İnstitutda səhiyyə 4.0 mühitində Əhalinin Sağlamlığı Observatoriyasının formalaşmasının elmi-nəzəri əsasları işlənilir Mart 01, 2024 | 03:48 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında səhiyyə 4.0 mühitində Əhalinin Sağlamlığı Observatoriyasının formalaşmasının elmi-nəzəri əsaslarının işlənməsi üzrə elmi tədqiqatların cari il üçün fəaliyyət planı müzakirə olunub.

Fəaliyyət planını təqdim edən şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova cari ildə yerinə yetirilməsi nəzərdə tutulan elmi-tədqiqat işləri haqqında məlumat verib. O, rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində “Məkan üzrə əhalinin sağlamlığı və demoqrafik təhlükəsizliyinin qiymətləndirilməsi” mövzusunda tədqiqatların davam etdirildiyini diqqətə çatdırıb.

Məruzəçi mövzu çərçivəsində məkan üzrə əhalinin paylanmış intellektual monitorinq sistemində fərdlərin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi metodunun işlənilməsinin, o cümlədən Azərbaycanın tibbi-demoqrafik profilinin müəyyənləşdirilməsi üçün statistik məlumat bazasının formalaşdırılması və süni intellekt metodları əsasında emalının nəzərdə tutulduğunu bildirib.

M.Məmmədova səhiyyə 4.0 və e-dövlət platformasında vahid inteqrasiya olunmuş tibbi informasiya fəzasının formalaşması mexanizmlərinin işlənməsi ilə bağlı elmi-tədqiqat işi çərçivəsində görüləcək işlərdən bəhs edib. Məruzəçi bu istiqamətdə tibdə rəqəmsal əkiz texnologiyalarının tətbiqi imkanları və pasiyentyönümlü tibbi rəqəmsal əkizin ontoloji modelinin işlənilməsi və tibbi rəqəmsal əkiz ekosistemində rəqəmsal tibbi əkizin formalaşması prinsiplərinin işlənməsi istiqamətində araşdırmaların aparıldığını söyləyib.

“Qaraciyər xəstəlikləri üzrə müalicə-diaqnostik qərarların qəbulunu dəstəkləyən intellektual sistemin işlənməsi” mövzusu üzrə aparılan tədqiqatları diqqətə çatdıran şöbə müdiri tədqiqatın Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının həkimləri ilə birgə yerinə yetirildiyini bildirib. O, bu məqsədlə hepatosellular karsinomanın (HSK) diaqnostikası sisteminin istismar göstəricilərinə görə təkmilləşdirilməsi, HSK üzrə real milli bazanın formalaşdırılması və süni intellekt metodları ilə emalı, HSK-nın müalicəsi üzrə həkim qərarlarının dəstəklənməsi üçün biliklərin təsviri modelinin işlənməsi istiqamətində tədqiqatların aparılmasının planlaşdırıldığını vurğulayıb.

O, həmçinin qeyd edib ki, tibbi sosial media resurslarının münasibət seqmentlərindəki informasiyanın analizi və qərarların qəbulu məsələləri çərçivəsində süni intellekt metodlarının tətbiqi ilə tibbi sosial media seqmentindəki informasiya əsasında pasiyent məmnunluğunun qiymətləndirilməsi, o cümlədən tibbi sosial medianın pasiyent-xəstəlik-terapiya münasibətləri seqmentindəki informasiya əsasında özünəoxşar obrazın təyini istiqamətində tədqiqatlar aparılır.

Məruzəçi cari ildə şöbədə “Səhiyyə 4.0 platformasında əhalinin tibbi demoqrafik təhlükəsizliyinin idarə olunması üçün modellərin işlənməsi” mövzusunda aparılması nəzərdə tutulan tədqiqatları da diqqətə çatdırıb. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” 25 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq yaşıl keçidin insan sağlamlığına təsirləri ilə bağlı tədqiqatların aparılacağını qeyd edib.

Məruzəçi bildirib ki, cari ildə Web of Science, Scopus və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, eləcə də Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə edilən dövri elmi nəşrlərdə 8 məqalənin, o cümlədən respublika və beynəlxalq səviyyəli konfransların materiallarında 10 tezisin çapı planlaşdırılır.

M.Məmmədova rəhbərlik etdiyi şöbənin beynəlxalq əməkdaşlıq münasibətləri, xüsusilə rəqəmsal tibbin inkişafı və Səhiyyə 4.0-ın formalaşması istiqamətində GEANT Assosiasiyası ilə əməkdaşlığı barədə məlumat verib. O, şöbə əməkdaşları tərəfindən Avropa Komissiyası və Avropa Təhsil Fondunun təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində keçirilən seminarlarda iştirakın nəzərdə tutulduğunu, Meksika Milli Avtonom Universiteti ilə əməkdaşlıq münasibətlərinin davam etdirildiyini söyləyib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev şöbənin gənc tədqiqatçılarının elmi fəaliyyətinin daha da gücləndirilməsi, aparılan araşdırmaların elmi-nəzəri nəticələrinin nüfuzlu elmi jurnallarda nəşr olunması üçün yeni məqalələrin hazırlanmasına dair tövsiyələrini verib.

Elmi şuranın qərarı ilə şöbənin 2024-cü il üzrə fəaliyət planı qənaətbəxş hesab olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı