Müasir İKT yenilikləri haqqında məruzələr dinlənildi Aprel 20, 2015 | 12:00 / Konfranslar, iclaslar

İnstitutun aprelin 17-də keçirilmiş elmi seminarında çıxış edən şöbə müdiri Şakir Mehdiyev müasir İKT yeniliklərini seminar iştirakçılarının nəzərinə çatdırdı. Dünyanın ən kiçik kompüterindən söz açan məruzəçi ABŞ-ın Miçiqan Universitetinin Hesablama texnikası kafedrasının hazırladığı “Michigan Micro Mote” adlı qurğu haqqında məlumat verdi. Qeyd etdi ki, bu kompüter fotoşəkil çəkə, temperaturu və təzyiqi ölçə, bu məlumatları öz yaddaşına yaza bilir. Şöbə müdirinin sözlərinə görə, istehsalçılar mikro-kompüterin tibb sahəsində tətbiq oluna biləcəyini söyləyiblər.

“Proctortrack” adlı yeni proqram təminatını diqqətə çatdıran Ş.Mehdiyev tələbələrin ABŞ-ın bəzi universitetlərində distant təhsil prosesində tətbiq olunan bu kimi proqramlara qarşı çıxdığını bildirdi. Belə ki, proqram tələbənin fəallığını, göz hərəkətlərini və üzündəki dəyişiklikləri diqqətlə izləyir, müəllim və təlimatçıları şübhəli fəallıq haqqında məlumatlandırır. “Proctortrack” tələbənin mühazirəni dinləyərkən və testləri təhvil verərkən “dürüst”lük səviyyəsini qiymətləndirir.

Şöbə müdiri müxtəlif reseptlər üzrə yemək hazırlamağı bacaran “aşbaz” robotdan söz açdı: “Smartfondan idarə olunan “Moley” robotlaşdırılmış iki qoldan ibarətdir. Peşəkar aşbaz qədər cəld işləyə bilən robot “iPhone”dan daxil olan əmrlərə tabe olur. Smartfon üçün hazırlanmış proqram robotu məsafədən idarə etməyə imkan verir”.

Məruzəçi, həmçinin “Intel” şirkətinin dünyada ən güclü superkompüter hazırlamağı planlaşdırdığını dilə gətirdi. Qeyd etdi ki, “Aurora” adlı superkompüterin məhsuldarlığının 180 petaflops olması nəzərdə tutulur.

Ş.Mehdiyev bir sıra digər qadjetlər və yeni layihələri diqqətə çatdırdı.

Sonra çıxış edən institutun şöbə müdiri Anar Səmidov internet əlçatmaz olduqda dünyanın istənilən yerində informasiyanı peykdən birbaşa əldə edə bilən cihaz - “Outernet Lantern” haqqında məlumat verdi. Bildirdi ki, cihaz radio prinsipi üzərində işləyir və yalnız “Outernet”in yayımladığı informasiyanı qəbul edərək ötürür.

“İsrail şirkətinin hazırladığı “Zuta Labs” mini-printeri noutbuk və ya smartfondan istənilən sənədi çap etməyə imkan verən ilk qurğudur”, - deyə bildirən məruzəçi standart ölçülü istənilən kağız üzərində müstəqil hərəkət edən robot-printerin Android, iOS, Linux, OSX, Windows əməliyyat sistemlərini dəstəklədiyini söylədi. Qeyd etdi ki, digər qurğularla “Bluetooth” vasitəsilə əlaqə quran cihazın hündürlüyü 10 sm, diametri 12 sm, çəkisi isə 300 qramdır.

Onun sözlərinə əsasən, ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun alimləri görmə qabiliyyəti zəif olan insanların çap materiallarını “oxumasına” kömək etmək məqsədilə “Finger Reader” adlı qurğu hazırlayıblar: “Bu, quraşdırılmış kiçik kamera və xüsusi proqram təminatı vasitəsilə çap mətnlərini oxuya və səsləndirə bilən üzüyəbənzər cihazdır. İstifadəçi mətnin üzərindən əlini çəkdikdə və yaxud sətrin sonuna çatdıqda qurğu onu xəbərdar edir. “Finger Reader”in üstünlüklərindən biri də onun mətni tərcümə etmə funksiyasının olmasıdır.

Sonda məruzələr ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı