886
Qlobal rəqəmsal transformasiya kontekstində milli yeni nəsil iqtisadiyyatın formalaşması problemləri və həlli mexanizmləri tədqiq olunur Dekabr 14, 2023 | 03:27 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 2023-cü ildə institutda informasiya cəmiyyətinin rəqəmsal tranformasiyalar, iqtisadiyyat və innovasiyaların formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində aparılan tədqiqatların nəticələri müzakirə olunub.  

Hesabatı təqdim edən şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev qeyd edib ki,müvafiq istiqamətdə rəqəmsal transformasiyalar, rəqəmsal iqtisadiyyat və innovasiyaların formalaşması problemləri üzrə tədqiqatlar aparılıb. “Rəqəmsal iqtisadiyyatın formalaşması və onun intellektuallaşdırılmasının  konseptual və nəzəri əsaslarının inkişaf etdirilməsi” mövzusu üzrə rəqəmsal iqtisadiyyatın formalaşması və onun intellektuallaşdırılmasının əsas konseptual   istiqamətləri, qlobal rəqəmsal transformasiya kontekstində milli iqtisadiyyatın kiberdayanıqlılığının yüksəldilməsi  problemlərinin və həlli mexanizmlərinin tədqiqi, eləcə də elektron kommersiya sistemlərinin araşdırılması və onların Sənaye 4.0 platformasında təkmilləşdirilməsi modellərinin işlənilməsi və s. ilə bağlı yeni konsepsiya və modellər təklif olunub, analitik icmal və tövsiyələr hazırlanıb. Bundan əlavə, kriptovalyuta və blokçeyn texnologiyalarının iqtisadi inkişafa təsir məsələləri araşdırılıb, rəqəmsal transformasiyaların təminində terminoloji uyğunsuzluqların təhlili və müvafiq terminlər bazasının formalaşdırılması məsələləri işlənilib.

Məruzəçi cari ildə “Rəqəmsal transformasiyalar və sirkulyar iqtisadiyyatın formalaşması şəraitində cəmiyyətin, iqtisadiyyatın və təbiətin qarşılıqlı effektiv inkişafı  problemlərinin tədqiqi və  həlli mexanizmlərinin işlənilməsi” mövzusu üzrə yaşıl rəqəmsal transformasiyalar və sirkulyar iqtisadiyyata keçidin zəruriliyi, formalaşma xüsusiyyətlərinin tədqiq edildiyini, yaşıl rəqəmsal sirkulyar iqtisadiyyatın  formalaşması üzrə xarici təcrübənin təhlil edildiyini, İKT avadanlıqlarının təkrar emalı bazarının xüsusiyyətləri, onun formalaşma prinsipləri və modellərinin işlənildiyini, eləcə də cəmiyyətin yaşıl transformasiyası və COP28 konfransının gündəliyində əsas diqqət yetirilən iqlim dəyişikliyi problemlərinin həllində İKT-nin tətbiqinin konseptual əsaslarının tədqiq edildiyini qeyd edib.

Sonra Ə.Əliyev yeni  rəqəmsal texnoloji iqtisadiyyat sektorlarının formalaşması problemlərinin araşdırılması və inkişaf səviyyəsinin qiymətləndirilməsi modellərinin işlənilməsi ilə bağlı yerinə yetirilmiş elmi-tədqiqat işlərindən bəhs edib. O, süni intellekt əsasında texnoloji iqtisadiyyat sektorlarının və iqtisadi qərar qəbuletmə sistemlərinin formalaşdırılması istiqamətləri və həlli mexanizmlərinin işlənilməsi, Big Data əsaslı texnoloji iqtisadiyyat sektorlarının formalaşması problemlərinin təhlili və inkişaf səviyyəsinin yüksəldilməsi istiqamətləri, Azərbaycanın İnternet mühitində kommersiya xarakterli informasiya mübadiləsinin təhlili, informasiya istehsalçısı və istehlakçısının qarşılıqlı münasibətlərinin ümumi iqtisadi inkişafa təsiri və s. ilə bağlı tədqiqatların aparıldığını da diqqətə çatdırıb.

Şöbə rəhbəri “Müəssisələrin fəaliyyətinin Sənaye 4.0 platformasında rəqəmsal innovasiyalaşdırılması problemlərinin tədqiqi və onların səmərəliliyinin yüksəldilməsi perspektivləri” mövzusu üzrə aparılan araşdırmalar haqqında da məlumat verib. Mövzu üzrə müəssisələrin Sənaye 4.0 platformasında transferinin iqtisadi səmərəliliyə təsiri və onun qiymətləndirilməsi göstəricilərinin işlənildiyini, müəssisələrin innovasiya fəaliyyətinin informasiya təminatı infrastrukturunun səmərəli formalaşması problemlərinin və həlli mexanizmlərinin, o cümlədən sənaye müəssisələrində dayanıqlı “ağıllı” istehsal sistemlərinin əsas xüsusiyyətləri və perspektiv inkişaf istiqamətlərinin tədqiq edildiyini qeyd edib.

Ə.Əliyev hesabat dövründə yüksək beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına (WoS, Scopus) daxil olan jurnallarda 5, respublika və digər ölkələrin Ali Attestasiya Komissiyalarının siyahısına daxil olan jurnallarda 7, digər yüksək səviyyəli beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda 3 məqalənin nəşr olunduğunu qeyd edib. Şöbə müdiri respublika və beynəlxalq səviyyəli jurnallarda məqalə formatında 12 konfrans materialının dərc olunduğunu, eyni zamanda “İnnovasiya fəaliyyətinin təşkili problemləri və həlli mexanizmləri” adlı monoqrafiyanın institutun Elmi Şurasının qərarı əsasında nəşr olunduğunu söyləyib.

Daha sonra məruzəçi rəhbərlik etdiyi şöbənin elmi-innovasiya, elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmmetrik göstəriciləri, eləcə də beynəlxalq elmi-texniki əməkdaşlıq üzrə fəaliyyəti haqqında ətraflı məlumat verib.

Çıxış ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Hesabata dair çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev süni intellekt və rəqəmsal texnologiyalar kontekstində İKT avadanlıqlarının iqtisadi səmərəliliyi perspektivlərinə dair tədqiqatların aparılmasının əhəmiyyətini qeyd edib. Alim, həmçinin süni intellekt texnologiyalarının iqtisadi proseslərdə tətbiqi problemlərinə dair aparılan araşdırmaların dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Yekunda şöbənin illik hesabatı müsbət qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı