781
İnstitutda müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində tədqiqatlar aparılır Fevral 22, 2024 | 09:51 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov institutda cari il ərzində müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində mürəkkəb   bulud  sistemlərinin  intellektual  analizi  və  sintezi  problemləri üzrə tədqiqatların aparılacağını diqqətə çatdırıb.

O, cari ildə “Bulud hesablama sistemlərinin sintezi və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda doktorluq dissertasiyası çərçivəsində görülən işlərin davam etdiriləcəyini, bulud texnologiyalarının elmi-nəzəri problemlərinin  araşdırılması, mobil hesablama sistemlərindən bulud resurslarının optimal paylanması  modelinin işlənməsinin nəzərdə tutulduğunu qeyd edib. Həmçinin, “Mobil bulud hesablamalarının optimal sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə elmi-tədqiqat işlərinin aparılacağını, proqram təminatlarının tiplərinə uyğun cloudletlərin seçilməsi  metodunun işlənəcəyini, eləcə də Verilənlərin Emal Mərkəzlərində enerjidən səmərəli istifadəsi üçün yaşıl hesablama texnologiyalarından istifadə məsələlərinin araşdırılacağını diqqətə çatdırıb.

Şöbə rəhbərinin sözlərinə görə, şöbədə Sənaye 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə “Kiber-fiziki sistemlərin intellektual şəbəkə infrastrukturunun sintezi üçün metod və alqoritmlərin işlənməsi”, “IoT şəbəkə infrastrukturunda kiberinsidentlərin vurduğu ziyanın qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzularında araşdırmalar davam etdiriləcək.

O, həmçinin, İnternet şəbəkəsi və superkompüter texnologiyalarının problemlərinin araşdırılması üzrə “Paylanmış hesablama sistemlərinin resurslarında səmərəli istifadəsində Enterprise Desktop Grid texnologiyalarından tətbiqi istiqamətində tədqiqat işlərinin aparılması”, “Şəbəkə sistemlərinin və vasitələrinin səmərəli idarə edilməsi mexanizmlərinin işlənilməsi”, “Superkompüterin enerji sərfiyyatında meydana çıxan problemlər və onların həlli yolları”, “Naqilsiz şəbəkə texnologiyaları: inkişaf mərhələləri, problemləri və təhlükəsizlik məsələri” “Süni intellekt texnologiyaları: müasir vəziyyəti və problemlərin araşdırılması”, eləcə də “Veb səhifələrin dayanıqlı və etibarlı fəaliyyətinin təmin olunması üçün mexanizmlərin işlənməsi”, “Intent-based networking (IBN) texnologiyası: mövcud vəziyyəti və problemləri” mövzularında elmi-tədqiqat işlərinin aparılmasının nəzərdə tutuduğunu diqqətə çatdırıb.

Sonra R.Ələkbərov il ərzində 10 məqalənin “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallara, eləcə də Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli elmi nəşrlərə, 10 tezisin isə respublika və beynəlxalq səviyyəli konfranslara təqdim ediləcəyini söyləyib.

Şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən söz açan məruzəçi Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT assosiasiyası və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə əməkdaşlıq münasibətlərinin davam etdiriləcəyini nəzərə çatdırıb. Avropa Komissiyasının “Horizon Avropa” Tədqiqat və İnnovasiya Proqramının Rəqəmsal, sənaye və kosmos istiqaməti üzrə qrant layihələrində iştirak ediləcəyini bildirib.

Daha sonra R.Ələkbərov şöbənin elmi-praktiki və innovasiya, elmi-ekspertiza, elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görüləcək işlər haqqında da məlumat verib.

Şöbənin fəaliyyət planına dair fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, IoT sensorlardan toplanmış böyük həcmli məlumatların analizi üçün Fog Computing şəbəkəsinin arxitektur-texnoloji prinsiplərinin işlənməsi, alternativ enerji mənbələrinin (günəş, külək və s.) Sənaye 4.0 əsasında qurulması və Əşyaların İnterneti texnologiyalarının şəbəkə resurslarından səmərəli istifadəsi üçün metod və alqoritmlərin işlənməsi ilə bağlı tədqiqatların daha da dərinləşdirilməsinə dair təklif və tövsiyələrini səsləndirib. Şöbədə aparılan tədqiqatların aktual elmi problemlərə həsr olunduğunu söyləyən alim şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, şöbədə aparılan elmi tədqiqatların səmərəliliyinin artırılmasının vacibliyini də vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı