541
Ölkənin intellektual potensialının formalaşdırılması problemləri tədqiq olunur İyun 07, 2024 | 02:00 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda Big Data analitikası və Data Mining problemləri üzrə tədqiqatlar aparan şöbənin “Ölkənin intellektual potensialının formalaşdırılması: problemlər və həllər” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirilib.

Məruzəni təqdim edən institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Rəna Qasımova intellektual insan kapitalının formlaşdırılması məsələləri barədə məlumat verib. Məruzəçi bildirib ki, hazırda iqtisadi inkişafın əsas mənbəyi əmək resurslarının keyfiyyətindən asılı olan intellektual potensialdır. Çünki innovasiya imkanlarını müəyyən edən insan kapitalıdır. Cəmiyyətin intellektual potensialını səciyyələndirən elementlər kimi təhsil və elmi potensial qlobal rəqabət qabiliyyəti və innovativ inkişaf göstəriciləri hesab olunur.

Hazırda bütün ölkələrdə insan (intellektual) kapitalı elmi-texniki tərəqqinin və iqtisadi inkişafın sürətini müəyyən edir. R.Qasımovanın sözlərinə görə, müasir dövrdə dünya bazarında rəqabətə davamlı məhsul istehsalı və davamlı iqtisadi artımın təmin olunması, əsasən insan kapitalı hesabına həyata keçirilir.

“Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin prioritetlərindən biri də ölkənin insan kapitalının daha da inkişaf etdirilməsi və intellektual potensialın gücləndirilməsidir”, - deyən məruzəçi bildirib ki, qeyd olunan istiqamətlər, o cümlədən Azərbaycan Respublikasının beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək elm və təhsil sahəsində prioritet məsələlərdən biridir.

Tədqiqatçı bu istiqamətdə qəbul edilmiş dövlət əhəmiyyətli sənədlərdən bəhs edib, son illər ölkədə ali təhsilə çıxış imkanlarının genişləndirildiyini, ali təhsil müəssisələrinin əmək bazarının tələblərinə uyğunlaşdırıldığını və idarəetmə modelinin təkmilləşdirildiyini, onların təhsil-tədqiqat-innovasiya mərkəzləri kimi cəmiyyətdə rolunun gücləndirilməsi istiqamətlərində işlərin görüldüyünü diqqətə çatdırıb. O, əlavə edib ki, bu gün mühüm sosial-iqtisadi problemlərin həll edilməsi yolunda müəyyən nailiyyətlər əldə etmiş Azərbaycan Respublikasının qarşısında duran başlıca vəzifələrdən biri əmək bazarının tələblərinə uyğun rəqabət qabiliyyətli kadrların hazırlanmasıdır.

R.Qasımova cəmiyyətin intellektual kapitalının formalaşması proseslərində intellektual potensialın elementlər üzrə qiymətləndirilməsi üçün ölçü sisteminin mövcud etibarlı sosioloji və statistik məlumatlar əsasında yaradıldığını, eyni zamanda beynəlxalq səviyyədə fərqli göstəricilərdən istifadə etməklə qiymətləndirmə metodologiyalarının mövcud olduğunu vurğulayıb.

O, əhalinin təhsil səviyyəsinə görə ölkələrin reytinqini təqdim edib, MDB-yə üzv olan ölkələr üzrə ali təhsil müəssisələrində əhalinin 10000 nəfərinə düşən tələbələrin sayı ilə bağlı qrafiki, həmçinin 2022/2023 tədris ilində MDB-yə üzv olan ölkələr üzrə təhsil müəssisələrinin və onlarda təhsil alanların sayı ilə bağlı statistik məlumatları diqqətə çatdırıb.

Məruzəçi Azərbaycanda son illər təhsil sahəsinə ayrılan vəsaitin ilbəil artdığını qeyd edərək, elm və təhsil sahəsində aparılan islahatların dərinləşdirildiyini, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin innovasiyalara, yeni texnologiyalara çıxış imkanlarının genişləndirilməsi məqsədilə böyük həcmli işlər görüldüyünü və nəticədə keyfiyyətli və rəqabətqabiliyyətli insan kapitalının formalaşdığını bildirib.

R.Qasımova çıxışında ölkəmizdə ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı, 2022/2023 tədris ilində təhsil müəssisələrinin tipləri üzrə təhsil alanların sayının əsas göstəriciləri, Azərbaycanda əhalinin təhsil səviyyəsi, məşğul əhalinin təhsil səviyyəsi və yaş qrupları üzrə bölgüsü, o cümlədən dövlət və qeyri-dövlət ali təhsil müəssisələrinə qəbul olan tələbələrin ixtisas qrupları və istiqamətlər üzrə bölgüsünü də təqdim edib.

Daha sonra məruzəçi ölkəmizdə bu istiqamətdə mövcud problemlərin aradan qaldırılması istiqamətində təkliflərini səsləndirib. Bazarın tələblərinə çevik uyğunlaşa bilən iqtisadi subyektlərə və yeniləşən idarəetmə sisteminə mükəmməl bilən peşəkar kadrlara ehtiyac duyulduğunu deyən R.Qasımova  bazar iqtisadiyyatının mahiyyəti, əsasları ilə bağlı məsələləri nəzərə alaraq elm, biznes, əmək bazarı və təhsil xidmətləri ilə qarşılıqlı əlaqəni və dinamikliyi gücləndirməyin zəruriliyindən danışıb. O, eyni zamanda universitetlər tərəfindən kadr hazırlığında əmək bazarının tələblərinin qiymətləndirilməsinin, təhsil sistemini əmək bazarının dəyişən şəraitinə yaxınlaşdırılmasının önəmini vurğulayıb.

“İqtisadiyyatın sosial-iqtisadi inkişafının ən mühüm şərti insan kapitalının intellektual komponentinin hərtərəfli inkişafıdır”, - deyən R.Qasımova bu istiqamətdə sistemli tədqiqatların hələ lazımınca aparılmadığını da diqqətə çatdırıb. Qeyd edib ki, intellektual potensialın qiymətləndirilməsində bu potensialın ölçülməsinin əsas indikatorlarının tədqiq edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, onlarda tətbiq olan modellərin Azərbaycan şəraitində istifadə olunması böyük əhəmiyyət kəsb edir.

Sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Sonda məruzəyə dair çıxış edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova ölkənin intellektual potensialının formalaşması üzrə problemlərin aktuallığını qeyd edib, mövzu ilə bağlı tədqiqatların gələcək istiqamətlərinə dair tövsiyələr verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı