Elektron dövlətin tərkib hissəsi kimi terminoloji informasiya sisteminin elmi-nəzəri əsasları işlənilmişdir Oktyabr 17, 2023 | 10:57 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev elmi seminarın institutun böyük elmi işçisi Əfruz Qurbanovanın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə təqdim etdiyi dissertasiya işi üzrə əldə olunmuş elmi-nəzəri nəticələrin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb.

Ə.Qurbanova “Milli terminoloji informasiya sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini təqdim edərək, tədqiqatın məqsədinin beynəlxalq təcrübə və standartlar əsasında e-dövlət platformasında Azərbaycan dili ekosisteminin tərkib hissəsi kimi milli terminoloji informasiya sisteminin yaradılması üçün model, metod və alqoritmlərin işlənilməsi olduğunu bildirib.

Mövzunun aktuallığından bəhs edən məruzəçi qeyd edib ki, beynəlxalq əlaqələrin genişlənməsi, iqtisadiyyatın sürətli inkişafı, informasiya texnologiyalarının cəmiyyətimizin bütün sahələrində uğurlu tətbiqi ilə yaranan və internet vasitəsilə dilimizə sel kimi daxil olan yeni terminlərin toplanması, tətbiqinin sürətləndirilməsi, onları sistemləşdirən mövcud terminoloji lüğətlərin vahid virtual mərkəzə toplanması milli dilin terminoloji bazasının müasir metodlarla zənginləşməsini tələb edir. Yaranmış bu vəziyyət və reallıqlar terminoloji fəaliyyətin inkişaf perspektivlərini ortaya çıxarır, ölkəmizdə terminoloji fəaliyyətin beynəlxalq təcrübə və müasir texnologiyaların imkanları nəzərə alınaraq yenidən qurulmasını – milli terminoloji informasiya sisteminin işlənməsini zəruri edir.

Onun sözlərinə görə, AR Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na “Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi” bəndi altında “Beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sisteminin yaradılması” məsələsinin də daxil edilməsi milli terminoloji informasiya sisteminin işlənməsini şərtləndirir.

İddiaçı dissertasiyanın giriş, 4 fəsil, nəticə, ədəbiyyat siyahısı və əlavələrdən ibarət olduğunu nəzərə çatdırıb. Elmi-tədqiqat işinə dair 2-si “Web of Science”, 1-i “Scopus” elmi bazalarında və 6-sı beynəlxalq jurnallarda olmaqla, ümumilikdə 16 məqalənin, o cümlədən 2-si “Web of Science”, “Scopus” elmi bazalarında və 5-i beynəlxalq konfranslarda olmaqla 11 konfrans materialının nəşr olunduğunu söyləyib.

“Dissertasiya işi çərçivəsində milli terminoloji informasiya mühitinin qiymətləndirilməsi üçün mövcud yanaşmaların müqayisəli analizi aparılmış, elmi-texnoloji problemləri aşkarlanmış, bu problemlərin həlli istiqamətində təkliflər işlənmişdir. Terminoloji informatikanın elmi-texnoloji problemləri analiz olunmuş, əsas inkişaf istiqamətləri müəyyən edilmiş və bu istiqamətlərdə elmi araşdırmaların aparılmasının vacibliyi əsaslandırılmışdır. Milli Terminoloji İnformasiya Sisteminin konseptual modeli və arxitektur-texnoloji prinsipləri işlənmiş, funksional alt sistemləri təhlil edilmiş, imkan və perspektivləri müəyyənləşdirilmişdir”, – deyə Ə.Qurbanova bildirib.

Tədqiqatçı qeyd edib ki, termin yaradıcılığı prosesləri və terminoqrafiya işlərinin avtomatlaşdırılması məsələləri, ölkədə bu sahədə mövcud vəziyyət, problemlər təhlil edilmiş və tövsiyələr verilmişdir. Predmet sahəsinin terminlərinin semantik şəbəkəsinin avtomatik qurulması texnologiyaları, terminlər arasında semantik əlaqələrin gücünün hesablanması metodu təhlil olunmuş, metodun tətbiqi istiqamətində proqram təminatı işlənmişdir. Milli terminoloji informasiya sistemi çərçivəsində terminoloji dinamiki proseslər riyazi qanunauyğunluqlar əsasında formalaşdırılmış və sistemin ümumi analizi üçün model işlənmişdir. Milli terminoloji informasiya sistemi əsasında nitqin anlaşıqlılıq səviyyəsinin qiymətləndirilməsi üçün riyazi model təklif olunmuşdur. Milli terminoloji informasiya sisteminin konsepsiyası çərçivəsində Milli Terminoloji veb-portal yaradılmış, sistemin reallaşdırılması istiqamətində təkliflər işlənmişdir. Təklif olunmuş metod və alqoritmlər təcrübi sınaqdan keçirilmiş, onların səmərəliliyi aparılmış eksperimentlər əsasında təsdiq olunmuşdur.

Sonra iddiaçı tədbir iştirakçılarının ona ünvanladığı sualları cavablandırıb.

Dissertasiya işinə dair təyin olunmuş elmi rəhbər – AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edib. Elmi-tədqiqat işində təklif edilən yeni yanaşma əsasında ölkədə ilk dəfə olaraq milli terminoloji informasiya modelinin yaradıldığını qeyd edən alim dissertasiya işini Azərbaycan dilinin qorunması və inkişafı üçün İnformasiya Texnologiyaları İnstitutunun mühüm töhfəsi kimi qiymətləndirib.

Akademik Rasim Əliquliyev elmi iş çərçivəsində institutda terminologiya sahəsində xarici təcrübə və beynəlxalq standartların araşdırılması istiqamətində əsaslı tədqiqatların aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu bildirib.

Daha sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, iqtisad elmləri doktoru, dosent Əlövsət Əliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev iddiaçının yerinə yetirdiyi dissertasiya işinin tamamlanmış iş olduğunu bildiriblər, irad və tövsiyələr nəzərə alınmaqla elmi-tədqiqat işinin növbəti mərhələyə təqdim olunmasını tövsiyə ediblər.

Sonda dissertasiya işinin institutun seminarında ilkin müzakirəyə təqdim olunmasına yekdilliklə qərar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı