539
İnformasiya Texnologiyaları İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib Fevral 26, 2024 | 04:03 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda 1992-ci il fevralın 26-da baş vermiş Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə Xocalı soyqırımında həyatını itirən həmvətənlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov Xocalı faciəsinin 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifələrindən biri olduğunu bildirib. O, 32 il bundan öncə erməni işğalçılarının Xocalı şəhərinə hücum edərək yüzlərlə azərbaycanlının həyatına son qoyduqlarını, bu dəhşətli faciədə 613 insanın vəhşicəsinə öldürüldüyünü xatırladıb: “63 uşaq, 70 qoca, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmişdir. 487 nəfər yaralanmış, 1275 nəfər dinc sakin əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışdır. Ümumilikdə itkin düşən 150 nəfərin taleyi hələ də məlum deyil”.

Ümummilli Lider Heydər Əliyevin Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna xidmətlərindən söz açan R.Ələkbərov bildirib ki, Ulu Öndər tərəfindən 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman imzalanmışdır. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral Xocalı soyqırımı və milli matəm günü elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. 25 fevral 1997-ci ildə Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında Ulu Öndər Heydər Əliyev tərəfindən Fərman verilmişdir.

Onun sözlərinə görə, XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini Ümummilli Lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

R.Ələkbərov Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət, güclü dövlət və ordu strategiyasının torpaqlarımızın işğaldan azad olunmasını şərtləndirdiyini söyləyib. Müzəffər ordumuzun Azərbaycan xalqının tarixinə ən şanlı, şərəfli və qürurverici səhifəsini yazdığı 44 günlük müharibə nəticəsində Xocalı faciəsi qurbanlarının da qisasının döyüş meydanında alındığını vurğulayıb.

Qeyd edib ki, artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Dünyanın 13 ölkəsi, ABŞ-ın 22 ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırmını rəsmən tanıyıb.

“Müzəffər Ali Baş Komandanın nümayiş etdirdiyi dəmir iradə və qətiyyətlə ikinci Qarabağ müharibəsində tarixi Zəfər qazandıq. Hazırda milli birlik, siyasi iradə və güclü iqtisadiyyatımız sayəsində işğaldan azad olunmuş ərazilərimizə “Böyük Qayıdış”ın təmin olunması, öz torpaqlarından məcburi köçürülən vətəndaşlarımızın doğma yurdlarına qayıtmaları üçün kompleks tədbirlər görülür”, – deyə R.Ələkbərov bildirib. O, 2024-cü ilin ilk 6 ayında Xocalıya və Xankəndiyə ümumilikdə 100 ailənin köçürülməsinin planlaşdırıldığını qeyd edib. Hazırda azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin dünyanın ən qabaqcıl texnologiyalarından istifadə edilməklə yüksək sürətlə həyata keçirildiyini diqqətə çatdırıb.

Alim bildirib ki, Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. O, nitqinin sonunda Xocalı soyqırımı qurbanlarına Allahdan rəhmət diləyib, onların xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağına inamını ifadə edib.

İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova çıxış edərək, son iki əsrdə erməni millətçilərinin ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti apardıqlarını bildirib. Qeyd edib ki, törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir.

M.Məmmədova Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atıldığını deyib. Faciə ilə əlaqədar dəhşətli faktların bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırıldığını, planetin bütün guşələrində milyonlarla insanın erməni millətçilərinin əsl simasına bələd olduğunu söyləyib.

O, Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqində söylədiyi sözləri xatırladıb: “Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten sadəcə olaraq bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”. Qeyd edib ki, bu sözlər həm keçmişin dəyərləndirilməsi, həm də gələcəyin yol xəritəsi kimi tarixi önəm daşıyır.

Sonra çıxış edən institutun şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev bildirib ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi. 200 ildən çoxdur ermənilərin “Böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin, şəhidlərimizin qisasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

Tədbirdə çıxış edən institutun əməkdaşları, həmçinin Xocalı faciəsinin erməni millətçilərin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi, erməni faşizminin təzahürü olduğunu bildiriblər, dünya ölkələrinin millətimizə qarşı törədilmiş soyqırımı ilə bağlı daim məlumatlandırılmasının zəruriliyindən danışıblar.

Qan yaddaşımıza əbədi həkk olunmuş Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin hər zaman qəlblərdə yaşayacağı və böyük ehtiramla anılacağı vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı