İnformasiya Texnologiyaları İnstitutunun 2024-cü il üzrə fəaliyyət prioritetləri müzakirə olunub Yanvar 30, 2024 | 04:16 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının 2024-cü il üzrə ilk iclası keçirilib. Tədbiri AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev açaraq iclasda AR Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş 28 avqust 2023-cü il tarixli “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”, “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” AR Prezidentinin Sərəncamı və digər mühüm konseptual sənədlərdən irəli gələn vəzifələr, institutun fəaliyyətinin yeni tələblər əsasında qurulması, struktur bölmələrinin və alimlərin fəaliyyətinin cari il üçün prioritetlərinin müəyyənləşdirilməsi və digər məsələlər ətrafında müzakirələrin aparılacağını bildirib.

AMEA-nın vitse-prezidenti AR Prezidentinin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələr haqqında məlumat verib. Alim 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını ölkəmiz üçün əlamətdar hadisə kimi qiymətləndirib. Akademik rəhbərlik etdiyi institutda uzun illərdir ki, yaşıl ideyanın, yaşıl texnologiyaların tədqiq olunduğunu, yaşıl iqtisadiyyat, ekologiya, superkompüterlərin elektrik təchizatı kimi problemlərə böyük diqqət ayrıldığını bildirib. O, institutun alimlərinə bu istiqamətdə yeni təşəbbüslər irəli sürməyi tövsiyə edib. Akademik Rasim Əliquliyev institutun həmtəşkilatçılığı ilə “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar” mövzusunda beynəlxalq, eləcə də “Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri” mövzusunda respublika konfransının keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Alim İnformasiya Texnologiyaları İnstitutunun artıq yeni şəraitdə, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərdiyini, bu elmi müəssisənin qarşısına elm və təhsilin inteqrasiyasının dərinləşdirilməsi, əldə olunmuş qabaqcıl biliklərin paylanması, təhsilə ötürülməsi, yüksəkixtisaslı kadrların hazırlanması və s. kimi ciddi vəzifələrin qoyulduğunu söyləyib.

AMEA-nın vitse-prezidenti Azərbaycan Texniki Universiteti ilə İnformasiya Texnologiyaları İnstitutu arasında imzalanmış elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumundan irəli gələn vəzifələr haqqında da məlumat verib. Bildirib ki, əsas məqsəd iki qurum arasında əməkdaşlığı yeni mexanizmlər əsasında qurmaq, inkişaf etdirmək, kadr və təcrübə mübadiləsi aparmaq, o cümlədən birgə layihələrdə iştirak etməklə elmin inkişafına və maliyyələşdirilməsinə dəstək verməkdir. Sənəddə müvafiq istiqamətdə birgə elmi tədqiqatların aparılması, Azərbaycan Texniki Universitetində təhsil alan magistrlərə və fəlsəfə doktorlarına institutun mütəxəssisləri tərəfindən elmi rəhbərlik edilməsi, institutun maddi-texniki bazasından müasir dövrün tələblərinə cavab verən intellektual insan resurslarının yetişdirilməsində istifadə olunması və s. nəzərdə tutulmuşdur.

İnstitutda qlobal dünyanın çağırışlarına və dövlətin maraqlarına adekvat tədqiqatların aparılmasının vacibliyini vurğulayan akademik Rasim Əliquliyev əldə olunmuş elmi nəticələrin praktikada tətbiqi, elm və təhsilin inteqrasiyasının sürətləndirilməsi, əməkdaşların elmi fəaliyyətinin səmərəliliyinin artırılması, institutun doktorant və dissertantlarının attestasiyasının keçirilməsi və kadr hazırlığı məsələlərinə də toxunub.

Elmi şuranın iclasında, həmçinin beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, xüsusən də “Süni intellekt və Big Data analitikası üzrə beynəlxalq tədqiqat şəbəkəsi”nin təsis olunması ilə bağlı müzakirələr aparılıb. Struktur bölmələrinin 2024-cü il üzrə fəaliyyət planlarının müzakirəsinin təşkili, institutun elmi seminarının fəaliyyətinin gücləndirilməsi və digər məsələlərə dair fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı