Uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması sahəsində əhəmiyyətli elmi nəticələr əldə olunub Oktyabr 31, 2023 | 10:23 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib.

AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova tədbiri giriş sözü ilə açaraq, elmi seminarın institutun baş mütəxəssisi Sabirə Ocaqverdiyevanın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb.

S.Ocaqverdiyeva “Uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini təqdim edərək, tədqiqatın məqsədinin uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin edilməsi üçün intellektual texnologiyaların tətbiqi ilə metod və alqoritmlərin işlənməsi olduğunu bildirib.

Məruzəçi qeyd edib ki, virtual məkanda, əsasən də sosial mediada son zamanlar arzuolunmaz mənəvi və əxlaqi keyfiyyətləri aşılayan zərərli kontentlərin (pornoqrafiya, işgəncə, qəddarlıq səhnələri, narkotik, spirtli içkilər, terrorizm, vandalizm, pis vərdişlərin təbliği və s.) böyük sürətlə artması uşaqlar üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir. İnternet asılılıq problemləri uşaq psixologiyasına, tərbiyə və davranışlarına mənfi təsir edir. Bədniyyətlilər və kibercinayətkarlar tərəfindən uşaqlara hədə-qorxu, təcavüz kimi informasiya-psixoloji təsirlərin göstərilməsi halları informasiya təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaradır. Beynəlxalq aləmdə və ölkəmizdə uşaqların təhlükəsizliyi ilə bağlı mühüm sənədlər qəbul olunsa da, zərərli informasiyaya tam nəzarətin mümkün olmaması mövzunu daha da aktuallaşdırır.

S.Ocaqverdiyeva hazırda uşaqların internetdən təhlükəsiz istifadəsi problemlərinin həllinə yönəlmiş çoxlu sayda proqram təminatları və təhlükəsizlik sistemləri mövcud olduğunu, əksər ölkələrdə bu istiqamətdə milli səviyyədə müxtəlif tədbirlərin görüldüyünü bildirib. Əlavə edib ki, bu tədbirlərə baxmayaraq, virtual şəbəkədə uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün daha etibarlı proqram vasitələri, metod və mexanizmlərin yaradılmasına böyük ehtiyac vardır.

Tədqiqatçı bildirib ki, internet mühitində uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsində müasir vəziyyət analiz olunmuş və mövcud problemlər müəyyənləşdirilmişdir. Uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin edilməsi üçün konseptual model işlənmişdir.

Onun sözlərinə görə, tədqiqat işində veb-kontentlərdə vulqarizmlərin aşkarlanması üçün alqoritm, zərərli multimedia resurslarının klassifikasiyası və filtrasiyası üçün metodlar işlənilmişdir. Loq-faylların analizi əsasında uşaqların internet-asılılıq dərəcəsinin qiymətləndirilməsi ilə bağlı yeni metod təklif edilmiş, yaşa uyğun veb-kontentin seçilməsi üçün çoxkriteriyalı qərar qəbulu metodu, həmçinin, Mamdani qeyri-səlis məntiqi çıxarış metodundan istifadə etməklə informasiyaya girişin idarə olunması üçün metod işlənmişdir.

Məruzəçi elmi-tədqiqat işinə dair 1-i “Web of Science”, 4-ü “Scopus” elmi bazalarında olmaqla, ümumilikdə 12 məqalənin, o cümlədən 1-i “Scopus” bazasında və 5-i beynəlxalq konfranslarda olmaqla 14 konfrans materialının və 2 ekspress-informasiyanın nəşr olunduğunu söyləyib.

İddiaçının məruzəsindən sonra dissertasiya işinə dair təyin olunan rəyçilər – institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov çıxış edərək, tədqiqat zamanı qarşıya aktual məsələlərin qoyulduğunu, dissertasiya işinin həm nəzəri, həm də praktiki baxımdan maraq doğurduğunu, elmi yeniliyə malik olduğunu qeyd ediblər, irad və təkliflərini səsləndiriblər.

Sonra iddiaçı texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın ona ünvanladığı sualları cavablandırıb.

Dissertasiya işinə dair təyin olunmuş elmi rəhbər – AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, mövzu ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim dissertasiya çərçivəsində aparılan fundamental tədqiqatların dövlət başçısı tərəfindən qəbul olunmuş bir sıra mühüm konseptual sənədlərdə diqqətə çatdırılan aktual problemlərə həsr olunduğunu bildirib: “AR Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş 28 avqust 2023-cü il tarixli “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nda da informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsi üçün internetdən gələn qlobal təhdidlərdən, zərərli informasiyalardan və yaranan fəsadlardan uşaqların mühafizəsi; onların internetdən təhlükəsiz istifadə imkanlarının möhkəmləndirilməsi və s. kimi məsələlərin araşdırılmasına xüsusi yer verilmişdir”.

Elmi rəhbər tədqiqat işində uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün milli səviyyədə müxtəlif tədbirlərin görülməsi, Milli Təhlükəsiz İnternet Mərkəzinin yaradılması ilə bağlı beynəlxalq təcrübəyə əsaslanan konseptual baxışların, təkliflərin irəli sürüldüyünü qeyd edib.

Akademik R.Əliquliyev uşaqların zərərli informasiyadan qorunması sahəsində elmi-nəzəri problemlərin araşdırılması və bu sahədə dünya təcrübəsinin, beynəlxalq çağırışların öyrənilməsinin vacibliyini vurğulayıb. Dissertasiya işində müvafiq istiqamətdə əsaslı tədqiqatların aparıldığını, əhəmiyyətli elmi nəticələrin əldə edildiyini və qarşıya qoyulmuş məsələlərin həll edildiyini bildirib, tədqiqatı tamamlanmış elmi iş kimi qiymətləndirib.

Daha sonra dissertasiya işi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Müzakirələrdə iştirak edən texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, iqtisad elmləri doktoru, dosent Əlövsət Əliyev və texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova iddiaçının yerinə yetirdiyi tədqiqat işinin AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən müvafiq ixtisas üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə tam cavab verdiyini bildiriblər və müdafiəyə tövsiyə ediblər.

Sonda açıq səsvermə keçirilib. Dissertasiya işinin növbəti mərhələyə təqdim olunmasına yekdilliklə qərar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı