İnstitutda klasterləşmənin elmi-nəzəri əsaslarının inkişaf etdirilməsi üçün yeni model və alqoritmlər işlənilir Dekabr 27, 2023 | 04:22 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının onlayn iclasında şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev rəhbərlik etdiyi struktur bölmənin 2023-cü il üzrə hesabatını təqdim edib.

Alim cari ildə şöbədə Big Data analitikası və Data Mining problemləri üzrə “Böyük biliklərin analitikasının elmi-nəzəri əsaslarının araşdırılması” və “Klasterləşmənin elmi-nəzəri əsaslarının inkişaf etdirilməsi üçün yeni model və alqoritmlərin işlənməsi” istiqamətlərində tədqiqatların aparıldığını diqqətə çatdırıb.

Şöbə müdiri IV Sənaye İnqilabı platformasında kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə “Neft-qaz sənayesinin idarəetmə sistemlərinin kompleks kiber-fiziki təhlükəsiziliyi məsələləri” mövzusunda yerinə yetirilmiş işləri təqdim edib. Bildirib ki, bu istiqamətdə aparılan tədqiqatların elmi-nəzəri nəticələrini əks etdirən ümumilikdə 16 məqalə, 3 tezis hazırlanmış,  bunlardan 10 məqalə və 3 tezis artıq nüfuzlu bazalarda yer alan beynəlxalq jurnallarda dərc olunmuşdur.

E-elmin formalaşması və elmmetriya problemləri üzrə icra olunan elmi-tədqiqat işlərindən bəhs edən R.Alıquliyev bu istiqamətdə “Elmi təyinatlı kontentlərin avtomatik ekspertizası və qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusu üzrə icra olunan işləri diqqətə çatdırıb. R.Alıquliyevin sözlərinə görə, mövzu üzrə saxta jurnalların identifikasiya metodları analiz olunmuşdur. Şöbə müdiri əlavə edib ki, saxta jurnalların avtomatik identifikasiyası üçün alqoritmin işlənilməsi və elmi əsərlərin istinadlar şəbəkəsi əsasında qiymətləndirilməsi ilə bağlı tədqiqatlar isə davam etməkdədir.

O, qeyd olunan problem üzrə həmçinin “Elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda tədqiqatların aparıldığını, elmi müəssisələrin fəaliyyətinin çoxmeyarlı qiymətləndirilməsi üçün metodun işlənildiyini deyib.

Məruzəçi hesabat ilində şöbədə “Böyük həcmli məlumatlarda anomaliyaların aşkarlanması üçün alqoritmlərin işlənməsi”, “Virtual mühitdə tələbələrin fərdi xüsusiyyətlərini nəzərə alaraq tədris resurslarından istifadənin qiymətləndirilməsinin intelektual metod və alqoritmlərinin yaradılması”, “Böyük məlumatların analizi üçün dərin təlim modelləri və metodlarının işlənməsi”, “Elektron ticarətdə fırıldaqçılığın aşkarlanması üçün metod və alqoritmlərin işlənməsi”, “İoT sistemlərdə bəzi növ kiber hücumların aşkarlanması üçün dərin təlim üsullarının işlənməsi”, “Pilotsuz uçan aparatların hərəkətinin idarə olunması”, eləcə də “İyerarxiyaya əsaslanan klasterləşdirmə alqoritmlərinin böyük verilənlərə tətbiqinin araşdırılması” mövzuları üzrə də tədqiqatların aparıldığını bildirib. R.Alıquliyev alının elmi nəticələrin beynəlxalq və respublika səviyyəli jurnallarda işıq üzü gördüyünü, o cümlədən elmi konfranslarda məruzə edildiyini vurğulayıb.

“Hesabat ili ərzində şöbə əməkdaşlarının “Web of Science” və “Scopus” kimi elmi bazalara da daxil olan tanınmış elmi jurnallarda 14 məqaləsi çap olunmuşdur”, – deyə şöbə rəhbəri bildirib. O, aparılan tədqiqatların elmi-nəzəri nəticələrini əks etdirən 7 tezisin respublika və beynəlxalq səviyyəli konfranslarda müzakirə edildiyini nəzərə çatdırıb.

Beynəlxalq elmi əməkdaşlıq istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən R.Alıquliyev Avstraliya Federasiya Universiteti, Melburn Kral Texnologiya İnstitutu, Böyük Britaniyanın Derbi Universiteti və Türkiyənin Ankara Universiteti ilə əməkdaşlıq əlaqələrinin davam etdirildiyini bildirib. Qeyd edib ki, bu elmi qurumların alimləri ilə birgə elmi araşdırmalar aparılır, əməkdaşlığın nəticəsi olaraq məqalələr hazırlanır.

Alim şöbənin elmmetrik göstəricilərini diqqətə çatdıraraq, əməkdaşların əsərlərinə cari ildə 485, son 5 ildə 3758, ümumilikdə isə 6565 istinadın qeydə alındığını söyləyib.

Həmçinin qeyd edib ki, son 4 ildə İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin adları ABŞ-ın Stenford Universiteti tərəfindən hazırlanmış, süni intellekt üzrə dünyanın ən nüfuzlu alimlərinin reytinq siyahısına daxil edilmişdir.

Şöbə müdiri struktur bölmənin elmi-innovasiya, elmi-pedaqoji, elmi-ekspertiza və elmi-təşkilati fəaliyyəti, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. barədə də məlumat verib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev şöbənin elmi fəaliyyəti ilə bağlı fikirlərini səsləndirib. Alim şöbənin gənc tədqiqatçılarının aktual problemlər üzrə apardıqları elmi tədqiqatların daha da dərinləşdirilməsinin zəruriliyini vurğulayıb.

Elmi şuranın qərarı ilə şöbənin illik hesabatı qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı