619
İnstitutda kibertəhlükəsizlik mədəniyyəti problemləri tədqiq olunur Dekabr 25, 2023 | 10:00 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında Tədris-İnnovasiya Mərkəzinin (TİM) 2023-cü il üzrə hesabatı müzakirə olunub. Hesabatı təqdim edən Mərkəzin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova hesabat dövründə elmi-tədqiqat fəaliyyəti çərçivəsində görülmüş işlərdən bəhs edib.

O, müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri üzrə “IV sənaye inqilabı platformasında informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi problemləri” mövzusunda tədqiqatların aparıldığını qeyd edib. Məruzəçi bu istiqamətdə “ağıllı” sosio-texnoloji infrastrukturlar və kibertəhlükəsizlik mədəniyyəti problemləri, bu sahədə beynəlxalq təşəbbüslər və  Sənaye 4.0 texnologiyalarının gətirdiyi təhlükələr və onların aradan qaldırılması üsulları ilə bağlı araşdırmaların nəticələrinin nüfuzlu jurnallarda çap olunduğunu diqqətə çatdırıb.

R.Mahmudova rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqaməti üzrə Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri çərçivəsində yerinə yetirilən “Jest informatikası: istiqamətləri, hədəfləri, texnologiyaları” mövzusunda dissertasiya işi ilə bağlı görülən işləri diqqətə çatdırıb. Məruzəçi mövzu üzrə jestlərlə idarə olunan texnologiyaların fəaliyyət sxemi və parametrlərinin müqayisəli analizinin aparıldığını, milli jest dilinin verilənlər bazasının yaradılması üçün alqoritmin işlənilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

O həmçinin qeyd olunan istiqamətdə “Elektron dövlət mühitində Azərbaycan dili ekosisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda araşdırmaların aparıldığını bildirib.

TİM-in rəhbəri rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə “İntellektual oyun texnologiyalarının İnformatika fənninin tədrisinə inteqrasiyasının analizi” mövzusunda yerinə yetirilən dissertasiya işinin tamamlandığını nəzərə çatdırıb. Eyni zamanda Azərbaycan Respublikasında “Elmi kadrlar” informasiya sisteminin yaradılması və intellektual analizi üçün metodların işlənməsi” və “Azərbaycanda Big Data yönümlü müxtəlif xarakterli və təyinatlı informasiya resurslarının təhlili, onların kommersiyalaşdırılması potensialının tədqiqi və qiymətləndirilməsi” mövzuları üzrə aparılan tədqiqatlar haqqında məlumat verib.

Daha sonra məruzəçi hesabat dövrü ərzində respublika səviyyəli, eləcə də nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda məqalələrin nəşri ilə bağlı görülən işləri qeyd edib.

R.Mahmudova həmçinin cari ildə hazırlanmış müxtəlif təyinatlı kitabça və kitabların haqqında məlumat verərək institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru İsmayıl Sadıqovun həmmüəllifliyi ilə “Proqramlaşdırma yarışlarına hazırlıq” adlı vəsaitin işıq üzü gördüyünü bildirib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək Tədris-İnnovasiya Mərkəzinin fəaliyyəti ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Akademik R.Əliquliyev əməkdaşların elmi fəaliyyətinin daha da gücləndirilməsinə dair tapşırıqlar verib.

Alim müasir dövrün çağırışlarına cavab verən, cəmiyyətin təhlükəsizlik kompenentinin tərkib hissəsi olan kibertəhlükəsizlik mədəniyyəti problemləri ilə bağlı tədqiqatların böyük əhəmiyyət kəsb edən məsələlərdən olduğunu qeyd edib. Akademik Rasim Əliquliyev dördüncü sənaye inqilabı texnologiyalarını idarə edə bilən mütəxəssislərin yetişdirilməsi üçün institusional tədbirlərin görülməsinin vacibliyindən danışıb. Alim Mərkəzdə bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi, cəmiyyətə kibertəhlükəsizlik mədəniyyətini aşılamaq və mövcud vəziyyəti qiymətləndirmək üçün yeni kontentlərin tətbiqi məqsədilə əsaslı tədqiqatların aparılmasının, tədbirlərin həyata keçirilməsinin önəmini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı