İnstitutun elmi jurnallarının fəaliyyəti yenidən təşkil olunur Oktyabr 01, 2021 | 10:22 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında institutun “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarının fəaliyyətinin yenidən təşkili ilə bağlı məsələ müzakirə olundu.

Tədbirdə məsələyə dair çıxış edən AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova müasir dövrdə elmi jurnalların aparıcı beynəlxalq akademik bazalara inteqrasiyası ilə bağlı yeni tələb və çağırışların formalaşmasının institutun jurnallarının fəaliyyətinin yenidən təşkilini zəruri etdiyini bildirdi.

Alim institutun jurnallarının 10 ildən artıqdır ki, informasiya cəmiyyəti ideyalarının yayılması və informasiya texnologiyalarının inkişafına mühüm töhfələr verdiyini söylədi. Bu məcmuələrdə dərc olunan məqalələrin dünya elminin tələblərinə cavab verən tədqiqatlara həsr olunduğunu vurğuladı.

M.Məmmədova institutun elmi jurnalları ilə bağlı çoxsaylı monitorinq və təhlillərin aparıldığını, problemlərin müəyyən edildiyini, jurnalların beynəlxalq akademik bazalarda təmsilçilik məsələləri ilə bağlı fəaliyyət planının təqdim olunduğunu və müvafiq işçi qrupunun təşkil edildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, sözügedən jurnalların beynəlxalq akademik bazalarda təmsil olunması istiqamətində bütün problemlərin tez bir zamanda aradan qaldırılması, jurnalların veb-saytlarının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər görülür.

O, həmçinin müəlliflərin coğrafiyasının genişləndirilməsi məsələləri, “İnformasiya Cəmiyyəti Problemləri” jurnalının AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təqdim edilən “Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər” siyahısında multidissiplinar jurnal kimi göstərilməsinin təmin edilməsi və digər məsələlər barədə məlumat verdi.

Sonra AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev çıxış edərək, hər bir elmi qurumun əsas etibarilə onun nəşr etdiyi jurnallarla tanındığını bildirdi. Qeyd etdi ki, alim və mütəxəssislər xarici həmkarlarla elmi əməkdaşlığı genişləndirməli, institutun jurnallarının beynəlxalq status alması istiqamətində tədbirlər gücləndirilməlidir.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev sözügedən jurnalların “Web of Science” və “Scopus” kimi nüfuzlu beynəlxalq bazalarda təmsil olunmasının institutun qarşısında duran əsas vəzifələrdən olduğunu vurğuladı. Akademik, işçi qrupun üzvləri və digər məsul şəxsləri jurnallarla bağlı qarşıya qoyulmuş tapşırıqların icrasında fəal olmağa çağırdı.

Sonda institutun jurnallarının baş və məsul redaktorları seçildi. “İnformasiya Texnologiyaları Problemləri” jurnalının baş redaktoru AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və məsul redaktoru institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova, “İnformasiya Cəmiyyəti Problemləri” jurnalının baş redaktoru AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova və məsul redaktoru institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova təyin olundular.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı