AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənildi Dekabr 26, 2014 | 06:00 / Konfranslar, iclaslar

Bu gün AMEA Radiasiya Problemləri İnstitutunda AMEA Fizika-Riyaziyyat  və Texnika Elmləri Bölməsi institutlarının 2014-cü ili əhatə edən hesabat iclası keçirildi. AMEA-nın vitse-prezidenti, bölmənin akademik-katibi, akademik Akif Hacıyev tədbiri giriş sözü ilə açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verdi. İclasın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə daxil olan  6 institutun cari ildəki fəaliyyətinə həsr olunduğunu bildirdi.  

Öncə AMEA Fizika İnstitutunun illik hesabatını institutun direktoru,  AMEA-nın müxbir üzvü,  fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov təqdim etdi. Bildirdi ki, hesabat ilində institut əməkdaşları tərəfindən 3 istiqamətdə 8 mövzu üzrə 40 elmi-tədqiqat işi aparılmışdır. 393 elmi iş, o cümlədən xaricdə 184, yüksək impakt faktorlu jurnallarda 152 məqalə,  ölkə mətbuatında 128 məqalə və 5 monoqrafiya çap olunmuşdur.

AMEA İdarəetmə Sistemləri İnstitutunun illik hesabatı ilə çıxış edən institutun direktoru, akademik Telman Əliyev bildirdi ki, rəhbərlik etdiyi qurumda elmi-tədqiqat işləri 2 problem - informasiya-telekommunikasiya sistemlərinin nəzəri və tətbiqi problemləri və riyazi modelləşdirmə, idarəetmə və avtomatlaşdırmanın nəzəri və tətbiqi problemləri üzrə aparılmışdır. İnstitutun nəşriyyat fəaliyyətindən bəhs edən alim il ərzində 12 monoqrafiya, 3 kitab və  3 dərslik olmaqla 343 elmi əsərin, 190 məqalənin çap olunduğunu qeyd etdi. 

İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi elmi müəssisənin 2014-cü il ərzində müxtəlif istiqamətlər üzrə əldə etdiyi nailiyyətləri diqqətə çatdırdı. “İnstitutun əsas vəzifələrindən biri ölkəmizdə gedən informasiya cəmiyyəti proseslərinə elmi dəstək verməkdir” - deyə bildirən alim informasiya texnologiyaları və informasiya cəmiyyətinin elmi-nəzəri əsaslarının araşdırılması və effektiv metodların təklif olunması istiqamətində aparılan araşdırmalardan söz açdı. Bildirdi ki, il ərzində institut əməkdaşları tərəfindən Data Mining və Big Data texnologiyaları, informasiya təhlükəsizliyi,  bulud (cloud) texnologiyaları, Azərbaycan və virtual məkan, elektron dövlət quruculuğu problemləri, elektron tibb və elektron elm problemləri, biometrik texnologiyalar və digər prioritet istiqamətlər üzrə elmi-tədqiqat işləri aparılmış, əldə olunan nəticələr dünyanın nüfuzlu, impakt faktorlu jurnallarında çap olunmuşdur.

Sonra alim elmi-innovasiya fəaliyyəti çərçivəsində institutun cari ildə iştirak etdiyi Dövlət Proqramları, AR Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyələşdirilən layihələr, dünyanın nüfuzlu jurnalları üçün elmi ekspertiza fəaliyyəti və s. barədə məlumat verdi. O, Tədris - İnnovasiya  Mərkəzi, AzScienceNet  elm  kompüter  şəbəkəsi, www.ikt.az saytı, o cümlədən ən müasir texnologiyalarla təchiz edilmiş Elektron Kitabxana Mərkəzinin fəaliyyətinə dair məlumatları da diqqətə çatdırdı.

Beynəlxalq  elmi  əməkdaşlıq  çərçivəsində görülən işlərdən söz açan R.Əliquliyev institutun dünyanın 39 ölkəsi və 261 təşkilatı ilə əməkdaşlıq əlaqələri qurduğunu bildirdi. Qeyd etdi ki, il ərzində xarici təşkilatlarla birgə müxtəlif səpkili tədbirlər, seminarlar keçirilmişdir.

Məruzəçinin sözlərinə görə, 2014-cü il ərzində institut əməkdaşları konfrans və simpoziumlarda 127 məruzə ilə çıxış etmiş, müxtəlif elmi jurnallarda 99 məqalə çap etdirmişlər. Bundan əlavə, institutda 3 kitab və 7 ekspress-informasiya nəşr olunmuşdur.

R.Əliquliyev, həmçinin cari ildə institutda həyata keçirilən elmi-təşkilati işlər və tədbirlər, elmin populyarlaşdırılması üzrə fəaliyyət, institutun  maddi-texniki bazası və əldə olunan mühüm  elmi  nəticələrlə bağlı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırdı.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun illik hesabatını təqdim edən institutun direktoru, professor Misir Mərdanov institutda elmi-tədqiqat işlərinin əsasən, 8 problemi əhatə edən 16 mövzu üzrə 125 elmi-tədqiqat işi aparıldığını qeyd etdi. Hesabat ilində institut əməkdaşlarının 403 elmi işi, o cümlədən xaricdə 110, impakt faktorlu jurnallarda 57 məqaləsi dərc edilmişdir. İl ərzində institutda 4 monoqrafiya və 5 dərs vəsaiti çap olunmuşdur.

AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov institutun illik hesabatını təqdim edərək bildirdi ki, 2014-cü ildə 5 problem, 13 mövzu üzrə 29 iş yerinə yetirilmişdir.

AMEA Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) illik hesabatını təqdim edən ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev 2 problem üzrə 8 mövzuda 23 elmi-tədqiqat işinin aparıldığını qeyd etdi. Onun sözlərinə görə, il ərzində xaricdə 13, ümumilikdə 49 məqalə dərc olunmuşdur.

Çıxış edən elmi müəssisə rəhbərləri, həmçinin cari ildə əldə edilən mühüm elmi nəticələr, təşkil olunmuş ümumrespublika və beynəlxalq səviyyəli tədbirlər, AR Dövlət Neft Şirkətinin Elm Fondu və AR Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən müsabiqələrdə qalib gəlmiş qrant layihələrdən söz açdılar. 2014-cü ildə həyata keçirilmiş elmi-təşkilati, elmi-pedaqoji fəaliyyət, nüfuzlu elmi təşkilatlarla əməkdaşlıq əlaqələri, rəsmi saytların fəaliyyəti və digər məsələlərə dair ətraflı məlumat verdilər.

Müzakirələrdən sonra bölmə institutlarının hesabatları qəbul olundu. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı