Tibbi müəssisələrin fəaliyyətinin səmərəliliyinə informasiya sistemlərinin təsirinin qiymətləndirilməsi sahəsində elmi yeniliklər əldə olunub Dekabr 16, 2014 | 09:43 / Konfranslar, iclaslar

Dekabrın 12-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının növbəti iclası keçirildi. İclasa Dissertasiya Şurasının sədr müavini texnika elmləri doktoru, professor Ələkbər Əliyev sədrlik edirdi. 

Öncə Dissertasiya Şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev "Kompüter elmləri” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Səkinə Ağazadə haqqında məlumatları diqqətə çatdırdı.

R.Şıxəliyev bildirdi ki, dissertasiya işi üzrə elmi rəhbər iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, rəsmi opponentlər isə texnika elmləri doktoru, professor Məsumə Məmmədova və texnika üzrə fəlsəfə doktoru Sədaqət Şükürlüdür.

S.Ağazadə "Tibbi müəssisələrin fəaliyyətinin səmərəliliyinə informasiya sistemlərinin təsirinin qiymətləndirilməsi üçün model və metodların işlənilməsi" mövzusunda dissertasiya işini təqdim etdi. İşin aktuallığından söz açan iddiaçı bildirdi ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkə həyatının səhiyyə sahəsində inkişaf siyasətinin əsas strateji hədəflərini əks etdirir. Elektron dövlət layihəsinin həyata keçirilməsində elektron səhiyyə infrastrukturunun formalaşması məsələsi ön plana çəkilmişdir.

İddiaçının sözlərinə görə, informasiya sistemlərinin müasir tibb müəssisələrinin fəaliyyətinin təşkili və idarə olunması səmərəliliyinə, onların keyfiyyət  göstəricilərinin  yüksəldilməsinə təsirinin qiymətləndirilməsi üçün müvafiq model və metodların işlənilməsi dissertasiya işinin əsas məqsədidir. 

Məruzəçi qarşıya qoyulmuş məqsədə çatmaq üçün tibbi müəssisələrin formalaşma tendensiyaları və xarakterik xüsusiyyətlərinin təhlil olunduğunu, tibbi müəssisələrin təşkilati-idarəetmə sisteminin qurulması prinsiplərinin araşdırıldığını, tibbi sferada informasiya sistemlərinin istifadəsi üzrə mövcud problemlərin müəyyənləşdirildiyini vurğuladı.

Qeyd etdi ki, işlənilmiş model və metodlar praktiki nümunələr üzrə sınaqdan keçirilmiş və alınmış nəticələr adekvatlıq səviyyəsi qiymətləndirilməklə təhlil olunmuşdur. O, elmi işin əsas nəticələri haqqında məlumat verərək informasiya sistemlərinin və müalicə müəssisələrinin keyfiyyət xüsusiyyətlərini xarakterizə edən indikatorların müəyyən edildiyini, informasiya sisteminin keyfiyyət göstəricilərinin xəstəyə qulluğun keyfiyyətinə təsirinin çoxamilli reqresiya metodu əsasında qiymətləndirilmə modelinin işləndiyini və s. diqqətə çatdırdı.

Dissertasiya işinin elmi yeniliyini xarakterizə edən nəticələr haqqında məlumat verən iddiaçı tibbi sferada idarəetmə və müalicə proseslərinin səmərəliliyinin qiymətləndirilməsi üzrə göstəricilər sisteminin müəyyənləşdirildiyini, informasiya sistemlərinin keyfiyyət xüsusiyyətlərinin müəyyənləşdirilməsi modellərinin işlənildiyini nəzərə çatdırdı.

Sonra iddiaçı Dissertasiya Şurası üzvlərinin suallarını cavablandırdı, dissertasiya işinə dair rəylər nəzərə çatdırıldı.

Rəsmi opponentlər çıxış edərək işin aktuallığını önə çəkdilər, alınmış nəticələrin elmi yenilik olduğunu vurğulayaraq tədqiqatın praktiki əhəmiyyətini qeyd etdilər. 

Mövzu ilə bağlı texnika elmləri doktorları Ramiz Alıquliyev, Nadir Ağayev və texnika elmləri doktoru, professor Vidadi Musayev, texnika elmləri doktoru, professor Məhəmməd Əhmədov, texnika üzrə fəlsəfə doktorları Rəşid ƏləkbərovFirudin Ağayev, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova və digərləri çıxış etdilər.

Şura üzvləri dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün əsaslı tədqiqat aparıldığını, əhəmiyyətli elmi nəticələrin əldə edildiyini bildirdilər.

Sonda gizli səsvermə keçirildi. İddiaçıya texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı