Məkan və zamandan asılı olmayaraq ixtisaslı tibbi yardım teletibb sisteminin əsas vəzifəsidir Fevral 17, 2015 | 12:09 / Mühüm hadisələr

Bu sözləri AMEA İnformasiya Texnologiyaları İnstitutunda elektron tibb problemləri istiqamətində araşdırmalar aparan institutun şöbə müdiri, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova səsləndirib. O, öz tədqiqatlarında teletibbin yaranma tarixi, inkişafı, növləri, tətbiq sahələri, müxtəlif ölkələrdə teletibbin formalaşması və s. kimi məsələlərə toxunur.

Tədqiqatçı bildirib ki, dünyada ilk dəfə olaraq Kennet Berd “teletibb mərkəzi” terminini istifadə etmiş və tərifini vermişdir: “Teletibb - həkimlə pasiyentin adi fiziki əlaqəsi olmadan interaktiv audio-video kommunikasiya sistemlərinin köməyi ilə həyata keçirilən tibbi praktikadır”.

Araşdırma müəllifinin sözlərinə görə, 1974-cü ildə Tomas Berd pasiyentlərin məsafədən müayinəsi məqsədilə elektrorabitə texnologiyalarının istifadə olunması prosesini təsvir etmək üçün yenicə formalaşan “teletibb” terminini istifadə etmişdir. “Teletibb” sözü “uzaq” və “müalicə” mənalarını verən yunanca “tele” və “medicina” sözlərinin birləşməsindən yaranmışdır.

“Müasir dövrdə teletibb anlayışı səhiyyə sahəsində məsafədən elektron tibb və informasiya mübadiləsi xidmətlərinin göstərilməsi kimi başa düşülür”, - deyə bildirən alim zaman və məkandan asılı olmayaraq, insanların ixtisaslı tibbi yardım ala bilməsi hüquqlarının reallaşdırılmasının teletibb sisteminin əsas vəzifəsi olduğunu diqqətə çatdırıb.

O, qeyd edib ki, teletibb sistemlərinə professional, informasiya və tədris resursları, tibbi diaqnostik qurğular, verilənlər bazasına malik olan tibb təşkilatları, eləcə də sistem istifadəçiləri, rabitə kanalları və şəbəkə vasitələri, tibbi informasiyanı rabitə kanalları ilə ötürmək üçün onu rəqəmsal elektrik siqnallarına çevirən ölçü cihazları və digər çeviricilər daxildir.

Teletibb sistemlərinin tətbiq sahələrindən bəhs edən M.Məmmədova bu sistemlərin kliniki teletibb, fövqəladə hallar teletibbi, profilaktik teletibb, distant təhsil və ixtisasartırma, kənd yerlərində, uzaq  və gediş-gəliş çətin olan yerlərdə teletibb, yüksək riskli obyektlərin personalının monitorinqi, ölkədə epidemioloji vəziyyətin monitorinqi və nəzarəti, “fərdi” və “evdə” teletibb kimi sahələrdə tətbiq olunduğunu vurğulayıb.

Teletibb xidmətlərinin İnternet və verilənlərin naqilsiz ötürülməsi də daxil olmaqla, yayılmış xəstəliklər, tibb xidmətləri, profilaktik proqramlar haqqında pasiyentlərin məlumatlandırılması, tibbi personalın məsafədən öyrədilməsi, pasiyentin və müalicə edən həkimin diaqnoz qoyması üçün digər mütəxəssislərdən məsafədən məsləhət alması, videokonfranslar, diaqnostik təsvirlərin ötürülməsi, fiziki müayinənin nəticələri və pasiyent haqqında məlumatların yer aldığı video-kliplərdən istifadə və digər növlərinin mövcud olduğunu nəzərə çatdırıb.

Alim həmçinin dünya ölkələrində teletibbin inkişafından söz açaraq onun praktiki olaraq ilk dəfə Norveçdə tətbiq edildiyini, ikinci layihənin isə Fransada mülki və hərbi donanma dənizçiləri üçün həyata keçirildiyini bildirib.

Hazırda bütün Qərbi Avropa ölkələrində teletibb layihələrinin yerinə yetirildiyini söyləyən tədqiqatçı qeyd edib ki, “Teletibb seansları” xüsusi olaraq ABŞ-da inkişaf etmişdir.

Araşdırma müəllifi müasir dövrdə dünyada 250-dən çox teletibb layihəsinin mövcud olduğunu və xarakterinə görə kliniki, tədris, informasiya və analitik növlərə bölündüyünü diqqətə çatdırıb.

M.Məmmədovanın sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən tibbdə qlobal telekommunikasiya şəbəkəsi yaratmaq ideyasının reallaşdırılması istiqamətində işlər aparılır. Sözü gedən şəbəkə vasitəsilə elmi sənədlərin və informasiyanın elektron mübadiləsi, onların telekommunikasiya şəbəkəsinin əlyetərliyi hesabına cəld axtarışı, videokonfrans, qiyabi diskussiya və müşavirələrin keçirilməsi planlaşdırılır.

Alim həyata keçirilən layihələrin əksəriyyətinin çoxməqsədli olduğunu qeyd edərək bildirib ki, onlardan 48 faizi teletəhsil və teleöyrətmə ilə bağlıdır. Layihələrin 25 faizində yeni informasiya ötürmə kanalları idarə və administrasiyanın ehtiyacları üçün, 23 faizində teletibb kənd yerləri və uzaq məsafədə olan rayonların əhalisinə tibbi xidmət göstərilməsi üçün istifadə olunur.

İnkişaf etmiş ölkələrdə tibbi biliklərin yayılması və kadr hazırlığı üçün nəzərdə tutulmuş “Satellife” və ÜST tərəfindən təklif olunmuş qlobal elmi telekommunikasiya, beynəlxalq elmi ekspertiza və proqramların koordinasiyasına istiqamətlənmiş “Planet Heres” sistemləri haqqında məlumat verən müəllif Avropa İttifaqında artıq bir neçə ildir teletibbin müxtəlif aspektlərinin məqsədyönlü inkişafına yönəlmiş 70-dən çox beynəlxalq layihənin maliyələşdirildiyini və koordinasiya olunduğunu söyləyib.

MDB ölkələrində mövcud teletibb layihələrindən söz açan tədqiqatçı Rusiyanın Səhiyyə və Sosial İnkişaf Nazirliyi nəzdində Tibbi İnformasiya-analitik Mərkəzin yaradıldığını və teletibb texnologiyalarının səhiyyənin idarə olunması sisteminə tətbiqi və əhalinin sağlamlığı üzrə Koordinasiya Şurasının fəaliyyət göstərdiyini dilə gətirib: “Hazırda Rusiyada 110-dan çox teletibb mərkəzi fəaliyyət göstərir ki, bu mərkəzlər tərəfindən hər il teleməsləhət, telemühazirə, telekonfrans və master-klaslar keçirilir”.

O, həmçinin Belorusiya, Ukrayna, Özbəkistan və Moldovada səhiyyə nazirliklərinin nəzdində teletibbin inkişafı üçün müvafiq strukturların yaradıldığını və Moldova, Qazaxıstan, Rusiya və Özbəkistanda müvafiq milli proqramlar çərçivəsində teletibb layihələrinin həyata keçirilməsinə kifayət qədər diqqət ayrıldığını bildirib.

Araşdırma müəllifinin sözlərinə görə, MDB Regional Koordinasiya Şurasının qərarına əsasən, “Teletibb və elektron səhiyyə” dövlətlərarası layihəsi çərçivəsində MDB ölkələrinin teletibb üzrə regional işçi qrupu fəaliyyət göstərir. Bu qrup tərəfindən “Uyğun milli teletibb məsləhət-diaqnostik sistemlərinin yaradılması sahəsində MDB-nin iştirakçısı olan dövlətlərin əməkdaşlığı haqqında” memorandum işlənilmiş və 2008-ci ildə Kişinyovda Azərbaycan da daxil olmaqla, MDB ölkələrinin səlahiyyətli nümayəndələrinin görüşündə imzalanmışdır.

Sonda M.Məmmədova ölkəmizdə teletibblə bağlı qəbul edilmiş qərarlardan söz açaraq “Uyğun milli teletibb sistemlərinin yaradılması, onların gələcək inkişafı və istifadəsində MDB-nin iştirakçısı olan dövlətlərin əməkdaşlığı haqqında” 11 aprel 2014-cü il tarixli sazişin təsdiqi və həmin saziş üzrə səlahiyyətli orqanların müəyyən edilməsi barədə AR Prezidentinin Fərmanının imzalandığını vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı