AzScienceNet-in mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olundu Sentyabr 05, 2014 | 03:39 / Konfranslar, iclaslar

AMEA Rəyasət Heyətində AzScienceNet elm kompüter şəbəkəsinin (EKŞ) mövcud vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsinə həsr olunmuş müşavirə keçirildi. Müşavirədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev və digər alim və mütəxəssislər iştirak edirdilər.

Öncə çıxış edən İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev AzScienceNet EKŞ-nin fəaliyyətinin təşkil olunmasında əsas məqsədin Azərbaycan elminin inkişafına töhfə vermək olduğunu bildirdi. Şəbəkənin infrastrukturunun genişləndirilməsini AMEA və bütövlükdə ölkəmiz üçün ən mühüm hədəflərdən biri kimi qiymətləndirdi. Bildirdi ki, AzScienceNet-in texniki imkanlarının təkmilləşdirilməsi, şəbəkəyə yeni texnologiyaların tətbiqi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi qarşıda duran mühüm vəzifələrdir. Alim AzScienceNet-in inkişafına  elmi dəstək verilməsi məqsədilə bu sahədə elmi fəaliyyətin, tədqiqatların gücləndirilməsinin vacibliyini də önə çəkdi.

AzScienceNet şəbəkəsində informasiya təhlükəsizliyi insidentlərini cavablandırma qrupu olan AzScienceCERT xidmətinin əhəmiyyətindən danışan R.Əliquliyev burada təhlil və monitorinq işlərinin daha intensiv aparılması, AzScienceCERT ilə bağlı yeniliklərin geniş ictimaiyyətə çatdırılmasının vacibliyini diqqətə çatdırdı. Qeyd etdi ki, AMEA-da Wi-Fi texnologiyasının geniş tətbiqi, AzSciencenet EKŞ-nin Hosting, Cloud Computing, EduRoam kimi xidmətlərindən, həmçinin Data Mərkəzin imkanlarından istifadənin genişləndirilməsi akademiya rəhbərliyinin institut qarşısına qoyduğu vəzifələrdəndir.

Sonra baş mühəndis Rəşid Ələkbərov AzScienceNet-in ölkə üzrə infrastrukturunun genişləndirilməsilə bağlı görülən işləri diqqətə çatdırdı. Bildirdi ki, AMEA-nın 32 institut və təşkilatı fiber-optik kabel vasitəsilə AzScienceNet EKŞ-yə qoşulmuşdur. Bununla da həmin qurumlar yüksəksürətli internetə çıxış imkanı ilə təmin olunmuşlar. Bundan başqa, AzScienceNet-in internetə çıxış sürəti 250 Mb/san-yə çatdırılmışdır.

Qeyd etdi ki, ilin sonuna kimi AMEA Aşqarlar Kimyası İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi və Dendrologiya İnstitutlarının da fiber-optik kabellər vasitəsilə AzScienceNet şəbəkəsinə qoşulması nəzərdə tutulur.

AMEA-nın Gəncə Bölməsinin şəbəkə infrastrukturunun yenidən qurulduğunu diqqətə çatdıran R.Ələkbərov bölmədə distant tədrisin təşkili ilə bağlı mühüm işlərin görüldüyünü dedi. Bildirdi ki, bu addım Gəncənin elm və təhsil müəssisələrində fəaliyyət göstərən doktorant və dissertantlara informatika fənnindən distant mühazirələrin oxunmasına xidmət edir.

Müşavirədə, həmçinin AzScienceNet-in xidmətlərindən istifadənin genişləndirilməsi məqsədilə institutda seminar və treninqlərin təşkili, şəbəkənin fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılması məsələləri müzakirə olundu. AzScienceNet-də kadr hazırlığı prosesinin gücləndirilməsi, gənc kadrların şəbəkəyə cəlb edilməsi, Elm Tv-nin fəaliyyətinin təkmilləşdirilməsi və digər mövcud problemlər ətrafında fikir mübadiləsi aparıldı, müvafiq qərarlar qəbul olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı