Sosial medianın multidissiplinar problemlərinə həsr olunmuş konfrans keçiriləcək Oktyabr 12, 2016 | 02:33 / Konfranslar, iclaslar

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının dinamik inkişafı, internet medianın imkanlarının genişlənməsi sosial media vasitələrindən istifadənin vüsət almasına şərait yaratmışdır. Ölkəmizin tarixi, mədəniyyəti, təhsili və digər sosial sahələrinə aid müxtəlif informasiya ehtiyatlarının sayı xeyli artmışdır ki, bu da milli kontentin inkişaf etdirilməsi, o cümlədən yeni media vasitələrindən səmərəli istifadəyə dair tədbirlərin görülməsini zəruri etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Mətbuat Şurası və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə cari ilin dekabr ayında keçiriləcək “Sosial medianın multidissiplinar problemləri” I respublika elmi-praktiki konfransı da informasiya cəmiyyəti kontekstində sosial medianın çoxaspektli problemlərinin elmi ictimaiyyətə çatdırılması və onların həlli üçün alim və mütəxəssislərin birgə əməkdaşlığa cəlb edilməsi məqsədlərinə xidmət edir.

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Rasim Mahmudov institutun Elmi Şurasının iclasında çıxışı zamanı məlumat verib. Bildirib ki, tədbirdə ölkənin müvafiq dövlət qurumlarının rəhbərləri, AMEA-nın elmi-tədqiqat institutlarının alim və mütəxəssisləri, ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, biznes sektoru və kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də sosial media fəallarının iştirakı nəzərdə tutulur.

R.Mahmudov sosial medianın müxtəlif aspektlərinə həsr olunmuş konfransa hazırlıqla bağlı görülən işləri də diqqətə çatdırıb. Tədbirdə sosial medianın elmi-nəzəri, analitik, texnoloji, hüquqi, iqtisadi, sosial-psixoloji, linqvistik, kulturoloji və s. problemlərinə dair araşdırmaların təqdim olunacağını qeyd edib.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək AMEA Rəyasət Heyətinin qərarı ilə keçiriləcək tədbirin sosial medianın multidissiplinar xarakter daşıyan problemlərinə həsr olunmuş ilk konfrans olduğunu vurğulayıb. Bildirib ki, tədbir sosial medianın cəmiyyətə təsir imkanlarının araşdırılması, elmi yanaşmalar və tövsiyələrin formalaşdırılması, bu sahədə peşəkar kadr hazırlığı və sosial medianın müxtəlif problemlərinin müzakirəsi üçün müvafiq sahələr üzrə aparıcı mütəxəssislərin bir araya toplaşması baxımından böyük əhəmiyyət kəsb edir.

Sonda akademik ölkəmizin inkişafı, dünyaya inteqrasiya olunması və cəmiyyətin intellektuallaşmasında mühüm vasitə olan sosial medianın elmi problemlərinin həlli üçün bütün alim və mütəxəssisləri, bu sahəyə marağı olan şəxsləri birgə əməkdaşlığa səsləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı