“Çaylarda su ehtiyatlarının səmərəli istifadə sisteminin kompüter modelinin işlənməsi” mövzusunda dissertasiya işi müzakirə olundu Aprel 01, 2015 | 02:10 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Dissertasiya şurasının seminarında dissertant Almaz Əliyeva “Çaylarda su ehtiyatlarının səmərəli istifadə sisteminin kompüter modelinin işlənməsi” mövzusunda dissertasiya işini təqdim edərək işin aktuallığı, məqsədi, bu məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı.

İddiaçı dissertasiya işinin məqsədinin çayların su balansına təsir edən əsas amilləri nəzərə almaqla su ehtiyatlarının səmərəli istifadəsinin kompüter modelinin işlənməsi olduğunu dilə gətirdi.

A.Əliyeva tədqiqat işində su ehtiyatlarının səmərəli istifadəsinin konseptual modelinin, yerin relyefinin vektor xəritəsinin bəzi ümumi səhvlərinin aşkar edilməsi üçün alqoritm və proqram təminatının, su kütləsi su anbarından qəflətən axıdılarkən suyun çay məcrasında yerləşən məntəqələrə çatma müddətini müəyyən etmək üçün çay hövzəsində daşqınların proqnozlaşdırılması modelinin işlənildiyindən və Mingəçevir su anbarının timsalında su ehtiyatlarının səmərəli idarə sisteminin kompüter modelinin reallaşdırıldığından söz açdı.

Onun sözlərinə görə, dissertasiya işi yerinə yetirilərkən avtomatik idarəetmə, xəritəçəkmə, optimal idarəetmə, hidromexanika nəzəriyyələri, o cümlədən kartoqrafik informasiyaların yığılma metodları, eksperimental və ədədi üsullar, müasir coğrafi informasiya texnologiyaları və digər metodlardan istifadə olunmuşdur.

İşin elmi-praktiki əhəmiyyətini vurğulayan məruzəçi çayların su ehtiyatlarının səmərəli istifadəsinin əsas prinsiplərinin və müasir GİS (Coğrafi İnformasiya Sistemləri) texnologiyalarının nailiyyətləri nəzərə alınmaqla çayın su balansının proqnozlaşdırma alqoritminin işlənildiyini nəzərə çatdırdı. Qeyd etdi ki, təklif olunmuş metod və alqoritmlərdən daşqınların və quraqlığın qarşısının alınması, qaçılmaz kritik hallarda isə daşqınların proqnozlaşdırılması və dəyən zərərin minimuma endirilməsi üçün istifadə etmək mümkündür.

Sonra iddiaçı alim və mütəxəssislərin suallarını cavablandırdı.

Müzakirələrdə iştirak edən texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktorları Bikəs Ağayev, Şəfəqət Mahmudova və digərləri dissertasiya işinin aktuallıq baxımından müvafiq elm sahəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.

Sonra rəyçilər - texnika üzrə elmlər doktoru, professor Bayram İbrahimov, institutun layihə baş mühəndisi Məkrufə Hacırəhimova  irad və təkliflərini səsləndirdilər.

Sonda dissertasiya işinin növbəti mərhələyə buraxılması qərara alındı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı