“IoT infrastrukturunda kiberinsidentlərin intellektual analizi üçün metodların və alqoritmlərin işlənməsi” mövzusunda elmlər doktorluğu üzrə dissertasiya işi müzakirə olunub İyul 13, 2023 | 02:04 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin növbəti elmi seminarında 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim ediləcək dissertasiya işi müzakirə olunub.

İnstitutun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev “IoT infrastrukturunda kiberinsidentlərin intellektual analizi üçün metodların və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini təqdim edib. Bildirib ki, müasir dövrdə informasiya texnologiyaları həyatımızın bütün sahələrinə nüfuz etmiş, xüsusilə son dövrlərdə yeni reallıqlar kontekstində ənənəvi həllərin rəqəmsal versiyalarının tətbiq olunması zəruriyyəti yaranmışdır. Bunlara IoT texnologiyalarını və IV Sənaye İnqilabının gətirdiyi texnoloji yenilikləri də misal gətirmək olar. Hazırda süni intellekt texnologiyalarının tətbiqi nəticəsində bədniyyətli əməllərin rəqəmsal mühitdə daha da geniş vüsət almasının və populyarlaşmasının şahidi oluruq. Bu baxımdan kiberinsidentlərin aşkarlanması, qiymətləndirilməsi, intellektual analizi üçün metod və alqoritmlərin işlənilməsi aktual məsələlərdəndir.

İddiaçının sözlərinə görə, dissertasiya işinin məqsədi şəbəkə mühitində təhlükə yaradan təhdidlərin analizi, onların identifikasiyası, təhdidlərin səbəblərinin aşkarlanması, qiymətləndirilməsi, qərarların qəbul edilməsinə imkan verən intellektual analiz metod və alqoritmlərinin işlənməsidir.

“Kiber-fiziki sistemlər şəbəkəsində təhdidlərin elmi-nəzəri əsasları, yanaşmaları, texnologiyaları və metodlarının araşdırılması, perspektivlərin müəyyən olunması və problemlərin identifikasiyası, şəbəkə mühitində kibertəhdidlərin aşkarlanması üçün metodların, təhdidlərin səbəblərinin aşkarlanması və qiymətləndirilməsi metodlarının, intellektual metodların tətbiqi ilə şəbəkə infrastrukturunda bədniyyətli fəaliyyətin aşkarlanması və təsnif olunması metodlarının, eləcə də kibertəhdidlərin analizi prosesinin səmərəli idarə olunması, qərarların qəbul edilməsi üçün metod və alqoritmlərin işlənməsi dissertasiya işində qoyulmuş məsələlərdəndir”, – deyə tədqiqatçı bildirib.

Sonra dissertasiya işi üzrə elmi məsləhətçi – AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, müvafiq sahədə beynəlxalq standartlar, kiberinsidentlərin yaranma səbəbləri, qeydiyyatı, qiymətləndirilməsi, kateqoriyalaşdırılması və s. istiqamətlərdə araşdırmaların aparılmasının zəruriliyini vurğulayıb. Alim dissertasiya işi çərçivəsində aparılmış tədqiqatların elmi-nəzəri nəticələrinin nüfuzlu elmi jurnallarda nəşr olunması üçün yeni məqalələrin hazırlanmasına dair tövsiyələr verib.

Daha sonra dissertasiya işi ilə bağlı fikir mübadiləsi aparılıb. AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, institutun baş mühəndisi Şakir Mehdiyev, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov və digərləri aparılan müzakirələrdə iştirak edərək, kiberinsidentlərin aşkarlanması, qiymətləndirilməsi və s. ilə bağlı çoxsaylı problemlərin mövcud olduğunu və bu problemlərin araşdırılmasının aktuallıq kəsb edən məsələlərdən olduğunu bildirib, dissertasiya işinə dair təklif və tövsiyələrini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı