http://www.informasiya.org/index.php?id=113

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 65 nömrəli Fərmanının 1.8-ci bəndinə uyğun olaraq hazırlanmışdır və elektron sənəd mübadiləsinin qaydasını müəyyənləşdirir.

1.2. Bu Qayda tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərə şamil edilmir.

1.3. Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələri elektron sənəd mübadiləsini Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın müddəalarını nəzərə almaqla həyata keçirirlər.

2. Elektron sənəd mübadiləsinin təşkili

Elektron sənəd mübadiləsinə aşağıdakılar daxildir:

- elektron sənədin formalaşdırılması;
- rekvizitlərin və gücləndirilmiş elektron imzanın əlavə edilməsi;
- elektron sənədlərin göndərilməsi;
- elektron sənədin həqiqiliyinin yoxlanılması;
- elektron sənədin alınmasının təsdiqi;
- daxil olan və ya göndərilən elektron sənədin qeydiyyatı;
- elektron sənədin saxlanılması.

3. Elektron sənədin formalaşdırılması

3.1. Elektron sənəd “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22-ci maddəsində göstərilmiş quruluşda formalaşdırılır. Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barəsində məlumatlar ümumi hissədə qeyd edilir.

Elektron sənəddə elektron imza ilə yanaşı bir qayda olaraq sənədin qeydiyyat nömrəsi, tarixi, ünvanı, göndərən təşkilatın (şəxsin) rekvizitləri əks etdirilməlidir.

3.2. Elektron sənədlərin yaradılması zamanı onun istifadəsi və göndərilməsi xüsusiyyətlərini əks etdirən əlavə məlumatlar da (telefon nömrələri, faks, elektron-poçt ünvanı, elektron sənədi təsdiqləmək hüququna malik olan iddiaçının adı və soyadı və s.) göstərilə bilər.

3.3. Elektron sənədlərdə rekvizitlərin tərkibi və yerləşdirilməsi sxemi sənədlərin tərtibatı üzrə kargüzarlıq qaydaları ilə kağız sənədlər üçün müəyyənləşdirilmiş tələblərə uyğun olmalıdır.

4. Elektron sənədin göndərilməsi və alınması

4.1. Elektron sənədin göndərilməsindən əvvəl onun düzgün tərtibatı (elektron imzaya, əsas və əlavə rekvizitlərə malik olması) və ünvanlanması yoxlanılır.

4.2. Elektron sənəd göndərən (bundan sonra - Göndərən), onun adından çıxış etmək səlahiyyəti olan şəxs və ya Göndərənin proqramlaşdırdığı qaydada avtomatik fəaliyyət göstərən informasiya sistemi tərəfindən göndərilə bilər.

4.3. Elektron sənəd Qanunun 27.3-cü maddəsində aşağıdakı hallarda Göndərən tərəfindən göndərilməmiş hesab olunur:

4.3.1. elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa;
4.3.2. elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə;
4.3.3. elektron sənədin həqiqiliyinin yoxlanılması nəticəsində elektron sənədi alana (bundan sonra - Alan) bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır.

4.4. Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alan qəbul etdiyi elektron sənədin həqiqiliyinin təsdiqlənməsi nəticəsində Göndərənin onu yolladığına əmin olur və istənilən, o cümlədən avtomatik vasitələrlə alınmanı birmənalı təsdiq edən qaydada Göndərəni məlumatlandırır.

4.5. Elektron sənədlər tərəflər arasında razılaşmaya uyğun olaraq müvafiq qaydada təsdiqlənə bilər. Təsdiqlənmə Alanın elektron imzası ilə imzalanmış elektron sənəd və ya elektron imzasız avtomatik bildiriş şəklində ola bilər.

4.6. Göndərənin göstərdiyi və ya tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilmiş müddət ərzində təsdiqləmə alınmamışdırsa, Göndərən bu barədə Alanı məlumatlandırır və təsdiqləmənin göndərilməsi müddətini təyin edir. Göstərilən müddətdə Göndərən təsdiqləmə almadıqda, elektron sənəd göndərilməmiş sayılır.

Bu halda Göndərən elektron sənədin məzmununu Alana digər rabitə vasitələri ilə çatdıra bilər.

5. Elektron sənədin həqiqiliyinin yoxlanılması

5.1. Elektron sənədin yoxlanılması elektron imza vasitələrindən istifadə edilməklə, aşağıdakı mərhələlər üzrə aparılır:

5.1.1. elektron sənədin müəyyən olunmuş formaya uyğunluğu və zəruri rekvizitlərə malik olmasının yoxlanılması;
5.1.2. elektron sənəddəki elektron imzanın həqiqiliyinin yoxlanılması.

5.2. Elektron imzanın həqiqiliyi “Elektron imzanın yoxlanılma Qaydası”na uyğun olaraq yoxlanılır.

5.3. Elektron sənədin yoxlanılmasının müsbət nəticələndiyi halda o, icraya qəbul edilir və ya əlavə emala verilir.

5.4. Elektron sənədin yoxlanılmasının mənfi nəticəsi münaqişəli hal hesab olunur və tərəflər arasında razılaşdırılmış qaydada həll edilir.

6. Elektron sənədin qeydə alınması

6.1. Elektron sənədlərin qeydə alınması elektron və ya kağız-uçot jurnallarında aparılır.

6.2. Elektron sənədlərin elektron jurnallarda qeydə alınması zamanı qeydə alınma məlumatlarının icazəsiz müdaxilələrdən mühafizəsi və təsadüfən məhv və ya təhrif edilməsinə yol verilməməsi təmin edilməlidir.

7. Elektron sənədin saxlanılması

7.1. Qanunun 29-cu maddəsinə uyğun olaraq elektron sənədin saxlanılması zamanı aşağıdakı şərtlər təmin olunmalıdır:

7.1.1. elektron sənəd yaradıldığı, ötürüldüyü və ya qəbul edildiyi quruluşu saxlasın;
7.1.2. elektron sənəd onu göndərəni, alanı, göndərilmə və alınma vaxtını müəyyən etməyə imkan versin;
7.1.3. elektron sənəddə olan informasiya növbəti istinad üçün istifadə edilə bilsin;
7.1.4. elektron sənədin saxlanılma müddəti kağız sənəd üçün nəzərdə tutulmuş müddətdən az olmasın;
7.1.5. qanunvericiliklə və tərəflərin razılığı ilə müəyyən edilən digər şərtlərə uyğun gəlsin.

7.2. Elektron sənədlərin saxlanılması zamanı müvafiq uçot jurnallarının, elektron imza yoxlama məlumatlarının (onların sertifikatının) aparılmasını və elektron imzaların yoxlanılmasını təmin edən proqramların saxlanması təmin olunmalıdır.

7.3. Elektron sənədlərin saxlanılması zamanı münaqişəli vəziyyətlərin araşdırılmasının həyata keçirilməsi üçün elektron sənədlər və müvafiq elektron imza yoxlama məlumatları arasında bağlılıq (sinxronlaşdırma) təmin edilməlidir.

7.4. Elektron arxivlər icazəsiz müdaxilədən, təsadüfi məhv və ya təhrif olunmadan mühafizə edilməlidir.

8. Elektron sənəd mübadiləsində informasiya təhlükəsizliyi

8.1. Elektron sənəd mübadiləsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi üçün proqram–texniki, inzibati və təşkilati tədbirlər həyata keçirilməlidir.

8.2. Elektron sənədin tərkibində olan konfidensial və fərdi məlumatların mühafizəsi üçün müvafiq vasitələrdən istifadə oluna bilər.

8.3. Elektron sənədlərlə yanaşı, onların rekvizitləri və elektron imzaları mühafizə olunmalıdır.

8.4. Dövlət orqanlarında elektron sənəd dövriyyəsinin təşkili zamanı informasiya təhlükəsizliyi üzrə tələblərin yerinə yetirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə uyğun sertifikatlaşdırılmış proqram-texniki vasitələrin və təşkilati tədbirlərin tətbiqi ilə həyata keçirilir. Sertifikatlaşdırılmış mühafizə vasitələri istismar sənədlərində müəyyən olunmuş tələblərə və şərtlərə ciddi riayət edilməklə istifadə olunmalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmişdir