827
İnternet mühitində reklam və marketinq fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı tədqiqatlar aparılıb Fevral 14, 2024 | 11:15 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib.

AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova tədbiri giriş sözü ilə açaraq, elmi seminarın institutun baş mütəxəssisi Kəmalə Haşımovanın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb.

Sonra K.Haşımova “İnternet mühitində reklam və marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işini təqdim edərək tədqiqatın məqsədinin internet mühitində reklam və marketinq fəaliyyətinin səmərəliliyinin artırılması, müştəri məmnunluğunun əldə edilməsi üçün metod və alqoritmlərin işlənilməsi olduğunu bildirib.

Mövzunun aktuallığından bəhs edən məruzəçi qeyd edib ki, informasiya texnologiyalarının sürətli inkişafı ilə vətəndaşların internet xidmətlərindən istifadəsinin artması virtual məkanda reklam və marketinq fəaliyyətinin genişlənməsinə səbəb olmuşdur. İnternet reklam ənənəvi reklam vasitələrindən fərqli olaraq daha çox imkanlara (zaman, məkan, modulluq, interaktivlik və s.) malikdir və bu imkanlardan reklam işlərində səmərələliyin artırılması üçün geniş istifadə oluna bilər. Əlavə edib ki, müasir informasiya texnologiyalarından istifadə etməklə reklam və marketinq sahəsində səmərəliliyi artırmaq, rəylərin analik? emalı nəticəsində müştəri məmnunluğu əldə etmək üçün yeni metod və alqoritmlərin işlənməsi həlli vacib məsələlərdəndir.

O, dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün bir neçə məsələyə baxıldığını və həll olunduğunu diqqətə çatdırıb: “İnternet reklamın inkişaf perspektivləri, xüsusiyyətləri və imkanları araşdırılmış, mövcud problemlər müəyyənləşdirilmişdir. İnternetdə reklam və marketinqin səmərələliyinin artırılması üçün müvafiq göstəricilərin sayının azaldılması metodu işlənmiş, internet reklam kampaniyasının effektivliyinin dinamik dəyişməsi modeli işlənmişdir. Əldə olunan elmi nəticələrin yoxlanması məqsədi ilə eksperimentlər aparılmışdır”.

İddiaçının məruzəsindən sonra dissertasiya işinə dair təyin olunan rəyçilər – texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev və institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova çıxış edərək, dissertasiya işində əsaslı tədqiqatların aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu bildiriblər.

Daha sonra dissertasiya işinə dair təyin olunmuş elmi rəhbər – AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edib. Akademik dissertasiya işində süni intellekt texnologiyalarından istifadə etməklə reklam və marketinq siyasətinin qurulmasının, internet vasitəsilə həyata keçirilən alqı-satqı əməliyyatlarının, onlayn ticarətlə bağlı məlumatların emal edilməsi nəticəsində əldə olunan vacib biliklərin iqtisadiyyatın səmərəliliyinin artırılmasına təsiri ilə bağlı təklif və tövsiyələrini səsləndirib.

Elmi rəhbər tədqiqat işində internet mühitində reklam və marketinq işlərinin yüksək səviyyədə təşkili üçün ən son metod, model və texnologiyalardan istifadə olunmasının vacibliyini vurğulayıb. Bildirib ki, onlayn ticarətin səmərəliliyinin artırılması, biznes işinin yüksək səviyyədə təşkili ilə bağlı məsələlərin dissertasiya işində ətraflı şərh olunması mühüm məsələlərdəndir.

Daha sonra dissertasiya işi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. İddiaçı texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova,  iqtisad elmləri doktoru, dosent Əlövsət Əliyev, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın ona ünvanladığı sualları cavablandırıb.

Sonda irad, təklif və tövsiyələr nəzərə alınmaqla dissertasiya işinin növbəti mərhələyə təqdim olunması ilə bağlı qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı