Kiber-fiziki sistemlərin kibertəhlükəsizliyi risklərinin qiymətləndirilməsi metodu işlənilir Oktyabr 26, 2023 | 09:46 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda “Kiber-fiziki sistemlərin kibertəhlükəsizliyi risklərinin qiymətləndirilməsi metodunun işlənməsi” mövzusu üzrə əldə edilmiş elmi-nəzəri nəticələrin müzakirəsinə həsr olunmuş növbəti elmi seminar keçirilib.

Məruzəni təqdim edən institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat bildirib ki, kiber-fiziki sistemlərin kibertəhlükəsizliyinin təmin olunmasında ən əhəmiyyətli məsələ kiber-fiziki sistemin müxtəlif kiberhücumlar şəraitində düzgün işləmə qabiliyyətini saxlamaqdır. Çünki kiberhücumların uğurla həyata keçirilməsi mənfi nəticələrə və ekoloji qəzalara səbəb ola bilər. Son bir neçə ilin statistik təhlilləri kiber-fiziki sistemlərə kiberhücumların artdığını göstərir və əksər hallarda kibercinayətkarların məqsədi idarəetmə altsistemi üzərində nəzarəti əldə etməkdən ibarət olur.

Tədqiqatçı kiber-fiziki sistemləri kritiklik nöqteyi-nəzərindən modelləşdirərkən informasiya texnologiyaları (information technology, IT) və əməliyyat texnologiyaları (operational technology, OT) arasındakı əlaqənin nəzərə alınmasının vacibliyindən bəhs edib.

“Kiber-fiziki sistemlərin risk analizinin iki əsas metodu vardır: risklərin kəmiyyət və keyfiyyət analizi. Risklərin yaranma ehtimalını və potensial təsirini qiymətləndirmək üçün risklərin kəmiyyət analizi riyazi və statistik metodlardan, risklərin keyfiyyət analizi isə ekspert rəyindən istifadə edir”, – deyə L.Suxostat bildirib.

Məruzəçi qeyd edib ki, tədqiqat işində kiberhücumlar modeli Bayes hücum qrafı şəklində təqdim olunub. Kiberhücumun vurduğu ziyanın göstəricisi qrafın qovşaqlarının kritikliyinə əsasən hesablanır. IT və OT göstəricilərini birləşdirən Sugeno qeyri-səlis inteqralından istifadə etməklə kiber-fiziki sistemlərin risklərinin qiymətləndirilməsi üçün metrik təklif edilib.

Sonra təqdim olunan mövzuya dair ətraflı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb. İnstitutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev, baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva və digər əməkdaşlar müzakirələrdə iştirak edərək, müvafiq istiqamətdə dərin elmi araşdırmaların aparılması ilə bağlı fikirlərini bölüşüblər.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, institutda kiber-fiziki sistemlərin kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində əsaslı elmi tədqiqatların aparılması və əldə edilmiş elmi-nəzəri nəticələrin nüfuzlu jurnallarda nəşr olunmasına dair təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı