261
Rəqəmsal transformasiyalar şəraitində yaşıl innovativ ekosistemin formalaşması xüsusiyyətləri ilə bağlı tədqiqatlar aparılır Aprel 18, 2024 | 02:35 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal transformasiya, innovasiya və iqtisadiyyatın formalaşması problemləri üzrə elmi tədqiqatlar aparan şöbənin növbəti elmi seminarı keçirilib.

Əvvəlcə institutun şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev ölkədə rəqəmsal transformasiyalar şəraitində yaşıl yönümlü yeni nəsil rəqəmsal texnologiyaların tətbiqi nəticəsində innovativ texnoloji inkişafın dayanıqlılığının yüksəldilməsində ekosistemlərin formalaşdırılmasının aktuallığını nəzərə çatdırıb.

O, yaşıl rəqəmsal texnologiyaların tətbiqinin həm ölkə daxilində, həm də Azərbaycan ilə digər ölkələrin iqlim dəyişmələrinə qarşı qlobal mübarizəsində beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkədə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini qeyd edib. Ölkədə “yaşil iqtisadi artim”a nail olmaq istiqamətində qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verildiyini bildirib.

Sonra Ə.Əliyev akademik Rasim Əliquliyevin ölkə Prezidenti Cənab İlham Əliyevin texnoloji inkişafla bağlı tövsiyələrinə müvafiq olaraq ölkənin texnoloji inkişaf fəaliyyətinin rəqəmsal və yaşıl transformasiyalar şəraitində yüksəldilməsi problemləri kimi aktual mövzulara və müxtəlif perspektiv rəqəmsal problemlərə həsr olunmuş müsahibəsinin əsas məqamlarını diqqətə çatdırıb. (Akademik Rasim Əliquliyev: “Dövlətimizin texnoloji inkişaf siyasətinin əsasında rəqəmsal transformasiyalar və yaşıl transformasiyaların vəhdəti dayanır. 04.04.2024)

Sonra isə institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Roza Şahverdiyeva “Rəqəmsal transformasiyalar şəraitində yaşıl innovativ ekosistem və onun formalaşması xüsusiyyətləri” mövzusuna dair çıxış edib. O, müvafiq istiqamətdə qəbul edilmiş beynəlxalq sənədlər haqqında ətraflı məlumat verib. Bildirib ki, BMT-nin 2030 – Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan “Sənaye, innovasiya və infrastruktur”un, Sənaye 4.0 platforması elementlərinin tətbiqi iqtisadi inkişafın əsas istiqamətlərindəndir. Rəqəmsal platformaların və ekosistemlərin dövlət tənzimlənməsi konsepsiyası, Avropa İttifaqında ekosistemlərin və platformaların tənzimlənməsi üçün qəbul olunmuş Rəqəmsal Bazarlar Aktı da xüsusi aktuallıq kəsb edir. Bu sənəd rəqəmsal sahədə rəqabətli və ədalətli bazarı təmin etmək üçün ən böyük platformaları tənzimləmək məqsədi daşıyır.

Məruzəçi “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” AR Prezidentinin Fərmanı, “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” AR Prezidentinin Fərmanı, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiya”, “Milli İqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” kimi rəsmi sənədlərin, xüsusilə də Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin mövzunun aktuallaşmasında mühüm rol oynadığını nəzərə çatdırıb. Qeyd edib ki, müvafiq sənədlərdə ətraf mühit problemlərinin həllində İKT amillinə xüsusi diqqət yetirilmişdir. Belə ki, ətraf mühitin yaşıllaşdırılması, ekoloji balansın bərpası, yaşıl texnologiyaların işlənilməsi və tətbiqi üçün İKT sektorunun inkişaf etdirilməsi son dərəcə vacibdir.

Onun sözlərinə görə, təmiz ətraf mühitə, ekoloji balansa, yaşıl iqtisadi artıma nail olunması, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, dayanıqlı və alternativ enerji mənbələrindən, təbii və material resurslarından səmərəli istifadənin təmin edilməsi, yaşıl cəmiyyətin və yaşıl iqtisadiyyatın formalaşdırılması üçün, həm də rəqabətli insan kapitalı yetişdirmək, milli iqtisadiyyatda innovasiyaların sürətlə mənimsənilməsi üçün zəruri ekosistemi formalaşdırmaq, ölkənin yaşıl enerji məkanına çevrilməsi proseslərini sürətləndirmək və s. 2030-cu ilədək ölkənin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərə daxildir.

R.Şahverdiyeva müvafiq istiqamətdə müəyyən olunmuş hədəflərə nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edən innovasiyaların dəstəklənməsi və stimullaşdırılması, iqtisadiyyatın müxtəlif sahələrində innovasiyaların tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.

Tədqiqatçı bildirib ki, rəqəmsal transformasiya təşkilat tərəfindən əsas texnoloji proseslərin və idarəetmə sisteminin optimallaşdırılması ilə müşayiət olunan rəqəmsal texnologiyaların tətbiqi prosesidir. Bu, istehsalın, xidmətin, biznesin və s. inkişafını sürətləndirir. Rəqəmsal transformasiyalar müəssisənin struktur fəaliyyətinin kompleks optimallaşdırılmasında, onun innovativ məhsul istehsalında əhəmiyyətli rola malikdir.

Ekosistem haqqında məlumat verən məruzəçi qeyd edib ki, bu, bir-biri və ətraf mühit ilə sıx qarşılıqlı əlaqədə olan strukturların və fərdlərin əmələ gətirdikləri davamlı, özünütənzimləyən sistemdir. Ekosistem müəssisənin fəaliyyətinin səmərəliliyinin artırılması üçün mühit və ya platformadır. Müəssisə innovasiya ekosistemi maraqlı əlaqəli subyektlər birliyi kimi innovasiyaların yaradılması, tətbiqi və yayılması kimi əsas proseslərdən istifadə etməklə effektli fəaliyyətini innovativ formada həyata keçirir. Müəssisə ekosisteminin strukturu mürəkkəb və bir-biri ilə müxtəlif formada qarşılıqlı əlaqədə olan elementlərin geniş spektrini əhatə edir.

“Rəqəmsal iqtisadiyyat ekosistemi informasiya texnologiyaları əsasında idarəetmənin keyfiyyətcə yeni üsul və mexanizmlərini, vahid rəqəmsal mühitini təmin edən, bir-biri ilə əlaqəli və qarşılıqlı təsir göstərən ekoloji elementlər sistemindən ibarətdir. Rəqəmsal iqtisadiyyat ekosistemi müəssisə və təşkilatların texnoloji platformalarının, İnternet xidmətlərinin tətbiqi, analitik sistemlərin, dövlət orqanlarının, təşkilatların və vətəndaşların informasiya sistemlərinin daimi qarşılıqlı əlaqəsini təmin edən tərəfdaşlığı həyata keçirir”, – deyə bildirən R.Şahverdiyeva dünyanın aparıcı ölkələrində ekosistemlərin inkişafı ilə bağlı məlumatı da diqqətə çatdırıb.

O, həmçinin rəqəmsal iqtisadiyyat ekosisteminin struktur elementləri, əsas altsistemləri, rəqəmsallaşma şəraitində innovasiya ekosistemlərinin formalaşmasına təsir edən faktorlar, müəssisənin yaşıl innovasiya ekosisteminin formalaşdırılması aspektlərindən danışıb, müəssisənin yaşıl innovasiya ekosisteminin strukturunu təqdim edib.

Sonra çıxış edən şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev rəqəmsal transformasiyalar şəraitində yaşıl innovativ ekosistemin formalaşması xüsusiyyətləri ilə bağlı tədqiqatların böyük aktuallıq kəsb etdiyini vurğulayıb, müvafiq istiqamətdə aparılan araşdırmaların daha da dərinləşdirilməsi və əldə olunmuş nəticələrə dair məqalələrin nüfuzlu jurnallarda nəşri ilə bağlı təklif və tövsiyələrini səsləndirib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı