176
İnstitutda səhiyyə 4.0 mühitində Əhalinin Sağlamlığı Observatoriyasının formalaşmasının elmi-nəzəri əsasları işlənilir İyul 15, 2024 | 10:13 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında səhiyyə 4.0 mühitində Əhalinin Sağlamlığı Observatoriyasının formalaşmasının elmi-nəzəri əsaslarının işlənməsi üzrə fəaliyyət göstərən şöbənin 2024-cü il üzrə yarımillik hesabatı müzakirə olunub.

Hesabatı təqdim edən şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova cari ilin birinci yarısında yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında məlumat verib. O, rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində “Məkan üzrə əhalinin sağlamlığı və demoqrafik təhlükəsizliyinin qiymətləndirilməsi, qərarların qəbulu” mövzusunda tədqiqatların yerinə yetirildiyini diqqətə çatdırıb.

Məruzəçi mövzu çərçivəsində məkan üzrə əhalinin sağlamlığının paylanmış intellektual monitorinqi sistemində tibbi-demoqrafik verilənlər axınının hərəkət trayektoriyalarına görə qərarların qəbulu üzrə konseptual modelin işlənildiyini, o cümlədən Azərbaycanın tibbi-demoqrafik profilinin müəyyənləşdirilməsi üçün statistik məlumat bazasının formalaşdırılması və süni intellekt metodları əsasında emalı üzrə analitik təhlillərin aparıldığını bildirib.

Prof. M.Məmmədova Səhiyyə 4.0 və e-dövlət platformasında vahid inteqrasiya olunmuş tibbi informasiya fəzasının formalaşması mexanizmlərinin işlənməsi ilə bağlı elmi-tədqiqat işi çərçivəsində tibdə rəqəmsal əkiz texnologiyalarının tətbiqi imkanları və pasiyentyönümlü tibbi rəqəmsal əkizin ontoloji modelinin, tibbi rəqəmsal əkiz ekosistemində pasiyentmərkəzli rəqəmsal tibbi əkizin formalaşması prinsiplərinin işləndiyini söyləyib.

“Qaraciyər xəstəlikləri üzrə müalicə-diaqnostik qərarların qəbulunu dəstəkləyən intellektual sistemin işlənməsi” mövzusu üzrə aparılan tədqiqatları diqqətə çatdıran şöbə müdiri tədqiqatın Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının həkimləri ilə birgə yerinə yetirildiyini qeyd edib. O, hepatosellular karsinomanın (HSK) diaqnostikası sisteminin istismar göstəricilərinə görə təkmilləşdirilməsi, HSK üzrə real milli bazanın formalaşdırılması və süni intellekt metodları ilə emalı, HSK-nın müalicəsi üzrə həkim qərarlarının dəstəklənməsi üçün həkim biliklərinin alınması və biliklərin təsviri modelinin işlənməsi istiqamətində tədqiqatların aparıldığını vurğulayıb.

Məruzəçi həmçinin qeyd edib ki, tibbi sosial media resurslarının münasibət seqmentlərindəki informasiyanın analizi və qərarların qəbulu üçün maşın təlimi metodlarının, sentiment və  kontent analizinin tətbiqi ilə tibbi sosial media seqmentindəki informasiya əsasında pasiyent məmnunluğunun qiymətləndirilməsi istiqamətində tədqiqatlar aparılıb.

Prof. M.Məmmədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” 25 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq yaşıl keçidi dəstəkləyən bacarıqların intellektual metodlar əsasında qiymətləndirilməsi isitqamətində tədqiqatın aparıldığını qeyd edib.

Məruzəçi yarımillik hesabat dövründə “Web of Science”, “Scopus”, “Springer” və digər beynəlxalq elmi bazalarda indeksləşən, o cümlədən respublika səviyyəli jurnallarda, eləcə də Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə edilən dövri elmi nəşrlərdə, respublika və beynəlxalq səviyyəli konfransların materiallarında çap olunmuş məqalə və tezislər haqqında məlumat verib.

M.Məmmədova rəhbərlik etdiyi şöbənin beynəlxalq əməkdaşlıq münasibətləri, xüsusilə GEANT Assosiasiyası ilə rəqəmsal tibbin inkişafı istiqamətində əməkdaşlığı üzrə görülmüş işləri diqqətə çatdırıb. O, şöbə əməkdaşları tərəfindən Avropa Komissiyası və Avropa Təhsil Fondunun təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində keçirilən seminarlarda iştirak edildiyini, Meksika Milli Avtonom Universiteti ilə yaşıl keçid, süni intellekt tətbiqləri istiqamətində əməkdaşlıq münasibətlərinin davam etdirildiyini söyləyib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev şöbənin gənc tədqiqatçılarının elmi fəaliyyətinin daha da gücləndirilməsi, qaraciyər xəstəlikləri üzrə müalicə-diaqnostik qərarların qəbulunu dəstəkləyən intellektual sistemin işlənməsi üzrə aparılan araşdırmaların elmi-nəzəri nəticələrinin nüfuzlu elmi jurnallarda nəşr olunması, həkim mütəxəssislərlə birgə multidissiplinar seminarın keçirilməsi və hepatosellular karsinoma üzrə milli bazanın formalaşdırılması istiqamətində işlərin sürətləndirilməsinə dair tövsiyələrini verib.

Elmi şuranın qərarı ilə şöbənin 2024-cü ilin birinci yarısı üzrə üzrə hesabatı qənaətbəxş hesab olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı