332
“Çoxdəyişənli xətti reqressiya modeli əsasında oxunabilirlik düsturlarının qurulması” mövzusunda məruzə dinlənilib İyun 24, 2024 | 10:23 / Konfranslar, iclaslar

Mətnlərin mürəkkəblik dərəcəsini qiymətləndirmək üçün bugünədək yüzlərlə oxunabilirlik düsturu işlənib hazırlanmışdır. Oxunabilirlik düsturlarının mütləq əksəriyyətində 1-2 parametrdən istifadə olunur. Hər parametr mətnin oxunabilirliyini (mürəkkəbliyini) bir yöndən qiymətləndirir. Buna görə də eyni bir mətn üçün hətta etibarlı hesab edilən müxtəlif oxunabilirlik düsturları fərqli nəticələr verə bilir.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında institutun dissertantı, texnika üzrə fəlsəfə doktoru İsmayıl Sadıqov Çoxdəyişənli xətti reqressiya (Multiple linear regression) modeli əsasında oxunabilirlik düsturlarının qurulması” mövzusunda çıxışı zamanı məlumat verib.

İ.Sadıqov qeyd edib ki, “Oxunabilirlik düsturları bumu” ötən əsrin ortalarında başlamış və 1980-ci illərədək davam etmişdir. Bu düsturların tətbiqi alqoritmlərindən də aydın olur ki, onlar “əllə” hesablama üçün nəzərdə tutulub. Lakin müasir dövrdə fərdi kompüterlərdən geniş istifadə edildiyindən və mətnlərin analizi üçün zəruri proqram təminatının yaradılması problem olmadığından çoxparametrli oxunabilirlik düsturlarının yaradılması mümkündür.

Onun sözlərinə görə, yaradılacaq çoxparametrli oxunabilirlik düsturlarında mətnlərin mürəkkəbliyinə təsir edən faktorların daxil edilməsinə, eləcə də düsturlara daxil edilən parametrlərin əmsallarının müəyyən edilməsinə diqqət göstərmək lazımdır.

Sonra məruzəçi problemin həll metodikasından söz açıb. Bildirib ki, bu məqsədlə ən geniş istifadə olunan oxunabilirlik düsturlarını seçərək həmin düsturların hər birində istifadə olunan parametrləri qeyd etmək, hər bir parametrin istifadə tezliyini müəyyənləşdirmək və istifadə tezliyi daha yüksək olan bir neçə parametr əsasında reqressiya tənliyi qurmaq lazımdır. Həmçinin, reqressiya tənliyindən alınan qiymətlərin şkalaya düşməsi üçün parametrlərin əmsallarını müəyyənləşdirmək tələb olunur.

Sonra oxunabilirlik düsturlarının əksəriyyətinin əsasında xətti reqressiya modelinin dayandığını söyləyən İ.Sadıqov istifadə olunan parametrlər, onların istifadə tezliyi, qiymətləndirmə şkalasının, eləcə də parametrlərin əmsallarının müəyyənləşdirilməsi haqqında məlumat verib. Həmçinin 10 ən populyar oxunabilirlik düsturunu təqdim edib, onların arasında Fleş'in oxuma asanlığı düsturu, Fleş-Kinkeyd'in təhsil səviyyəsi düsturu, Deyl-Çell'in və Speş'in oxunabilirlik düsturlarını xüsusilə vurğulayıb.

O, terminoloji oxunabilirlik düsturundan da bəhs edərək Azərbaycan dili üçün orta cümlə və söz uzunluğuna, eləcə də terminlərin miqdarına əsaslanan üçfaktorlu oxunabilirlik düsturunun işlənib hazırlanmasının vacibliyini qeyd edib. Diqqətə çatdırıb ki, Azərbaycan Dilinin Milli Korpusuna əsaslanaraq terminoloji oxunabilirlik düsturu vasitəsilə verilmiş mətnin hansı sahə mütəxəssisləri üçün daha oxunabilir olması müəyyənləşdirilməlidir.

Mövzu ətrafında geniş müzakirələr aparılıb, tədqiqatçı seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək məruzənin olduqca aktual məsələyə həsr olunduğunu, təqdim olunan mövzunun yeni elmi istiqamətlərin formalaşdırılması baxımından böyük önəm daşıdığını vurğulayıb.

Akademik Rasim Əliquliyev məruzəyə dair təklif və tövsiyələrini səsləndirərək qeyd edib ki, oxunabilirliyə mane olan morfoloji, sintaktik, semantik, terminoloji və semiotik problemlərin daha dərindən araşdırılması vacib məsələlərdəndir. Alim həmçinin mətnləri oxunabilirlik səviyyəsinə görə qruplaşdırmağın məqsədəuyğun olduğunu nəzərə çatdırıb.  

Akademik R.Əliquliyev çoxdəyişənli xətti reqressiya modeli əsasında oxunabilirlik düsturlarının qurulmasına dair tədqiqatların genişləndirilməsi və əldə olunan nəticələrin nüfuzlu beynəlxalq jurnallarda dərc olunmasının zəruriliyini önə çəkib. Həmçinin NLP (Natural language processing, Təbii dilin emalı) sahəsində tədqiqatların aparılmasının, yüksəkixtisaslı kadrların yetişdirilməsinin  zəruriliyindən danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı