərin keçirilməsində istifadə olunan üsulları gizli saxlamağa borcludur.
39.2. Bu tələblərin pozulmasına görə operator, provayder qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Maddə 40. Abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblər
40.1. Müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi qanunvericiliyin tələbləri və operator, provayder ilə abunəçi arasında bağlanan müqavilə əsasında həyata keçirilir.
40.2. Operator, provayder texniki imkanlarına uyğun olan telekommunikasiya xidmətinin göstərilməsi üçün müraciət edən abunəçi ilə belə xidmətin göstərilməsinə dair müqavilə bağlamaqdan, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla imtina edə bilməz.
40.3. Müqavilədə və onun tərkib hissəsi sayılan digər sənədlərdə aşağıdakı müddəalar əks etdirilir:
40.3.1. telekommunikasiya xidmətindən istifadə üçün abunəçinin məxsusləşdirmə kodu zəruri olduqda abunəçinin son avadanlığının qoşulma ünvanı;
40.3.2. xidmətin ödənilmə qaydası;
40.3.3. son avadanlığının telekommunikasiya şəbəkəsinə qoşulmasının və istifadəsinin müddəti (vaxtı) və şərtləri;
40.3.4. müqavilənin dayandırılmasının və ləğv edilməsinin şərtləri;
40.3.5. tərəflərin vəzifələri, hüquqları və məsuliyyəti;
40.3.6. telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair tələblər;
40.3.7. abunəçiyə təklif olunan texniki qulluq;
40.3.8. mübahisələrə baxılma qaydası;
40.3.9. abunəçi barədə məlumatların sorğu məlumat mənbələrində göstərilməsinə onun razılığı (etirazı);
40.3.10. qanunvericiliyə zidd olmayan digər şərtlər.
40.4. Abunəçi telekommunikasiya xidməti üzrə bağlanılan müqavilənin şərtlərinin pozulması barədə iddia qaldırarsa, iddianın baxıldığı müddətdə telekommunikasiya xidmətindən məhrum edilə bilməz.
40.5. Fövqəladə hallar və təbii fəlakətlər istisna olmaqla, hər hansı səbəbdən telekommunikasiya xidmətləri məhdudlaşdırıldığı və ya dayandırıldığı halda operator, provayder abunəçini onun səbəbləri və müddəti barədə əvvəlcədən məlumatlandırır.
40.6. Operator, provayder yenidən təşkil olunarsa, qanunvericilikdə müəyyən edilən tələblərə riayət etmək şərtilə abunəçinin əvvəlki operator, provayder ilə bağladığı müqavilə ilə müəyyən edilmiş hüquqları əsassız məhdudlaşdırıla bilməz .
40.7. Abunəçilərə telekommunikasiya xidmətlərinin göstərilməsinə dair hər bir operator, provayder tərəfindən tətbiq edilən müqavilənin nümunəsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət edilir.

Maddə 41. Telekommunikasiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar dəymiş zərərin ödənilməsi
 41.1. Telekommunikasiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar hər hansı subyektə dəymiş zərərin əvəzi qanunla müəyyən edilmiş qaydada ödənilir.
41.2. Nömrə resursu genişlənmə ilə əlaqədar dəyişdirildikdə operatorlar, provayderlər ayrılmış nömrə resursundan istifadə etməli, müəyyən olunmuş müddətdə şəbəkənin nömrəsini dəyişməli və bununla bağlı bütün zəruri xərcləri ödəməlidir.
41.3. Ümumistifadəli telekommunikasiya şəbəkəsində operatordan, provayderdən asılı olan səbəblərdən yaranan nasazlıqlar istisna olmaqla, telekommunikasiya xidmətlərinin istifadəçisinin xətlərində ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulmuş son avadanlığında nasazlıqların aradan qaldırılması üzrə xərclər telekommunikasiya xidmətinin istifadəçisi tərəfindən ödənilir.

Maddə 42. Dövlət ehtiyacları üçün telekommunikasiya şəbəkələri kanallarının ayrılması
 42.1. Azərbaycan Respublikasının dövlət hakimiyyəti, o cümlədən müdafiə, təhlükəsizlik və hüquq mühafizə orqanlarının ehtiyacları üçün ümumistifadəli və idarə telekommunikasiya şəbəkələrinin kanalları qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqavilə əsasında icarəyə verilir.
42.2. Operatorlar, provayderlər dövlət hakimiyyəti, o cümlədən müdafiə, təhlükəsizlik və mühafizə orqanlarının ehtiyacları üçün telekommunikasiya kanallarının ayrılmasını, etibarlığını ilk növbədə təmin etməli, telekommunikasiya kanalları zədələndikdə onların dəyişdirilməsi, bərpası üçün təxirəsalınmaz tədbirlər görməlidirlər.

Maddə 43. Telekommunikasiya fəaliyyəti sahəsində hüquqpozmalara görə məsuliyyət
43.1. Telekommunikasiya fəaliyyətinin həyata keçirilməsi zamanı istehlakçıların hüquqlarının pozulmasına, mövcud standartlara, norma və qaydalara, habelə müqavilə şərtlərinə əməl edilməsinə görə və bu Qanunda nəzərdə tutulmuş digər hallarda təqsirkar şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
43.2. Telekommunikasiya fəaliyyəti subyektləri yol verdikləri hüquqpozmalara görə qanunla və mövcud müqavilələrdə nəzərdə tutulan əsaslar ilə məsuliyyətə cəlb edilə bilərlər.
43.3 Qanunvericilikdə başqa qayda müəyyən edilməyibsə, telekommunikasiya şəbəkələri ilə ötürülən məlumatların məzmununa görə operatorlar və provayderlər məsuliyyət daşımırlar.

VI fəsil. Telekommunikasiya sahəsində fəaliyyətin iqtisadi əsasları

Maddə 44. Telekommunikasiya şəbəkələri və vasitələri üzərində mülkiyyət hüququ
44.1. Telekommunikasiya şəbəkələri, qurğuları və vasitələri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər.
44.2. Dövlət, mülkiyyət formasından asılı olmayaraq, operatorlar, provayderlər üçün bərabər hüquqi şərait yaradır.
44.3. Dövlət mülkiyyətində olan telekommunikasiya şəbəkələri, qurğuları və vasitələrinin təsnifatı normativ hüquqi aktlarla müəyyən edilir.

Maddə 45. Telekommunikasiya şəbəkələri, qurğuları və vasitələri ilə bağlı mülkiyyət formasının dəyişdirilməsi
45.1. Telekommunikasiya şəbəkələri, qurğuları və vasitələrinin (o cümlədən dövlətin mülkiyyətində olanların) mülkiyyət forması qanunla nəzərdə tutulmuş qaydada dəyişdirilə bilər.
45.2. İstənilən hüquqi və fiziki şəxslər telekommunikasiya sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin özəlləşdirilməsində, icarəyə və idarəetməyə verilməsində Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada iştirak edə bilərlər.
45.3 Telekommunikasiya şəbəkələri, qurğuları və vasitələri üzərində mülkiyyət formasının dəyişdirilməsinə onların mövcud maddi-texniki bazasını zəiflətməmək və texnoloji fəaliyyəti pozmamaq, habelə fiziki və hüquqi şəxslərin telekommunikasiya xidmətlərindən istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırmamaq şərti ilə qanunvericiliklə müəyyən olunmuş qaydada yol verilir.

Maddə 46. Telekommunikasiya ehtiyacları üçün torpaqdan və digər daşınmaz əmlakdan istifadə
46.1. Telekommunikasiya şəbəkələri, vasitələri və qurğuları qanuna uyğun olaraq dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarda yerləşdirilə bilər.
46.2. Torpaq sahələrinin ayrılması, mühafizə zona və zolaqlarının müəyyənləşdirilməsi qaydaları, onlardan istifadə müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.
46.3. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zolaqlarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.
46.4. Yaşayış məntəqələrinin yenidənqurulması, ayrı-ayrı binaların, yolların, körpülərin təmiri, meliorasiya işlərinin görülməsi, faydalı qazıntı yataqlarının emalı zamanı və bu kimi digər hallarda telekommunikasiya qurğularının köçürülməsi və ya yenidənqurulması sifarişçinin vəsaiti hesabına, mövcud standartlara və telekommunikasiya şəbəkəsinin mülkiyyətçisinin texniki şərtlərinə uyğun şəkildə həyata keçirilir.
46.5. Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı, və qəza bərpa işlərinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
46.6. Telekommunikasiya şəbəkələrinin və qurğularının layihələşdirilməsi, tikintisi, təmiri, yenidənqurulması, quraşdırılması və yerdəyişməsi müvafiq dövlət və sahə standartlarına, müəyyən edilmiş norma və qaydalara uyğun olaraq həyata keçirilir.
 
Maddə 47. Telekommunikasiyanın inkişafına investisiya qoyuluşu və onun fəaliyyətinin maliyyələşdirilməsi mənbələri
47.1. Telekommunikasiyanın inkişafına investisiya qoyuluşu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
47.2. Telekommunikasiyanın inkişafı üçün investisiya qoyuluşuna dair qərarlar qanunvericilikdə müəyyən olunmuş qaydada, müvafiq dövlət proqramları və müqavilələr əsasında qəbul olunur.
47.3. Müvafiq ərazilərin sosial-iqtisadi inkişaf proqramlarına uyğun olaraq telekommunikasiyanın inkişafı üçün aidiyyəti icra hakimiyyəti orqanları da müəyyən tədbirlər görürlər.
47.4. Xarici investisiyaların telekommunikasiyanın inkişafına cəlb edilməsi və onların qorunması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun ola