Korporativ kompüter şəbəkələrində İnternet xidmətlərin səmərəliliyinin artırılması üçün metod və alqoritmlər işlənilib Dekabr 16, 2014 | 12:12 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının növbəti iclası keçirildi. İclasa Dissertasiya Şurasının sədr müavini, texnika elmləri doktoru, professor Ələkbər Əliyev sədrlik edirdi. 

Öncə Dissertasiya Şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev 3338.01- “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa iddialı olan Aytən Hüseynova haqqında məlumat verdi.

O, qeyd etdi ki, dissertasiya işi üzrə elmi rəhbər, AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev, rəsmi opponentlər isə texnika üzrə elmlər doktoru, dosent Nadir Ağayev və texnika üzrə fəlsəfə doktoru, dosent Müzəffər İsmayılovdur.

A.Hüseynova “Korporativ kompüter şəbəkələrində İnternet xidmətlərin səmərəliliyinin artırılması üçün metod və alqoritmlər işlənməsi” mövzusunda dissertasiya işini təqdim etdi. İddiaçı işin aktuallığını qeyd edərək bildirdi ki, istismarda olan korporativ kompüter şəbəkəsi (KKŞ) istifadəçilərinin sayı çoxaldıqca, əhatə dairəsi genişləndikcə əlaqə kanallarında yüklənmələr və serverlərə müraciətlərin sayı artır. Nəticədə şəbəkə istifadəçilərinə göstərilən İnternet xidmətlərin keyfiyyəti aşağı düşür. Bu halda KKŞ-in səmərəliliyinin yüksəldilməsinin klassik yolu texniki təkmilləşdirmə işlərinin aparılması, şəbəkə avadanlığının daha müasir və keyfiyyətlisi ilə əvəz olunmasıdır. Lakin bu böyük həcmdə maliyə vəsaiti tələb etməklə bərabər bir sıra problemlərin yaranmasına səbəb olur. Ona görə də əsaslı təkmilləşdirmə aparmadan yeni metod və alqoritmlərin tətbiqi ilə KKŞ-lərdə İnternet xidmətlərinin səmərəliliyinin artırılması aktual məsələdir.

Qeyd olundu ki, elmi  işin məqsədi KKŞ-də əsaslı texniki təkmilləşdirmə işləri aparmadan şəbəkə istifadəçilərinə göstərilən İnternet xidmətlərin səmərəliliyinin artırılması üçün model və alqoritmlərin işlənilməsidir.

Dissertasiya işində qoyulmuş məqsədə çatmaq üçün KKŞ-də İnternet xidmətlərin səmərəliliyinin artırılması problemlərinin analizi, KKŞ-in Poçt serveri resurslarının istifadəçilər arasında dinamik bölünməsi modelinin işlənməsi, İnternet trafikin zamana görə proqnozlaşdırılması modelinin işlənməsi, multiagent texnologiyalarının tətbiqi ilə KKŞ-in səmərliliyinin artırılması metodunun işlənməsi, CDN texnologiyaların tətbiqi ilə KKŞ-in səmərəliliyinin artırması metodunun işlənməsi və s. məsələlərə baxıldığı bildirildi. Qeyd olundu ki, bu məsələlərin həlli məqsədilə tədqiqat metodları kimi riyazi optimallaşdırma, riyazi statistika, spektral analiz, kompüter şəbəkələri nəzəriyyəsindən istifadə olunmuşdur.

İddiaçının sözlərinə görə, poçt serveri yaddaşının KKŞ istifadəçiləri arasında dinamik paylanması, KKŞ-in İnternetlə əlaqə kanallarında trafikin həcminin zamandan asılılığı, müəyyən kontentlər üzrə serverlərdə toplanmış sənədlərin həcminin müəyyənləşdirilməsi və klasterizasiyası məsələlərinin həll edilməsi dissertasiya işinin elmi yeniliklərindəndir.

İclasda mövzu ilə bağlı rəylər səsləndirildi, iddiaçı sualları cavablandırdı.

Sonra çıxış edən rəsmi opponentlər elmi işi yüksək qiymətləndirərək onun praktiki əhəmiyyətini qeyd etdilər. Alınmış nəticələrin elmi yenilik olduğunu vurğuladılar, onların təcrübədə sınaqdan keçirildiyini diqqətə çatdırdılar.

İclasda Dissertasiya Şurasının sədri, akademik Rasim Əliquliyev, texnika elmləri doktoru, professor Vidadi Musayev, texnika üzrə fəlsəfə doktor Rəşid Ələkbərov, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və digərləri çıxış etdilər.

Şura üzvləri dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün əsaslı tədqiqat aparıldığını, əhəmiyyətli elmi nəticələrin əldə edildiyini bildirdilər.

Sonda gizli səsvermə keçirildi. İddiaçıya texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı