PUA şəbəkə infrastrukturunu hədəf alan xidmətdən imtina kiberhücumlarının aşkarlanması metodu işlənilir Noyabr 04, 2023 | 11:55 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda “PUA şəbəkə infrastrukturunu hədəf alan xidmətdən imtina kiberhücumlarının aşkarlanması metodunun işlənməsi” mövzusunun müzakirəsinə həsr olunmuş elmi seminar keçirilib.

Məruzəni təqdim edən institutun doktorantı Orxan Vəlixanlı xidmətdən imtina (Denial of Service, DoS) və paylanmış xidmətdən imtina hücumları (Distributed Denial of Service, DDoS) haqqında məlumat verib. Bildirib ki, xidmətdən imtina istifadəçilərin istənilən xidmətdən yararlanmasına mane olmaq üçün tətbiq edilən hücum növüdür. Paylanmış xidmətdən imtina hücumundan isə çox vaxt daha effektiv nəticə əldə etmək üçün istifadə olunur.

Tədqiqatçı xidmətdən imtina hücumlarının əsas məqsədinin qarşı tərəfin (kompüterin, serverin, pilotsuz uçuş aparatının (PUA) və s.) resurslarının (əməli yaddaş, prosessor, şəbəkə resursları və s.) qəsdən tükədilməsi olduğunu bildirib, xidmətdən imtina və paylanmış xidmətdən imtina hücumlarının növlərindən bəhs edib.

O.Vəlixanlı bildirib ki, tədqiqat işində PUA-ları hədəf alan xidmətdən imtina kiberhücumlarının aşkarlanması üçün yanaşma təklif edilib, bu məqsədlə “5G-NIDD” yeni verilənlər bazasından istifadə olunub. Verilənlər bazasında olan siniflər tarazlaşdırılıb, ən vacib xüsusiyyətlərin seçilməsi üçün müxtəlif yanaşmalar tətbiq edilib. Müxtəlif növ maşın təlimi metodlarından istifadə etməklə xidmətdən imtina kiberhücumları aşkarlanıb, nəticələr müqayisə olunub.

Məruzəçi tədqiqat işində istifadə olunmuş metrikalar, aparılmış təcrübələr və əldə olunmuş nəticələr haqqında məlumat verib, mövcud yanaşmalarla təklif edilən yanaşmanı müqayisəli təhlil edib.

Sonra təqdim olunan mövzuya dair ətraflı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, pilotsuz uçuş aparatlarının şəbəkə infrastrukturunu hədəf alan kiberhücumların aşkarlanması istiqamətində əsaslı elmi tədqiqatların aparılması və əldə edilmiş elmi-nəzəri nəticələrin nüfuzlu jurnallarda nəşr olunmasına dair təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı