AMEA-nın müxbir üzvü Məsumə Məmmədova “Səhiyyədə süni intellekt” mövzusuna həsr edilmiş 9-cu Türk Tibb Dünyası Konqresində iştirak edib Oktyabr 31, 2023 | 04:06 / Konfranslar, iclaslar

AR Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Məsumə Məmmədova və Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının həkimi Mehriban Hüseynova 19-22 oktyabr tarixlərində İstanbul şəhərində Türkiyə Respublikası Prezidentinin himayəçiliyi ilə Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi çərçivəsində keçirilən 9-cu Türk Tibb Dünyası Konqresində iştirak ediblər.

Türkiyənin Səhiyyə Nazirliyi və Tibb İnstitutları Baş İdarəsi (Türkiye Sağlık Enstitüleri Başkanlığı, TÜSEB) tərəfindən təşkil olunmuş və ilk dəfə olaraq “Səhiyyədə süni intellekt” mövzusuna həsr edilmiş konqresdə türk dövlətləri ilə yanaşı, müxtəlif qitələri təmsil edən 21 ölkədən rəsmi nümayəndə heyətləri, səhiyyə sahəsində tanınmış alimlər və tibb ictimaiyyəti, müasir informasiya texnologiyalarının tibdə tətbiqi sahəsində araşdırmalar aparan alim və tədqiqatçılar bir araya toplaşıblar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan konqresə göndərdiyi videomüraciətində Türk Dövlətləri Təşkilatında əməkdaşlığa böyük önəm verdiyini vurğulayaraq, 9-cu Türk Tibb Dünyası Konqresinin mövzusunun aktuallığını qeyd edib. Süni intellekt texnologiyalarının tətbiqinin getdikcə genişləndiyini vurğulayan ölkə başçısı bildirib ki, 2030-cu ilə qədər süni intellektin qlobal iqtisadiyyata töhfəsinin əhəmiyyətli dərəcədə artacağı və 1,5 trilyon dollarlıq bazara çatacağı proqnozlaşdırılır. O, səhiyyədə süni intellektin tətbiqinə həsr olunmuş təqdimatların və müzakirələrin tədbir iştirakçılarının və geniş mənada cəmiyyətin dünyagörüşünün zənginləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Səhiyyə naziri Fəxrəddin Qoca öz çıxışında müasir dövrdə sürətlə rəqəmsallaşan səhiyyə sahəsində baş verən texnoloji transformasiyaların yeni imkanlar yaratmasının, innovativ metodoloji və texnoloji vasitələrin və həllərin meydana gəlməsinin, onların süni intellektin inkişafına təkan verməsi və insan fəaliyyətinin bütün sahələrinə nüfuz etməsinin mövzunun aktuallığını şərtləndirən amillərdən olduğunu bildirib. O, tədbirin təşkilində əsas məqsədin süni intellektin səhiyyədə tətbiqi sahəsində dünyanın aparıcı elmi mərkəzlərində çalışan türk alim və mütəxəssislərin tədqiqatları ilə yaxından tanış olmaq, onlarla Türkiyə və digər ölkələrdə səhiyyə sahəsində elmi araşdırmalar aparan türk alim və tədqiqatçılar arasında elmi əlaqələrin qurulması olduğunu vurğulayıb. Nazir konqresin süni intellektin səhiyyədə tətbiqi sahəsində aparılan tədqiqatlar və onların nəticələri ilə tanışlıq, təcrübə mübadiləsi, geniş müzakirələrin aparılması və əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsinə, tibb elminin inkişafına, yeni ixtiralara və müalicə üsullarının kəşfinə imkan verəcəyinə inamını bildirib.

Konqres çərçivəsində ilk dəfə olaraq təşkil olunmuş “Doktorantura Konsorsiumu” adlı tədbirdə “Səhiyyədə süni intellekt” istiqamətində elmi araşdırmalar aparan gənc doktorant və postdoktorantlar bir araya gələrək öz tədqiqatları üzrə hazırladıqları posterləri iştirakçılara təqdim ediblər və onların çoxsaylı suallarını cavablandırıblar.

Sonra ABŞ və Avropanın nüfuzlu elmi mərkəzlərindən olan Stenford, Harvard, Cənubi Dakota, Alabama, Çikaqo, Virciniya, London və digər universitetlərdə çalışan türk əsilli alim və aparıcı mütəxəssislər süni intellektin səhiyyədə tətbiqinə dair geniş spektrli araşdırmaları ilə iştirakçıları tanış ediblər. Bu tədqiqatlar tibbi kontentlərinə müvafiq olaraq, konqresin “Tibbi təsvirlər və süni intellekt”, “Tibbi-diaqnostik sistemlər”, “Tibbi robotik və süni intellekt”, “Genomika və süni intellekt”, “Nevrologiya və süni intellekt”, “İmmunologiya və süni intellekt”, “Səhiyyədə təhsil və süni intellekt”, “Klinik qərarların qəbulunda süni intellekt”, “Dərman kəşfi və süni intellekt” seksiyaları üzrə təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı