760
İnstitutun icraçı direktoru Rəşid Ələkbərov “Project Experience Day 2024” tədbirinin açılış mərasimində çıxış edib Aprel 29, 2024 | 02:44 / Müsahibələr, çıxışlar

İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov Layihələrin İdarə Edilməsi üzrə Azərbaycan Assosiasiyasının (AzPMA) təşkilatçılığı və “Proes” şirkətinin baş tərəfdaşlığı ilə “Four Seasons Hotel Baku”da peşəkar layihə menecerlərini bir araya toplayan “Project Experience Day 2024” tədbirinin açılış mərasimində çıxış edib.

R.Ələkbərov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycanın layihə menecerlərinin ən böyük toplantısı olan “Project Experience Day 2024” tədbirinin önəmini vurğulayıb. Müasir dünyada idarəetmə sahəsində uğurlu nəticələrin əldə edilməsində, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün layihə menecmentinin həlledici rola malik olduğunu bildirib.

O, qeyd edib ki, dünyada sürətli texnoloji və iqtisadi inkişafla əlaqədar layihələrin idarə edilməsi sahəsi də yeni çağırışlar və problemlərlə üzləşir. Artmaqda olan qlobal iqtisadi qeyri-müəyyənlik, geosiyası böhranlar, yeni rəqəmsal texnologiyalar layihə idarəetməsi mühitini dəyişməyə vadar edir. Bu mötəbər tədbir də məhz dünyada baş verən yeni siyasi, iqtisadi, texnoloji tendensiyalar, çağırışlar fonunda layihələrin idarə edilməsi sahəsində yeni yanaşmalara, strategiyalara, trendlərə həsr olunmaqla mühüm elmi və praktiki əhəmiyyət kəsb edir.

“Layihələrin uğurla idarə edilməsinin bariz nümunələrini ölkəmizin işğaldan azad edilmiş ərazilərində həyata keçirilən quruculuq işlərində, böyük infrastruktur layihələrində əyani şəkildə görürük”, – deyə R.Ələkbərov söyləyib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” Qarabağ və Şərqi Zəngəzura qayıdışla bağlı qarşıya qoyulan bütün işlərin qısa zamanda və effektiv şəkildə həyata keçirilməsini nəzərdə tutan unikal layihələr toplusudur.

Onun sözlərinə görə, bu gün Qarabağ və Şərqi Zəngəzurda smart texnologiyaların tətbiqi ilə reallaşdırılan layihələr – hava limanları, “ağıllı” yaşayış məntəqələri, avtomobil və dəmir yolları, körpülər, tunellər, su anbarları, elektrik enerjisi stansiyaları, içməli su xətləri və sosial-iqtisadi infrastrukturların yaradılması dünyanın diqqətini cəlb edir. Həyata keçirilən həmin məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

R.Ələkbərov Azərbaycanda layihələrin idarə olunması sahəsində elmi-nəzəri və praktiki biliklərin yayılmasında və inkişafında, bu sahədə müasir dünyanın çağırışlarına uyğun peşəkar, rəqabətədavamlı milli kadrların yetişdirilməsində professor İqbal Babayevin, onun təsisçisi və rəhbəri olduğu AzPMA-nın mühüm xidmətlərindən söz açıb. Qeyd edib ki, Professor İqbal Babayevin bu mövzuda hazırladığı dərs vəsaitləri ali məktəblərdə uğurla tədris olunur, onun rəhbərlik etdiyi qurumun təşkil etdiyi müvafiq təlimlərin iştirakçısı olan gənc mütəxəssislər burada əldə etdikləri bilikləri müxtəlif fəaliyyət sahələrində uğurla tətbiq edirlər, ölkəmizin nüfuzlu şirkətlərində çalışırlar.

“Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Həmçinin bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 Bakıda keçiriləcək. Bütün bunlarla əlaqədar olaraq, ölkəmizdə yaşıl texnologiyaların tətbiqi, yaşıl iqtisadiyyatın inkişaf etdirilməsi ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu layihələrin yerinə yetirilməsi isə, öz növbəsində, yaşıl idarəetmə təfəkkürünün inkişafını, yaşıl idarəetmə texnologiyalarının mənimsənilməsini zəruri edir. Bu baxımdan, AzPMA-nın da yaşıl texnologiyalar əsasında yaradılan layihələrin idarə edilməsi üzrə mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirməsi son dərəcə vacibdir”, – deyə məruzəçi bildirib.

O, eyni zamanda, elmi layihələrin idarə edilməsi ilə bağlı mütəxəssislərin hazırlanmasının da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Elm sahəsində çalışanların bu sahədə tez-tez problemlərlə üzləşdiklərini diqqətə çatdıraraq, effektli elmi qrant layihələrinin hazırlanması, müsabiqələrdə qalib olması və uğurla həyata keçirilməsi üçün müvafiq sahə üzrə səriştəli layihə menecerlərinin yetişdirilməsinin vacibliyini qeyd edib.

Rəşid Ələkbərov çıxışının sonunda konfransın yüksək səviyyədə təşkilinə görə professor İqbal Babayevə və onun rəhbərlik etdiyi Layihələrin İdarə Edilməsi üzrə Azərbaycan Assosiasiyasının kollektivinə minnətdarlığını bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və bu kimi məzmunlu toplantıların davamlı keçirilməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı