AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarına yüksək dövlət mükafatları təqdim olundu Noyabr 18, 2015 | 06:00 / Mühüm hadisələr

Bu gün AMEA Rəyasət Heyətində akademiyanın 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaqda Prezident İlham Əliyevin irəli sürdüyü elmi prioritetlərin müzakirəsi ilə bağlı geniş iclas keçirilib. İlk olaraq AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycan elminə göstərdiyi yüksək qayğıya görə ölkə başçısına elmi ictimaiyyət adından dərin minnətdarlığını bildirib. Sonra A.Əlizadə Prezident İlham Əliyevin Ümumi yığıncaqda irəli sürdüyü elmi prioritetlər haqqında geniş məruzə ilə çıxış edib.

Akademiya rəhbəri alimlərin qarşısına qoyulan vəzifələrdən söz açıb. Dövlət başçısının Azərbaycan elminin qarşısında ölkənin yeni iqtisadi modelinin hazırlanması istiqamətində fundamental və tətbiqi tədqiqatların, o cümlədən qeyri-neft sektorunun gücləndirilməsi və ixrac potensialının artırılması, ölkənin demoqrafik vəziyyətinin respublikanın sosial-iqtisadi inkişaf perspektivləri ilə əlaqələndirilməsi və kompleks araşdırmaların aparılması, sənayenin inkişaf prosesində elmin yaxından iştirakına nail olunması kimi mühüm vəzifələr müəyyənləşdirdiyini bildirib. Akademik qeyd edib ki, AMEA-nın elmi bölmələrinin akademik-katibləri bu prioritetlərin elmi müəssisə və təşkilatların Elmi şuralarında geniş müzakirələrini təşkil etməli, təkliflər hazırlamalı, onların icrası ilə əlaqədar müvafiq qərar qəbul edərək AMEA Rəyasət Heyətinə təqdim etməlidirlər.

A.Əlizadə Azərbaycanın tarixi torpaqları haqqında aparılan araşdırmaların daha da dərinləşdirilməsi məsələsinə də toxunub. AMEA rəhbəri Zəngəzur və Göyçə mahallarının tarixi haqqında monoqrafiya və kitabların yazılmasının vacibliyini bildirib: “Göyçə, Zəngəzur mahalları bizim tarixi torpaqlarımızdır. Azərbaycanın tarixi həqiqətləri ilə bağlı araşdırmalar daha da genişləndirilməlidir. Alimlərimiz bu işlərə böyük töhfələr verməlidirlər”. 

AMEA rəhbəri Azərbaycanın 25 illik müstəqilliyinə həsr edilən sanballı elmi əsərlərin, o cümlədən Azərbaycanda multikulturalizmin tarixi, ənənələri, bugünkü reallıqları haqqında elmi əsaslandırmalar və dövlət siyasəti əsasında həm Azərbaycan dilində, həm xarici dillərdə daha da böyük elmi əsərlərin yaradılmasının da önəmliyini bildirib.

Tədbirdə AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarının rəhbərləri də çıxış edərək alimlər qarşısına qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində görüləcək işlərdən söz açıblar. Kimya Sənaye Parkının yaradılması prosesində Azərbaycan alimlərinin yaxından iştirakının təmin edilməsi, ölkədə kosmik sənayenin inkişafına dair bu sahədə beynəlxalq elmi təcrübənin mənimsənilməsi, xüsusən də yüksək tex­no­logiyalara dair araşdırmaların aparılması, Azərbaycanın neft-qaz sənayesinin inkişafı ilə əlaqədar  araşdırmaların bundan sonra da uğurla davam etdirilməsi, ölkənin demoqrafik vəziyyətinin respublikanın sosial-iqtisadi inkişaf perspektivləri baxımından kompleks araşdırılmasının vacibliyi bildirilib.  

Sonra yüksək dövlət mükafatları və fəxri adlara layiq görülmüş AMEA-nın 100-ə yaxın alim və mütəxəssisinə orden, medal və diplomlar təqdim edilib. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə təltif olunanlar sırasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, şöbə müdiri, texnika elmləri doktoru, professor Məsumə Məmmədova və institutun elmi katibi, şöbə müdiri  Mədinə Səidova da vardır. AMEA prezidenti Akif Əlizadə mükafatları təqdimetmə mərasimində Azərbaycan Respublikası Prezidentinin “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş R.Ələkbərova fəxri adın  medalı və vəsiqəsini və M.Səidovaya “Tərəqqi” medalı və vəsiqəsini təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı