498
“Coğrafi informasiya sistemləri” ilə bağlı araşdırmalar aparılıb İyun 14, 2024 | 02:46 / Konfranslar, iclaslar

Coğrafi informasiya sistemləri (CİS) - verilənlərin toplanması, saxlanması və emalına xidmət edən informasiya sistemlərinin bir növüdür. CİS-də coğrafi obyektlər haqqında geniş məlumatlar toplanılır.Sistemin köməyilə müəyyən bir ərazi haqqında dolğun məlumat almaq, eləcə də  müxtəlif xəritələri müqayisə etmək mümkündür.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Məlikhəsən Vəliyev “Coğrafi informasiya sistemləri” (CİS) haqqında elmi seminarda məlumat verib.

Bu terminin elmə ilk dəfə 1960-cı ildə ingilis coğrafiyaçısı Roger Tomlinson tərəfindən gətirildiyini söyləyən məruzəçi CİS-in komponentlərinə aparat, proqram təminatı, verilənlər, istifadəçilər və prosesin aid olduğunu qeyd edib. Bildirib ki, bu komponentlər özləri də müxtəlif hissələrə bölünür.

Sonra M.Vəliyev Qlobal Mövqe Təyinetmə Sistemi (GPS — Global Positioning System) haqqında bəhs edib. Nəzərə çatdırıb ki, 1980-ci ildə ABŞ-ın Müdafiə Nazirliyi tərəfindən mövqe təyinetmə və vaxt ölçmə üçün yaradılan NAVSTAR-GPS geniş tətbiq olunan naviqasiya sistemidir. GPS xüsusi qəbuledicinin köməyilə dünyanın istənilən nöqtəsində koordinatların, eləcə də Yer səthində və fəzada müxtəlif obyektlərin hərəkət sürətinin avtomatik təyin olunmasına imkan verir.

O, NAVSTAR-GPS-in rəsmi olaraq 1995-ci ildən istifadə olunduğunu nəzərə çatdırıb. Bildirib ki, bu sistemin işləmə prinsipi daim mövqeyini dəyişən peyklərə əsaslanır.

M. Vəliyev GPS qəbuledicinin növlərinə fərdi, avtomobil, dəniz və aviasiya GPS-qəbuledicilərinin aid olduğunu söyləyib: “GPS qəbuledicilərini fərqləndirən əsas cəhətlər onların ölçülərinin kiçikliyi, xidməti funksiyalarının genişliyidir. Avtomobil GPS-qəbulediciləri istənilən yerüstü nəqliyyat vasitəsində quraşdırıla bilər. Dəniz GPS-qəbulediciləri ultrasəs exolotları ilə təchiz olunur. Bu qəbuledicilər əlavə olaraq kartoqrafıya və hidroqrafıya informasiyalı katriclərlə təchiz olunurlar. Aviasiya GPS qəbulediciləri aviasiyada uçuşun təmin olunması üçün nəzərdə tutulmuşdur.”

Daha sonra məruzəçi müxtəlif obyektləri müşahidə edən qurğu – RADAR (radio detection and ranging - məsafəni müəyyən edən və radioaşkarlayıcı) haqqında məlumat verib. Bildirib ki, hər hansı obyektin yerinin aşkarlanması, onun koordinatlarının və hərəkət göstəricilərinin ölçülməsi kimi funksiyaları yerinə yetirən qurğu 1936-1938-ci illərdə Böyük Britaniya, ABŞ və keçmiş SSRİ-də geniş istifadə olunmuşdur.

Sonda institutun icraçı direktoru, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov mövzuya dair çıxış edərək coğrafi informasiya sistemləri ilə bağlı aparılan araşdırmaların aktuallıq kəsb etdiyini qeyd edib, həmçinin bu istiqamətdə tədqiqatların davam etdirilməsinə dair təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı