“Qeyri-səlis neyron şəbəkə əsasında paylanmış biliklər bazasının layihələndirilmə modelləri və metodları” mövzusunda dissertasiya işi müzakirə olundu Mart 19, 2015 | 01:59 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova tədbirin texnika üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirdi.

Sonra texnika üzrə fəlsəfə doktoru Şahnaz Şahbazova “Qeyri-səlis neyron şəbəkə əsasında paylanmış biliklər bazasının layihələndirilmə modelləri və metodları” mövzusunda dissertasiyanı təqdim edərək işin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı. 

Qeyd etdi ki, dissertasiya işinin məqsədi müəllimin iştirakı olmadan təlimin tam kursuna və tələbənin biliklərinə nəzarət etməyə imkan verən intellektual tədris kompleksinin yaradılmasıdır. İddiaçının sözlərinə görə, bu kompleks onun inteqrasiya imkanlarını  reallaşdırır  və tədris müəssisələrində müəllimlərin yükünün əhəmiyyətli dərəcədə azaldılmasına, tədris materiallarının təkmilləşdirilməsinə və tədris prosesinin səmərəliliyinin artırılmasına imkan  verir.

Dissertasiya işində tədris prosesinin bütün aspektləri üzrə tədqiqatlar aparıldığını söyləyən Ş.Şahbazova bildirdi ki, bu araşdırmalar müasir avtomatlaşdırılmış təlim və biliyə nəzarət komplekslərinin yaradılmasında böyük əhəmiyyət kəsb edən əsas meyarların təyin edilməsi məqsədini daşıyır: “Analitik və riyazi modelləşdirmə ilə tədris prosesinin mürəkkəb yüksək intellektli mühitdə effektiv fəaliyyəti üçün intellektual informasiya sistemlərinin yaradılmasına imkan verən modellər və metodlar müəyyən edilmiş və onların təhsil prosesinə tətbiqi vasitəsilə təlimin  keçirilməsi, biliklərə nəzarət və tədris proqramları kurslarının idarə edilməsi həyata keçirilmişdir”.

İddiaçı qeyri-səlis neyron şəbəkə texnologiyası əsasında qurulan biliklər bazasının qəbul edilən qərarların adekvatlığını təmin etdiyini və bu texnologiyanın onu praktik olaraq istənilən tədris materialı ilə modifikasiya etməyə imkan verdiyini söylədi.

Ş.Şahbazova, həmçinin dissertasiyada təklif edilmiş elmi-tədqiqat işinin nəticələrinin ali məktəblərin şəbəkə sistemlərində öyrədici və testləşdirici intellektual informasiya kompleksində tətbiq edildiyini vurğuladı.

Sonra iddiaçı çoxsaylı sualları cavablandırdı. 

Dissertasiya işinə dair təyin olunan rəyçilər – texnika üzrə elmlər doktorları, professorlar Səlahəddin Yusifov, Bayram İbrahimov, İsmayıl İsmayılov çıxış edərək dissertasiya işində əsaslı tədqiqatlar aparıldığını, qarşıya qoyulmuş məsələlərin tamamilə həll olunduğunu və elmi yeniliklərin əldə edildiyini bildirdilər. Dissertasiyanın Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdilər, irad və təkliflərini səsləndirdilər.

Müzakirələrdə iştirak edən professor M.Məmmədova, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktorları Bikəs Ağayev, Şəfəqət Mahmudova, Məkrufə Hacırəhimova, Nigar İsmayılova və digərləri dissertasiya işinin aktuallığını önə çəkərək, alınmış elmi nəticələri yüksək qiymətləndirdilər.

Sonda səsvermə keçirildi və Dissertasiya Şurasının seminarının üzvləri tərəfindən dissertasiya işinin yekdilliklə növbəti mərhələyə keçirilməsi tövsiyə olundu. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı