“Yaşıl” iqtisadiyyatın problemləri Ümumdünya Ekologiya və Ətraf Mühit Gününə həsr olunmuş elmi-ekoloji turda müzakirə olunub İyun 07, 2016 | 05:25 / Maraqlı məlumatlar

Azərbaycan cəmiyyətinin və iqtisadiyyatının əsas məqsədi hər bir insanın həyat şəraitinin yaxşılaşdırılması və gələcək nəsillərin normal rifahının təmin edilməsidir. Bu məqsəd formalaşdırılmaqda olan informasiya cəmiyyəti iqtisadiyyatının prinsipləri əsasında davamlı inkişafın təmini kimi müəyyənləşdirilmişdir. Qeyd olunan məsələnin aktuallığı baxımından AMEA İnformasiya Texnologiyaları İnstitutunda “İqtisadiyyatın “yaşıllaşdırılması” problemləri və həlli istiqamətləri” mövzusunda aparılan elmi-tədqiqat işləri diqqətəlayiqdir.

Beynəlxalq təşəbbüslər, çağırışlar, eləcə də “yaşıl” iqtisadiyyatın əsaslandığı prinsiplər “yaşıllaşdırma” prosesinin cəmiyyətin və iqtisadi inkişafın yeni mərhələsi olduğunu göstərir. Cəmiyyətin bütün sahələrində “yaşıl” təfəkkürün, həyat tərzinin və yeni iqtisadiyyata keçidin zəruriliyi təsdiq edir ki, “yaşıl” iqtisadiyyatın formalaşmasında təbii ehtiyatlardan səmərəli istifadə məsələlərinə diqqət yetirilməlidir. İqtisadiyyatın informasiya-kommunikasiya texnologiyaları əsasında “yaşıllaşdırılması” üzrə potensial istiqamətlər göstərilməli, informasiya iqtisadiyyatının “yaşıllaşdırılması” üzrə tədbirlər həyata keçirilməli və müvafiq texnologiyalar işlənilməlidir.

Bununla əlaqədar olaraq 5 iyun Ümumdünya Ətraf Mühit Günü ərəfəsində AMEA İnformasiya Texnologiyaları İnstitutunun bir qrup əməkdaşı Şamaxı rayonunda Pirqulu dağları və meşələrinə elmi-ekoloji turda iştirak ediblər.

Beynəlxalq Ətraf Mühit və Ekologiya Gününə həsr olunmuş elmi-ekoloji tur iştirakçıları bildiriblər ki, ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmağın zəruriliyi artıq beynəlxalq və milli səviyyələrdə qəbul olunub. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, eləcə də “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da da ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaq əsas hədəflərindən biri kimi öz əksini tapmışdır.

Elmi-ekoloji tur çərçivəsində keçirilən seminar və müzakirələrdə bildirilib ki, Ümumdünya Ətraf Mühit Gününün 1973-cü ildən etibarən qeyd olunmasına başlanılıb. Günün əsas məqsədi ətraf mühitin mühafizəsi məsələsinə diqqəti yönəltmək, əhali arasında ekoloji şüurun yüksəldilməsi üçün maarifləndirmə işləri aparmaq və hər kəsin öhdəsinə düşəni yerinə yetirməyinin vacib olduğunu vurğulamaqdır. Hər il BMT-nin təşkilatı – United Nations Enviroment Programme (UNEP) tərəfindən Beynəlxalq Ətraf Mühit Günü yüksək səviyyədə qeyd edilir.

Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları tur iştirakçılarına kosmik tədqiqatların əhəmiyyəti və təbii resurslardan səmərəli istifadə olunmasında kosmik informasiyaların emalı üsulları haqqında məlumat veriblər. Tur iştirakçıları rəsədxanada quraşdırılmış 2 metrlik teleskopun iş prinsipi ilə əyani şəkildə tanış olublar.

Qeyd edək ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları – institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Tofiq Kazımov, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova, şöbə müdirləri Səyyar AbdullayevAnar Səmidov, böyük elmi işçi Roza Şahverdiyeva və digərləri elmi-ekoloji turda fəal iştirak edərək mövzu ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı