Kvadrokopterlərin hibrid idarəetmə sistemlərinin layihələndirilməsi üsulları ilə bağlı əhəmiyyətli elmi nəticələr əldə olunub Fevral 15, 2024 | 11:29 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev tədbiri giriş sözü ilə açaraq, elmi seminarın institutun doktorantı Tuncay Həbibbəylinin texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi üzrə əldə olunmuş elmi-nəzəri nəticələrin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb.

T.Həbibbəyli “Yerüstü monitorinqi icra edən kvadrokopterlərin hibrid idarəetmə sistemlərinin layihələndirilməsi üsullarının işlənməsi” mövzusunda dissertasiya işini təqdim edərək, tədqiqatın məqsədinin helikopter tipli pilotsuz uçuş aparatları, yəni kvadrokopterlər üçün hibrid idarəetmə sistemlərinin layihələndirilməsi üsullarının işlənib hazırlanması olduğunu bildirib.

Mövzunun aktuallığından bəhs edən məruzəçi qeyd edib ki, kvadrokopterlər üçün hibrid idarəetmə sistemlərinin layihələndirilməsi üsullarının işlənilməsi mürəkkəb mühitdə müxtəlif maneələr ətrafında və planlaşdırılmış marşrut üzrə uçmağa imkan verən avtonom uçuş idarəetmə sisteminin yaradılması; yerüstü dağlıq və meşə landşaftı olan regionlarda avtonom uçuşun həyata keçirilməsi; infrastruktur layihələrinin, kənd təsərrüfatı sahələrinin izlənilməsi, xəritəçəkmə, ətraf mühitin öyrənilməsi; pilotsuz uçuş aparatlarının mülki missiyalar, xilasetmə əməliyyatları və pilotlu uçuşun təhlükəli olduğu hallarda tətbiq edilməsi baxımından olduqca zəruridir.

İddiaçı elmi-tədqiqat işinə dair 3-ü “Web of Science” və “Scopus” elmi bazalarında indeksləşən jurnallarda olmaqla, ümumilikdə 6 məqalənin, o cümlədən 3 beynəlxalq konfrans materialının nəşr olunduğunu söyləyib.

T.Həbibbəylinin sözlərinə görə, dissertasiya işi çərçivəsində MATLAB proqram paketi notasiyasında obyekt yönümlü sistem modelləşdirmə vasitələrindən istifadə etməklə kvadrokopter prototipinin yaradılması üçün çoxmərhələli prosedur konsepsiyası hazırlanmış, qeyri-səlis çıxarış sisteminin istifadəsi əsasında stasionar maneələrlə yerüstü monitorinq şəraitində marşrutun izlənməsi üçün alqoritm işlənmişdir.

Tədqiqatçı, həmçinin mürəkkəb mühitdə maneələri dəf etmək üçün manevr alqoritmi və üçlaylı “feedforward” neyron şəbəkəsinin istifadəsinə əsaslanan kvadrokopter üçün marşrut izləmə alqoritmi, “dərrakəli” və “instinktiv” neyron altşəbəkələrindən ibarət konnektsionist iyerarxik strukturlaşdırılmış neyron şəbəkəsi modelinin istifadəsini nəzərdə tutan çoxrejimli sabitləşdirmə alqoritminə əsaslanan kvadrokopterin hərəkəti ilə idarəetmə sistemi, eləcə də mürəkkəb mühitdə maneələri dəf etmək üçün manevr alqoritmi və intellektual hibrid (neuro-fuzzy) adaptiv kontrollerlərin istifadəsinə əsaslanan yerüstü monitorinq şəraitində marşrut izləmə alqoritminin işləndiyini nəzərə çatdırıb.

İddiaçının məruzəsindən sonra dissertasiya işinə dair təyin olunan rəyçilər – texnika elmləri doktoru, dosent Asif Rzayev və texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat çıxış edərək, tədqiqat zamanı qarşıya aktual məsələlərin qoyulduğunu, dissertasiya işinin həm nəzəri, həm də praktiki baxımdan maraq doğurduğunu qeyd ediblər, irad və təkliflərini bildiriblər.

Sonra T.Həbibbəyli AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova və texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın ona ünvanladığı sualları cavablandırıb.

Dissertasiya işinə dair təyin olunmuş elmi rəhbər – texnika elmləri doktoru, professor Ramin Rzayev çıxış edərək, iddiaçının yerinə yetirdiyi tədqiqatın tamamlanmış iş olduğunu, elmi yeniliyə malik olduğunu bildirib. Alim işin yüksək səviyyədə yerinə yetirildiyini, AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq ixtisas üzrə fəlsəfə doktorluğu dissertasiyalarına irəli sürdüyü tələblərə tam cavab verdiyini söyləyib və iddiaçının dissertasiya işinin növbəti mərhələyə təqdim olunmasını tövsiyə edib.

Daha sonra dissertasiya işi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və iqtisad elmləri doktoru, dosent Əlövsət Əliyev işi yüksək qiymətləndirərək əsaslı tədqiqatların aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu və elmi yeniliklərin əldə edildiyini bildiriblər.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək mövzunun aktuallığını önə çəkib: “Son zamanlar dünyanın müxtəlif ölkələrində baş verən hərbi münaqişələrdə pilotsuz uçuş aparatlarından daha geniş istifadə olunur. Bu, onların pilotlu uçuş aparatlarından iqtisadi, strateji və taktiki baxımdan yüksək üstünlüyə malik olması ilə bağlıdır. Bu səbəbdən inkişaf etmiş dövlətlər pilotsuz uçuş aparatlarının yeni modellərinin yaradılmasına və ya təkmilləşdirilməsinə xüsusi önəm verir, müvafiq sahəyə böyük maliyyə vəsaitləri ayırırlar”.

Akademik R.Əliquliyev tədqiqat işi çərçivəsində alınan nəticələrin də məhz müxtəlif şəraitlərdə intellektual xüsusiyyətlərə malik olan avtonom pilotsuz uçuş aparatlarının idarəetmə sistemlərinin səmərəliliyinin artırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Dissertasiya işini ölkəmizdə müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının istehsalı, milli məhsulumuzun texniki və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində aparılan əsaslı elmi tədqiqatlardan biri kimi yüksək qiymətləndirib. Alim əldə olunan elmi-nəzəri nəticələrə dair məqalələrin nüfuzlu elmi jurnallarda nəşr olunduğunu qeyd edib, müvafiq istiqamətdə gələcək tədqiqatlarla bağlı təklif və tövsiyələrini səsləndirib.

Sonda açıq səsvermə keçirilib. Dissertasiya işinin növbəti mərhələyə təqdim olunmasına yekdilliklə qərar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı