586
“Ağıllı” şəhər mühitində fog computing texnologiyasının tətbiqi perspektivləri və problemləri araşdırılır Aprel 18, 2024 | 02:51 / Konfranslar, iclaslar

Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatlarına əsasən, 1950-ci ildə 746 milyon insan şəhərlərdə yaşayırdısa, 2018-ci ilə qədər bu rəqəm 4,22 milyarda çatıb. 2050-ci ilə qədər 6,68 milyard insanın şəhərlərdə məskunlaşacağı proqnoz edilir. Şəhərlərin sürətlə böyüməsi ictimai təhlükəsizlik, nəqliyyatın idarə olunması, tullantıların atılması, səs-küy, həmçinin hava, su çirklənməsi və s. kimi bir çox problemləri daha da ağırlaşdırır. Mütəxəssislərin fikrincə, urbanizasiyanın qarşısını almaq mümkün deyil. Belə vəziyyətdə isə həyat tərzini yaxşılaşdırmaq üçün yeganə çıxış yolu “ağıllı” şəhərlər hesab olunur.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov institutun növbəti onlayn elmi seminarında “Ağıllı” şəhər mühitində fog computing texnologiyasının tətbiqi perspektivləri və problemləri” mövzusunda məruzəni təqdim edərkən məlumat verib.

“Ağıllı” şəhər konsepsiyası haqqında bəhs edən məruzəçi bildirib ki, onların yaradılmasında məqsəd vətəndaşların həyat keyfiyyətini yaxşılaşdırmaq və şəhər xidmətlərinin effektivlik səviyyəsini artırmaqdır. Onun sözlərinə görə, “ağıllı” şəhərin komponentlərinə “ağıllı” infrastruktur, “ağıllı” mobillik, “ağıllı” enerji, “ağıllı” mühit, “ağıllı” iqtisadiyyat və s. aiddir.

M.Həşimov qeyd edib ki, “ağıllı” şəhər proqramları bir-birinə qoşulmuş və internet üzərindən məlumat mübadiləsi aparan “ağıllı” sensorlara əsaslanır. Sensorlar havanın keyfiyyəti, nəqliyyat axını, enerji sərfiyyatı və s. kimi müxtəlif parametrlər üzrə real vaxt rejimində məlumatların monitorinqi və toplanması üçün bütün şəhərə yerləşdirilir. IoT cihazları isə bu sensorlar və mərkəzi idarəetmə sistemləri arasında əlaqə yaratmağa imkan verir.

Sonra tədqiqatçı bulud texnologiyaları haqqında məlumat verərək bulud hesablamanın mərkəzləşdirilmiş hesablama modeli olduğundan hesablamaların əksəriyyətinin bulud serverlərdə yerinə yetirildiyini qeyd edib. Bu isə bütün məlumat və sorğuların mərkəzləşdirilmiş buluda ötürülməsi deməkdir. Böyük həcmdə məlumatların bulud və məlumat mənbələri arasında ötürülməsi isə çoxlu vaxt və sərmayə tələb edir.

Hazırda məlumatların sensorlardan toplanması və ilkin emalı üçün sərhəd hesablama sistemlərindən geniş istifadə olunduğunu söyləyən məruzəçi  bu səbəbdən də bulud hesablama texnologiyalarından əlavə, duman hesablama adlanan yeni hesablama paradiqmasının da təklif edildiyini nəzərə çatdırıb: “Duman hesablama – məlumatların emalını və tətbiqlərin icrasını buludda deyil, şəbəkənin sərhədində, hesablama qovşaqlarında yerinə yetirən hesablama modelidir. Bu texnologiya “ağıllı” şəhərlərdə nəqliyyatın intellektual idarəetmə sistemləri, ictimai nəqliyyatın idarə edilməsi, “ağıllı parkinq”, “ağıllı” kommunal xidmətlər və s. sahələrdə tətbiq olunur.

M.Həşimov duman hesablama sahəsindəki mövcud problemlərdən söz açıb. Bildirib ki, kompleks infrastruktur, resursların idarə edilməsi, müxtəlif səviyyələr arasında rabitə enerji istehlakı, təhlükəsizlik, miqyaslanma və s. bu problemlərə daxildir.

Sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb. İnstitutun icraçı direktoru, şöbənin rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov mövzu ilə bağlı təklif və tövsiyələrini səsləndirib. “Ağıllı” şəhər mühitində fog computing texnologiyasının tətbiqi perspektivləri və problemlərinin müasir dövrdə böyük aktuallıq kəsb etdiyini, bu istiqamətində aparılan araşdırmaların dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı