826
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülmüş işlərə dair hesabat dinlənilib May 30, 2024 | 01:00 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planının icrası istiqamətində yarımillik dövr ərzində görülmüş işlər haqqında məlumat verib.

R.Ələkbərov iqlim dəyişiklikləri üzrə dünyanın mötəbər tədbirlərindən biri hesab olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilməsinin qərara alınması, eyni zamanda “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının ölkəmizdə müvafiq qurumlar qarşısında mühüm vəzifələr qoyduğunu söyləyib.

Dosent R.Ələkbərov Elm və Təhsil Nazirliyinin, həmçinin digər qurumların  elm və ali təhsil müəssisələrində uzun müddətdir ki, yaşıl cəmiyyətin qurulması, alternativ enerji mənbələrinin müəyyənləşdirilməsi, istehsal edilməsi, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun, bütövlükdə, bütün ölkə ərazisində radiasiya təhlükəsizliyinin təmin olunması istiqamətində tədqiqatların aparıldığını qeyd edib. O, İnformasiya Texnologiyaları İnstitutunda son 6 ay ərzində bu istiqamətdə görülmüş işləri diqqətə çatdırıb.  

Məruzəçi yarımillik dövr ərzində “Yaşıl dünya naminə həmrəylik ili”nin kütləvi informasiya vasitələrində təbliği ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edərək, institut rəhbərliyi tərəfindən ölkənin bir çox nüfuzlu televiziya kanallarına, qəzetlərinə Azərbaycanda yaşıl siyasətin formalaşdırılması, yaşıl iqtisadiyyat, transformasiyalara dair müsahibələrin verildiyini, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda yaşıl texnologiyaların tətbiqi ilə bağlı çıxışların edildiyini vurğulayıb.

Dosent R.Ələkbərov əlavə edib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində institutun struktur bölmələrində çoxsaylı elmi seminarlar keçirilmiş, qurumun həmtəşkilatçılığı ilə “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar” adlı beynəlxalq konfrans, eləcə də İnformasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans (ITTA’2024) baş tutmuş və tədbirlərdə institut əməkdaşları tərəfindən məruzələr edilmişdir. Məruzəçinin sözlərinə görə, 12-14 mart 2024-cü il tarixlərində keçirilmiş Bakı Su Həftəsinə institut tərəfindən süni intellektə əsaslanan dronlardan istifadə etməklə suyun keyfiyyət göstəricilərini müəyyən edən intellektual, innovativ layihə təqdim olunmuş və bu layihə sərgi iştirakçılarının böyük marağına səbəb olmuşdur. 

İcraçı direktor həmçinin institutun təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə olaraq “Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirlərin pozitiv və neqativ aspektləri” respublika elmi konfransının keçirilməsinin nəzərdə tutulduğunu da diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev hesabata dair çıxış edərək rəhbərlik etdiyi institutda uzun illərdir ki, yaşıl ideyanın, yaşıl texnologiyaların tədqiq olunduğunu, yaşıl iqtisadiyyat, ekologiya kimi problemlərə böyük diqqət ayrıldığını bildirib. O, institutun alimlərinə bu istiqamətdə yeni təşəbbüslər irəli sürməyi, yaşıl transformasiyalarla bağlı tədqiqatların genişləndirilməsini, beynəlxalq çağırışların, standartların, Avropa Birliyinin qəbul etdiyi sənədlərin dərindən araşdırılmasını, eyni zamanda institutda bu istiqamətdə aparılmış tədqiqatların nəticələrini əks etdirən broşürlərin çap olunmasını, yaşıl tədqiqatlarla bağlı elmi-populyar materialların hazırlanmasını tövsiyə edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı