12-16 iyun 2016-ci il tarixlərdə Çex Respublikasının paytaxtı Praqada TERENA Şəbəkə Konfransı (TERENA Networking Conference – TNC16) keçiriləcək.
Çex Milli Tədqiqat və Təhsil Şəbəkəsi (Czech National Research and Education Network – CESNET) tərəfindən təşkil olunan konfrans Avropanın aparıcı şəbəkə təşkilatları və mütəxəssislərini, əsas elmi-tədqiqat mərkəzləri, institut və təşkilatları, ali təhsil müəssisələri, eləcə də sənaye nümayəndələrini bir araya gətirəcək.
“İnsanların interneti” devizi altında keçirilən 4 günlük konfransda əsasən cloud computing, qabaqcıl şəbəkə texnologiyaları, gələcəyin təhsil modelləri, qabaqcıl autentifikasiya texnologiyaları və gələcəyin interneti ilə bağlı elmi və texnoloji müstəvidə müzakirələr aparılacaq.
Onlayn qeydiyyat üçün son tarix 3 iyun 2016-cı il təyin olunmuşdur.
Qeyd edək ki, hər il 650-dən çox mütəxəssisin iştirak etdiyi konfrans Avropa elm və təhsil şəbəkələri üzrə ən böyük və nüfuzlu tədbir hesab olunur.