Elektron demoqrafiya problemləri ilə bağlı qrant layihəsinin icra vəziyyəti müzakirə olundu Sentyabr 15, 2023 | 05:36 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda AR Elm və Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən “E-sosiotexnoloji mühitlərdə Big Data resurslarının menecmenti, e-demoqrafiyanın formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi” layihəsi çərçivəsində aparılan tədqiqatların hesabatına həsr olunmuş seminar keçirildi.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev iclası açaraq institutun əsas fəaliyyət istiqamətlərindən biri olan qrant layihələrinin əhəmiyyətindən danışdı. Baş direktor bildirdi ki, elmi fəaliyyətin səmərəliliyinin artırılması, institut əməkdaşlarının əməyinin stimullaşdırılması, eləcə də əldə edilən nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması baxımından ölkə və beynəlxalq səviyyəli qrant layihələrində fəal iştirak son dərəcə vacibdir: “Hər bir əməkdaş bu istiqamətdə fəaliyyətinə yenidən baxmalı, institutun potensialından səmərəli istifadə etməli, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə məsuliyyətlə yanaşmalıdır”.

Akademik Rasim Əliquliyev bildirdi ki, toplantının əsas məqsədi qrant layihəsi üzrə görülmüş işlərin monitorinqini aparmaq, elmi nəticələrlə tanış olmaq, onları qiymətləndirmək və yeni vəzifələri müəyyənləşdirməkdir.

Sonra institut əməkdaşları “E-sosiotexnoloji mühitlərdə Big Data resurslarının menecmenti, e-demoqrafiyanın formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi” layihəsi çərçivəsində əldə olunmuş nəticələrə dair hesabatlarını təqdim etdilər. Hər bir layihə icraçısı qarşısına qoyulan məsələ, çap olunmuş məqalə və tezislər, eləcə də gələcək tədqiqatlar barədə ətraflı məlumat verdi.

Hesabatlarla bağlı fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

Akademik Rasim Əliquliyev müasir dövrdə e-demoqrafiya məsələlərinin böyük aktuallıq kəsb etdiyini, onun müxtəlif aspektlərinə həsr olunmuş tədqiqatların dərinləşdirilməsinin, əldə olunan  nəticələrin nüfuzlu, yüksək istinad indeksli jurnallarda çap olunmasının vacibliyini qeyd etdi.

Alim layihə çərçivəsində multikultural elektron dövlət mühitində dil siyasətini təmin edən ekosistemin yaradılması, e-dövlət mühitində e-demoqrafiya sisteminin arxitekturunun işlənilməsi, cəmiyyətin informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi, e-dövlət mühitində dil texnologiyalarının işlənilməsi, bulud sistemləri əsasında Azərbaycan dili servislərinin təşkili və intellektual analizi, e-elm və e-təhsilin inteqrasiyası mühitində e-demoqrafiya problemlərinin tədqiqi və digər aktual problemlərlə bağlı tədqiqatların aparılmasının müvafiq sahədə elmin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə etdi, tədqiqatların davam etdirilməsinə dair təklif və tövsiyələrini səsləndirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı