İnstitutda dissertasiya şurasının növbəti seminarı keçirildi Oktyabr 29, 2014 | 02:42 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda dissertasiya şurasının növbəti seminarı keçirildi. İclasın sədri, texnika elmləri doktoru, professor Məsumə Məmmədova tədbirin 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq iddiasında olan Aytən HüseynovaRəna Qasımovanın dissertasiya işlərinin müzakirəsinə həsr olunduğunu bildirdi. 

Öncə iddiaçı A.Hüseynova “Korporativ kompüter şəbəkələrində internet xidmətlərin səmərəliyinin artırılması üçün  metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini təqdim etdi.

Bildirdi ki, işin əsas məqsədi korporativ kompüter şəbəkələrində (KKŞ) əsaslı texniki təkmilləşdirmə işləri aparmadan şəbəkə istifadəçilərinə göstərilən İnternet xidmətlərin səmərəliyinin artırılması üçün model və alqoritmlərin işlənməsidir. İddiaçının sözlərinə görə, dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün KKŞ mühitində İnternet xidmətlərin keyfiyyətini xarakterizə edən əsas parametrlər analiz edilmiş, KKŞ istifadəçilərinin fəallığı nəzərə alınmaqla poçt serverlərin resurslarının istifadəçilər arasında optimal paylanması üçün metod və alqoritmlər işlənmişdir.

Məruzəçi dissertasiya işində əldə olunmuş əsas elmi yenilikləri də diqqətə çatdırdı. Qeyd etdi ki, elmi işdə poçt serveri yaddaşının KKŞ istifadəçiləri arasında dinamik paylanması modeli, KKŞ-nin İnternetlə əlaqə kanallarında trafikin həcminin zamandan asılılıq modeli işlənmişdir. Həmçinin  müəyyən kontentlər üzrə serverlərdə toplanmış sənədlərin həcminin müəyyənləşdirilməsi və klasterizasiyası məsələləri həll edilmişdir.

Sonra institutun sektor müdiri R.Qasımova "Milli domen adlarının intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi" mövzusunda dissertasiya işi haqqında məlumat verdi. Məruzəçi işin məqsədi, tədqiqat metodları, müdafiəyə çıxarılan əsas müddəalar və əldə olunan elmi yenilikləri diqqətə çatdırdı. Bildirdi ki, əsas məqsəd virtual məkanda Azərbaycanın milli və mənəvi dəyərlərinin, o cümlədən domen adlarının kiberskvotterlərdən qorunması üçün domen sahiblərinin məqsədlərinin avtomatik aşkarlanması üçün qərarların qəbul edilməsini dəstəkləyən intellektual monitorinq sisteminin sintezi metodları və alqoritmlərinin işlənməsidir.

Milli domen adlarının intellektual monitorinqi sisteminin konseptual modeli, domen adlarının qeydiyyat verilənlərinin ilkin emalı üçün alqoritm, domen adlarının qeydiyyat verilənlərinin intellektual analizi üçün metod və s. müdafiəyə çıxarılan əsas müddəalardır.

İddiaçı diisertasiya işində əldə olunmuş nəzəri və praktiki nəticələrin AzScienceNet korporativ şəbəkəsində tətbiq edildiyini dedi.

Sonra iddiaçılar çoxsaylı sualları cavablandırdılar. 

Məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı. Çıxış edənlər hər iki dissertasiya işinin aktuallığını önə çəkərək, yüksək elmi nəticələrin əldə edildiyini, müvafiq elm sahəsi üçün böyük əhəmiyyət kəsb etdiyini bildirdilər. 

İddiaçıların yekun sözləri dinlənildikdən sonra səsvermə keçirildi. Dissertasiya işlərinin 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasına tam uyğun olduğu bildirildi və növbəti mərhələyə keçirilməsi tövsiyə olundu. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı