Dövlət Proqramı (Elektron Azərbaycan)
Ümumi məlumat
I Giriş
Azərbaycan Respublikasında dövlət quruculuğu, güclü iqtisadiyyatın yaradılması, cəmiyyətin demokratikləşməsi, əhalinin rifahının yüksəldilməsi və insan inkişafının təmin edilməsi istiqamətlərində çoxşaxəli fəaliyyət həyata keçirilir. Görülən işlər, eyni zamanda Azərbaycanın siyasi, hüquqi, iqtisadi, sosial və digər sahələrdə beynəlxalq əlaqələrinin genişlənməsinə, qloballaşan dünyada etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir və ölkənin müdafiə qabiliyyətinin artırılmasına, ərazi bütövlüyünün bərpa edilməsinə və qorunub saxlanılmasına, davamlı inkşafının təmin edilməsinə yönəlmişdir.
Qeyd olunan məsələlərin həllində rabitə və informasiya texnologiyalarının xüsusi yeri vardır və sahənin inkişaf səviyyəsi qarşıya qoyulan məqsədlərə çatmağa təsir edən amillərdəndir. Müxtəlif dövlətlərdə, xüsusən də inkişaf etmiş dövlətlərdə bu məqsədlə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılmasına səy göstərilir və bu fəaliyyət BMT-nin Minilliyin Sammitində müəyyən edilmiş inkişaf məqsədləri ilə tam uzlaşır.
Azərbaycan Respublikasında da bu sahədə məqsədyönlü fəaliyyət aparılır və informasiya texnologiyaları sahəsi ölkənin inkişaf prioritetlərinə daxil edilmişdir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2003-cü il fevralın 17-də 1146 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (200302012-ci illər)" yaxın 10 il ərzində görüləcək işlərin ümumi xəttini müəyyənləşdirmişdir.
Bu addımlar ölkədə informasiya-kommunikasiya texnologiyalarının dövlət orqanlarında istifadəsinin səmərəliliyinin artırılmasının, əhalinin bu orqanlarla əlaqələrində ünsiyyətinin asanlaşdırılmasının və bürokratik əngəllərin aradan qaldırılmasının, ölkədə yaradılan müxtəlif təyinatlı informasiya sistemlərinin qarşılıqlı uzlaşmasının əsasını qoydu.
2004-cü ildə qəbul edilmiş "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ölkədə elektron sənəd dövriyyəsinin yaradılmasına və elektron imza tətbiq edilən yeni proseslərin, o cümlədən yeni iqtisadi fəaliyyət sahələrinin inkişafına şərait yaratdı.
"Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 111 nömrəli fərmanı ilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının müasir tələblərə uyğun olaraq inkişafını təmin etmək məqsədilə Dövlət Proqramı"nın hazırlanması barədə verdiyi tapşırıq ölkə rəhbərliyinin müasir texnologiyaların ardıcıl inkişaf etdirilməsində növbəti addımı oldu. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 avqust tarixli 355 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" 2005-2007-ci illər ərzində təhsilin keyfiyyətinin yüksəldilməsində, gənclərin inkişafında və ümumiyyətlə, Azərbaycanın tərəqqisində müasir texnologiyaların rolunu bir daha təsdiqləmişdir.
Hazırlanmış bu Dövlət Proqramında Azərbaycanın mövcud potensialından səmərəli istifadə edilməsi və onun inkişaf etdirilməsi, rabitə və informasiya texnologiyaları sahəsinin təşkilati, hüquqi, texniki, kadr baxımından modernləşdirilməsi, İKT sənayesinin formalaşdırılması, bu sahəyə yeni investisiyaların cəlb edilməsi və sahibkarlığın genişləndirilməsi, azad bazar və sağlam rəqabət prinsiplərinin gözlənilməsi, sosial əhəmiyyətli layihələrin həyata keçirilməsi və nəticədə Azərbaycanda informasiya cəmiyyətinə keçidin təmin edilməsinə yönəlmiş müxtəlif tədbirlər nəzərdə tutulur.
Rabitə və informasiya texnologiyaları sahəsinin sürətli inkişafı ilə əlaqədar olaraq Dövlət Proqramında 2012-ci ilədən olan Milli Strategiyanın 2005-2008-ci illər üzrə ilkin mərhələsinin icrası nəzərdə tutulmuşdur. Dövlət Proqramının yerinə yetirilməsi üzrə nəticələr və sahə üzrə baş vermiş dəyişikliklər nəzərə alınmaqla növbəti mərhələnin tədbirləri müəyyənləşdiriləcəkdir.
2005-ci ildə qəbul edilmiş "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ölkədə telekommunikasiya fəaliyyətinin hüquqi, iqtisadi, təşkilati əsaslaını müəyyənləşdirdi və telekommunikasiya resurslarının məqsədyönlü planlaşdırılmasına və ədalətli istifadə olunmasının tənzimlənməsinə şərait yaratdı.
II. Mövcud vəziyyət
Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsi son illərdə ardıcıllıqla inkişaf edir. Bu illər ərzində bu sahəyə ümumi investisiya qoyuluşunun həcmi təxminən 500 milyon ABD təşkil etmişdir və bunun 70 faizi xarici investisiyalar olmuşdu. Xüsusi qeyd olunmalıdır ki, daxili investisiyaların həcmi ildən-ilə artmaqdadır. Nəticədə müxtəlif sahələrdə fəaliyyət göstərən yeni birgə müəssisələr yaradılmışdır. Ölkədə mobil telefon operatorları kimi "Azercell Telecom MMM" BM və "Baksell LTD" MMC şirkəti, yerli telefon rabitəsi sahəsində isə "AzEvrotel", "Katel" və "Ulıc" birgə müəssisələri yaradılmışdır və xidmət göstərirlər.
Respublikada rabitə sahəsinin ÜDM-dəki payı 2,3 faizdir, inkişaf etmiş ölkələrdə bu göstərici təxminən 5-7 faiz təşkil edir. Rabitə infrastrukturunun modernləşdirilməsi əsas məsələlərdən biridir. Görülmüş işlər nəticəsində telefon şəbəkəsinin təqribən 50 faizi elektron tiplidir. Bakı şəhərində isə bu göstərici 57,8 faiz təşkil edir. Respublikanın bir sıra bölgələrində - Naxçıvan muxtar Respublikasında, Mingəçevir şəhərində, Abşeron, Şəki, Zaqatala, Balakən, Xızı, Siyəzən, Yevlax rayonlarında telefon şəbəkələrinin 100 faizi elektron tipli olması təmin edilmişdir.
Bu tədbirlər nəticəsində son 10 ildə telefon şəbəkəsinin ümumi tutumu təxminən 50 faiz artmış, göstərilən xidmətlərin keyfiyyəti yüksəlmiş və çeşidləri çoxalmışdır. Hal-hazırda hər 100 nəfərə düşən əsas telefon aparatlarının sayı 12,81 ədəddir, o cümlədən Bakı şəhərində 28,92 ədəd, respublikanın digər əraziləri üzrə isə 8,2 ədəddir. Digər sahələrdə 14,6 ədəd, kənd yerlərində isə 3,6 ədəddir.
Azərbaycan Respublikasının ərazisində uzunluğu 1161 kilometr olan Trans-Asiya-Avropa (TAE) fiber-optik kabel magistralı çəkilmişdir. Bu şəbəkə daxili resurslar hesabına daha da genişləndirilmiş, ölkənin digər bölgələri magistral xəttə qoşulmuş və şimal sərhədinə qədər optik xəttin tikintisi təmin edilmişdir.
Son bir neçə ildə mobil rabitə Azərbaycanda dinamik olaraq inkişaf etmişdir və abunəçilərin sayı hər il orta hesabla 2,1 dəfə artmışdır. 1994-cü ildə Azərbaycanda mobil rabitə abunəçilərinin sayı 2000 nəfər təşkil edirdisə, hal-hazırda bu rəqəm 1,7 milyondan çoxdur. Hazırda Azərbaycanda hər 100 nəfərə təxminən 20,03 mobil telefon aparatı düşür və bu göstəriciyə görə Azərbaycan MDB ölkələri arasında altıncı yerdədir.
1997-ci ildən 2005-ci ilə qədər rabitə və İF sahəsinin gəlir göstəriciləri özəl sektor üzrə 32 faizdən 73,8 faizədək artmışdır.
Ölkədə hər 100 nəfərə təxminən 1,5 ədəd kompüter düşür (bu göstərici Azərbaycan üzrə ümumdünya ölkələrinin orta səviyyəsindən aşağıdır). İstifadədə olan bu kömpüterlərin çoxu dövlət orqanlarında və özəl qurumlarda cəmləşmişdir və əsasən karküzarlıq işləri ilə bağlı istifadə edilir. Əhali tərəfindən fərdi məqsədlər üçün evlərdə istifadə edilən kompüterlər cüzi saydadır, ancaq son illər bu tendensiya dəyişməkdədir və fərdi istifadççilərin sayı daim yüksəlir. Buna səbəb İnternetin istifadəsinin genişlənməsi və xidmət haqlarının aşağı düşməsidir.
Azərbaycanda İnternet 1995-ci ildən inkişaf etməkdədir və hal-hazırda istifadəçilərin sayı təxminən 400 min nəfərə çatmışdır. Təqribən hər 100 nəfərə 5 istifadəçi düşür (ümumdünya göstəricisindən azdır). Bakı şəhərində və bəzi rayonlarda təxminən 450-dən çox internet-klub açılmışdır. Onlar əsasən özəl sektor tərəfindən yaradılmışdır, ancaq dövlət xətti ilə yaradılmış İnternet mərkəzləri şəbəkəsi də mövcuddur. Ölkənin müxtəlif regionlarında yerləşən 20-dək mərkəzdə əhaliyə İnternetə çıxışla yanaşı, kompüter biliklərinin öyrədilməsi də həyata keçirilir.
Hal-hazırda Azərbaycanda 22 İnternet provayderi xidmət göstərir və bunlardan yalnız ikisi dövlət müəssisəsidir. "Bakİnternet" və "Aztelekomnet" dövlət İnternet provayderlərinin xidməti nəticəsində respublikanın bütün bölgələrindən İnternet şəbəkəsinə çıxış imkanı yaradılmışdır.
Sahə üzrə lisenziyalaşdırma yalnız rabitə xidmətlərinin göstərilməsinə tətbiq edilir. Qanunvericilik bazasının formalaşdırılması son illərdə sürətlənmişdir və bu illərdə "Elektron imza və elektron sənəd haqqında", "Poçt rabitəsi haqqında" və "Məlumat toplularının hüquqi qorunması haqqında", "Elektron ticarət haqqında", "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir, "İnformasiya azadlığı haqqında" və s. qanun layihələri isə hazırlanmışdır.
Azərbaycan hökumətinin BMTİP ilə birgə "Elektron hökumət" layihəsi çərçivəsində respublikanın bütün bölgələrini əhatə edəcək "AzDATAKOM" şəbəkəsinin təşkilinə hazırlıq işləri aparılır. Ölkədə həyata keçirilən NATO-nun Elmi Proqramının "Virtual İpək Yolu" layihəsi ali təhsil ocaqlarının, ACİ, BMTİP, AzRENA və RİTN-in birgə "AzNet" layihəsi isə orta məktəblərin İnternetlə əhatə olunmasına imkan yaradacaqdır.
Ölkədə halı-hazırda radio-televiziya proqramlarının peykdən yayımını təmin edən (TV-UP-Link) peyk rabitə stansiyaları ilə yanaşı, xarici ölkələrlə rabitənin təşkili, məlumatların ötürülməsi və qəbulu, İnternet şəbəkələrinin təşkili, daxili korporativ şəbəkələrin yaradılması məqsədi ilə müxtəlif peyklər üzərindən peyk rabitə kanalları (daşıyıcılar) vasitəsilə bir neçə peykə işləyən yerüstü stansiyaları qurulub istismar olunur. Rəqəmli TV hələlik tətbiq olunmur.
Əhaliyə, o cümlədən ölkə xaricində yaşayan azərbaycanlılara informasiya çatdırmaq üçün televiziya və radionun imkanlarından istifadə olunur. AzTV televiziya və "Respublika" radio proqramlarının hal-hazırda iki peyk üzərindən Orta Asiya və Avropa ölkələrinə yayımı təmin edilmişdir. Hazırda ölkə əhalisinin təxminən 99,8 faizi AzTV proqramını qəbul etmək imkanına malikdir.
2005-ci il avqustun 29-dan İctimai Televiziya proqramı yayımlanmağa başlamışdır. Hazırda respublika əhalisinin 60 faizi İctimai Televiziyanın proqramlarını qəbul etmək imkanına malikdir. İctimai Televiziya ilə yanaşı, özəl və yerli radio-televiziya proqramları, xarici ölkələrin TV kanalları da respublika ərazisində efir vasitəsilə yayımlanır. "Lider", "Speys", ANS özəl radio-televiziya proqramlarının yerüstü efir yayımı ilə yanaşı, peyk vasitəsi ilə də yayımı təmin edilmişdir. Özəl TV proqramlarına ölkə əhalisinin təqribən 40-50 faizi baxa bilir.
Qeyd olunmalıdır ki, istismarda olan mövcud dövlət radio-televiziya yayım verilişlərinin (əsasən, güclü və azgüclü) və orta dalğa radiovericilərinin böyük hissəsi mənəvi və fiziki cəhətdən köhnəlmiş olduğundan müasir tələblərə cavab vermir və yeni yayım texnologiyalarından istifadəyə imkan yaratmır.
Respublikanın poçt bazarında 11 özəl poçt müəssisəsi fəaliyyət göstərir. Onların sırasında DHL, Fedex, TNT və s. kimi dünyada tanınmış poçt operatorları da vardır. Poçt xidmətlərinin göstərilməsi üzrə əldə olunan ümumi gəlirin 55-60 faizi özəl poçt şirkətlərinin payına düşür. Ölkə əhalisinin universal poçt xidmətlərindən istifadə imkanı təxminən 70 faiz təşkil edir.
Mövcud vəziyyətin təhlili aşağıdakı qənaətə gəlməyə əsas verir:
rabitə və informasiya texnologiyaları sahəsində müəyyən inkişafa baxmayaraq, Azərbaycan bir çox göstəricilərə görə ümumdünya inkişaf səviyyəsindən hələlik geri qalır;
statistik göstəricilərlə əhalinin rabitə və informasiya texnologiyalarına artan tələbatının müqayisəsi göstərir ki, Azərbaycan Respublikasının bu sahədə böyük inkişaf potensialı mövcuddur.
III. Dövlət Proqramının məqsədi
Dövlət Proqramının məqsədi Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafını təmin etmək və bu yolla ölkənin hərtərəfli tərəqqisi üçün xidmət göstərmək, eyni zamanda İKT-nin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsini təmin etmək, müəyyən edilmiş məqsədlərə və fəaliyyət istiqamətlərinə uyğun olaraq layihələri planlaşdırmaq və icra etməkdir.
Bununla əlaqədar aşağıdakı məsələlərin həlli xüsusi əhəmiyyət kəsb edir:
rabitə və informasiya texnologiyaları sahəsinin gələcək inkişafı üçün islahatların aparılması və effektiv mexanizminin formalaşdırılması;
qlobal informasiya fəzasına inteqrasiyanın genişləndirilməsi;
cəmiyyətin, iqtisadiyyatın, dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin ümumistifadəli rabitə və informasiya texnologiyaları şəbəkələrinə qoşulma imkanlarının və onların artan tələbatının təmin edilməsi;
ölkənin milli informasiya təhlükəsizliyi sisteminin yaradılması, informasiya fəzasının təhlükəsizliyinin və vətəndaşların informasiya hüquqlarının müdafiəsinin təmin edilməsi;
rabitə və informasiya texnologiyalarının inkişafını təmin etmək üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsi; rabitə və informasiya texnologiyaları sahəsində standartlaşdırmanın, sertifikatlaşdırmanın, radiotezlik və nömrələnmə ehtiyatlarının tənzimlənməsinin beynəlxalq standartlara uyğun təşkil edilməsi;
rabitə və informasiya texnolojiyaları sahəsinə investisiyaların cəlb edilməsinə şərait yaradılması və özəl sektorun inkişaf etdirilməsi;
poçt şəraitinin modernləşdirilməsi və yeni xidmət növlərinin istifadəyə verilməsi;
yeni texnika və texnologiyalar tətbiq edilməklə daha keyfiyyətli radio-televiziya yayımı və peyk rabitəsi xidmətlərinin göstərilməsi;
innovasiya siyasətinin müəyyənləşdirilməsi və informasiya cəmiyyətinin qurulmasını təmin edən fundamental və tətbiqi elmi tədqiqatların aparılması;
təhsil sahəsində müasir texnologiyalardan geniş istifadə olunması, yüksək ixtisaslı kadrların, o cümlədən informasiy2a təhlükəsizliyi üzrə mütəxəssislərin hazırlığının təmin edilməsi;
sahə üzrə sənayenin inkişafının təmin edilməsi, yerli istehsalın stimullaşdırılması və onun ixrac potensialının dəstəklənməsi;
rabitə və informasiya texnologiyaları bazarında sərbəst və azad rəqabət şəraitinin yaradılması;
dövlət, ictimai və sahə informasiya resurslarının formalaşdırılması, informasiya sistemlərinin və şəbəkələrinin yaradılması.
IV. Proqramın həyata keçirilməsinin əsas istiqamətləri
Dövlət Proqramında qarşıya qoyulan məqsədə nail olmaq üçün aparılacaq fəaliyyət aşağıdakı istiqamətlərdə həyata keçirləcəkdir:
rabitə və informasiya texnologiyaları sahəsində iqtisadi-struktur islahatlarının aparılması;
rabitə və informasiya texnologiyaları sahəsində modernləşmə və yeni texnologiyaların tətbiqinin həyata keçirilməsi;
informasiya cəmiyyətinə keçid üzrə layihələrin hazırlanması və həyata keçirilməsi.
4.1. İqtisadi-struktur islahatları
Özəlləşmə, bazarın liberallaşması və sahənin inkişafına yeni investisiyaların cəlb olunması rabitə və informasiya texnologiyaları sahəsində inkişafın mühüm amillərindəndir. Bazarda azad və ədalətli rəqabətin təşkili, münasibətlərin şəffaflığının təmin edilməsi üçün rabitə və informasiya texnologiyaları sahəsində tənzimləmə və təsərrüfat fəaliyyətinin həyata keçirilməsi səlahiyyətlərinin bölünməsi ilkin addımlardan biridir. Bununla əlaqədar aşağıdakı tədbirlər nəzərdə tutulur:
Liberallaşma sahəsində
respublikanın telekommunikasiya sahəsində ardıcıl olaraq özəlləşdirmənin həyata keçirilməsi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi;
rabitə və İT sahəsinə investorların cəlb olunmasına, yerli istehsal və xidmətlərin inkişafına, xüsusən də onların regionlarda təşkilinə, həmçinin ixracat potensialının gücləndirilməsinə dair stimullaşdırıcı tədbirlərin müəyyənləşdirilməsi;
rabitə və informasiya texnologiyaları sahəsinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi;
fərdi məlumatlar təhlükəsizliyinin təmin edilməsi üçün qanunvericilikdə dəyişikliklərin aparılması;
sahə üzrə istehlakçıların hüquqlarının qorunması üçün qanunvericiliyin təkmilləşdirilməsi;
telekommunikasiya sahəsinə dair siyasət planının işlənib hazırlanması;
milli innovasiya siyasətində İKT sahəsi üzrə prioritetlərin müəyyənləşdirilməsi;
sahə üzrə beynəlxalq standartların tətbiqinin genişləndirilməsi;
informasiya təhlükəsizliyi sahəsində milli standartların hazırlanması, o cümlədən beynəlxalq standartların (İSO 15408, İSO 17799 və s.) tətbiqi;
transmissiya şəbəkəsinin telefon operatorlarından ayrılması;
yerli və xarici investisiyaların cəlb olunması üçün tədbirlərin görülməsi; sahədə intellektual və maddi məhsulların yerli istehsalçılarının dəstəklənməsi;
İKT xidmətlərinin və məhsullarının istehsalının genişləndirilməsi və ixracının stimullaşdırılması üçün müvafiq mexanizmlərin hazırlanması.
Tənzimləmə sahəsində
bazarda ədalətli rəqabət mühitinin yaradılması;
operatorlar arasında qarşılıqlı əlaqələrin standartlaşdırılması;
lisenziyalaşdırma prosedurunun təkmilləşdirilməsi;
radiotezliklərin verilməsi qaydalarının təkmilləşdirilməsi;
sahə üzrə müstəqil tənzimləyici qurumun yaradılması;
"Son mil problemi"nin həllinin tənzimlənməsi;
nömrə resurslarının və yüksək səviyyəli domen adlarının tənzimlənməsi.
4.2. Modernləşmə
Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsinin inkişafını təmin etmək üçün texniki və texnoloji cəhətdən modernləşmə, habelə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması vacibdir.
Bunun üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
transmissiya şəbəkəsinin tam rəqəmləşdirilməsi;
kommutasiya şəbəkəsinin tam rəqəmləşdirilməsi;
milli rabitə şəbəkəsinin idarəetmə sisteminin təkmilləşdirilməsi;
milli informasiya fəzasının təhlükəsizliyinin beynəlxalq tələblərə uyğun idarəolunma sisteminin yaradılması;
telefon rabitəsinin inkişaf etdirilməsivə kəndlə şəhər arasındakı fərqlərin aradan qaldırılması;
Azərbaycanın tranzit imkanlarından səmərəli istifadə edilməsi;
TAE-nin mövcud imkanlarından səmərəli istifadə və onun inkişaf etdirilməsi;
milli Super Kompüter mərkəzinin yaradılması;
bütün ölkəni əhatə edən "AzDATAKOM" şəbəkəsinin yaradılması;
işğaldan azad olunmuş regionlarda rabitə şəbəkələrinin bərpası;
respublikanın bütün ərazisində universal xidmətlərin təşkili və geniş çeşidli telekommunikasiya xidmətlərinin göstərilməsinin təmin edilməsi;
sahə üzrə fəaliyyət göstərən müəssisələrdə İSO-9001 standartlarının tətbiqinin təmin edilməsi;
Azərbaycan Respublikasında istehsal və idxal olunan bütün növ telekommunikasiya və informasiya texnologiyaları sistemləri avadanlıqlarının beynəlxalq standartların tələblərinə uyğunluğunun müəyyənləşdirilməsi üçün milli sertifikatlaşdırma sisteminin elmi-texniki bazasının yaradılması;
radio-televiziya yayımının texniki cəhətdən modernləşdirilməsi;
poçt sisteminin texniki cəhətdən modernləşdirilməsi və göstərilən xidmətlərin genişləndirilməsi;
təhsil sahəsində yerli İT və kommunikasiya mütəxəssislərinin hazırlanması üçün yeni strateji proqramın işlənib hazırlanması;
internet şəbəkəsinin istifadə dairəsinin genişləndirilməsi;
dövlət idarəetmə orqanları arasında operativ rabitə şəbəkəsinin inkişafı;
dövlət idarəetmə orqanlarının informasiya mübadiləsi şəbəkəsinin yaradılması; dövlət idarəetmə orqanlarının İnternet şəbəkəsinin xidmətlərindən istifadəsinin təkmilləşdirilməsi;
hər hansı fəlakətdən xilasetmə üçün təcili qəza xidmətinin rabitə şəbəkəsinin yaradılması ("112" xidməti).
Naxçıvan Muxtar Respublikasının ərazisində olan rabitə və informasiya texnologiyalarının texniki modernləşdirilməsi:
abunə və danışıq haqlarının ödənişinin poçt şöbələrində komputer şəbəkəsi vasitəsilə yığımının təşkili;
sürətli İnternet kanalının təşkili;
Naxçıvan Muxtar Respublikasının rabitəsinin TAE fiber-optik kabel magistralı vasitəsilə təşkili;
Mövcud yayımın tecniki cəhətdən modernləşdirilməsi və genişləndirilməsi;
Naxçıvan Muxtar Respublikasının radio və TV proqramlarının peyk vasitəsilə təşkili;
Naxçıvan Muxtar Respublikasının şəhər və rayon mərkəzləri arasında fiber-optik kabellə rabitənin təşkili;
Naxçıvan Muxtar Respublikasının rabitə şəbəkəsinin idarəetmə sisteminin təşkili;
Naxçıvan Muxtar Respublikasının şəhərlərarası və beynəlxalq danışıqların emalı üçün müasir billinq sisteminin qurulması.
4.3. İnformasiya cəmiyyətinə keçidin təmin edilməsi üçün layihələr
Cəmiyyətin müasir tələblərə uyğun inkişafı, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və həffaflığının təmin edilməsi, milli informasiya resurslarının yaradılması, biliklərə əsaslanan iqtisadiyyatın inkişafı, bütün sahələrdə yeni texnologiyaların geniş tətbiqinə nail olunması, informasiya təhlükəsizliyi və azadlığının müdafiəsi, qlobal informasiya fəzasına inteqrasiyanın genişləndirilməsi ölkədə informasiya cəmiyyətinə keçidi təmin edəcək fəaliyyətin tərkib hissələridir.
Bununla əlaqədar olaraq aşağıdakı işlərin görülməsi nəzərdə tutulur:
"Elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramının layihəsinin hazırlanması;
informasiya texnologiyaları üzrə azad iqtisadi zonanın - İT Texnoparkın yaradılması;
milli informasiya təhlükəsizlik sisteminin yaradılması;
sahələr üzrə informasiya resurslarının, sistemlərinin, şəbəkələrinin yaradılması və inteqrasiyasının təmin edilməsi; təhsil sisteminin təkmilləşdirilməsində İKT-nin tətbiq edilməsi, bu yolla tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni texnologiyaları tətbiq və inkişaf etdirə biləcək kadrların hazırlanması, o cümlədən informasiya təhlükəsizliyi üzrə kadrların hazırlanması, məsafədən təhsilin inkişaf etdirilməsi, elektron dərsliklərdən istifadə olunması;
əhalinin yeni texnologiyalar sahəsində maarifləndirilməsi və onların informasiya resurslarına müraciət imkanlarını genişləndirmək üçün regional informasiya-təlim mərkəzlərinin və İnternetə çıxış məntəqələrinin yaradılması (yerli kitabxana, poçt şöbəsi, orta və ali məktəblər bazasında) və inkişaf etdirilməsi;
ictimai proqramların, lüğətlərin, ensiklopedik bankların və İnternet portalların yaradılması;
İKT sahəsinin statistik göstəricilər sisteminin hazırlanması;
ümummilli informasiya sistemləri üçün təsnifatların hazırlanması;
informasiya cəmiyyətinin inkişafı sahəsində elmi tədqiqatların aparılması və dövlət elmi-texniki informasiya sisteminin təkmilləşdirilməsi;
Azərbaycan dilini dəstəkləyən kompüter proqramlarının yaradılması;
Azərbaycan Respublikası Əhalisinin Dövlət Registrinin formalaşdırılması;
Azərbaycan Respublikası Əhalisinin Dövlət Registrinin bazasının çevik və düzgün toplanmasını təmin etmək məqsədi ilə Vətəndaşlıq Vəziyəti Aktlarının Dövlət Qeydiyyatı (VVADQ) şöbələrinin, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarının müvafiq bölmələrinin bütün regionları əhatə edən elektron şəbəkəyə qoşulması.
V. Maliyyə mənbələri
Dövlət Proqramının ölkənin ümumi inkişafında, onun iqtisadiyyatın və digər sahələrin güclənməsində strateji əhəmiyyətə malik olduğunu nəzərə alaraq aşağıdakı maliyyə mənbələrindən istifadə oluna bilər:
mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların vəsaitləri;
qeyri-dövlət fondlarının vəsaitləri;
beynəlxalq və xarici ölkə əşkilatlarının texniki-maliyyə yardımları, kreditlər, qrantlar, qanunvericiliklə qadağan olunmayan digər mənbələr.
VI. Gözlənilən nəticələr
Dövlət Proqramının həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:
əhalinin sosial təbəqələri və mərkəzlə regionlar arasında olan "rəqəmsal uçurum"un zəiflədilməsi;
potensial investorların ölkənin İKT bazarına cəlb edilməsi;
İKT sektorunda innovasiya yönümlü kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi;
elektron avadanlıqların proqram təminatlarının və digər elmi tutumlu məhsulların istehsalı və ixracı;
Azərbaycan Respublikasının informasiya-kommunikasiya texnologiyaları sahəsində cənubi Qafqaz və Transxəzər regionunda İKT məhsullarının ixracatı üzrə regional mərkəzə çevrilməsi;
rabitə və informasiya texnologiyaları sahəsində tənzimlənmə sisteminin təkmilləşməsi, bu sahədə normativ-hüquqi bazanın formalaşması;
xidmətlər bazarının genişlənməsi və liberallaşması, qiymətlərin azad və ədalətli rəqabət əsasında tənzimlənməsi, xidmətlərin keyfiyyətinin artması;
ölkə ərazisində əhalinin, dövlət idarəetmə orqanlarının, özəl qurumların müasir rabitə və informasiya texnologiyaları xidmətləri ilə təmin olunması;
ölkə iqtisadiyyatında rabitə və informasiya texnologiyaları sahəsi inkişaf etdirilərək ölkədə informasiya cəmiyyətinin formalaşmasına zəmin yaradılması və cəmiyyətin sosial-iqtisadi həyatının bütün sahələrinin inkişafının təmin edilməsi;
ölkənin bank-maliyyə xidmətləri bazarında poçt şəbəkəsinin rəqabətə davamlılığının təmin olunması;
bütün bölgələrdə İnternet şəbəkəsindən istifadə imkanlarının genişlənməsi;
əhalinin teleradio xidmətlərindən istifadə imkanlarının artırılması;
dövlət orqanlarının fəaliyyətinin səmərəliliyini artıran və əhaliyə, özəl qurumlara keyfiyyətli informasiya xidmətləri göstərən "Elektron hökumət"in formalaşması;
dövlət orqanlarında elektron sənəd mübadiləsinin təşkil edilməsi;
vətəndaşların dövlət informasiya resurslarına müraciət etmək üçün imkanların yaradılması;
dövlət idarəetməsində və yerli özünüidarəetmədə müasir texnologiyalardan geniş istifadənin təmin edilməsi;
kiçik və orta müəssisələrin imkanlarından istifaə etməklə informasiya texnologiyaları sahəsində yeni iş yerlərinin açılmasına xüsusi şəraitin yaradılması;
məhsul istehsalında və xidmətlərin göstərilməsində telekommunikasiya vasitələrindən istifadənin təsviq edilməsi;
poçt sahəsində yeni xidmətlərin əhalinin istifadəsinə verilməsi, poçt sisteminin fəaliyyətinin və göstərilən xidmətlərin keyfiyyətinin artırılması;
əhalinin informasiya texnologiyaları sahəsində bilik və məlumatlıq səviyyəsinin yüksəldilməsi;
kadr hazırlığının təmin edilməsi və insan inkişafı üçün yeni imkanların yaradılması.